Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6175/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 1 300 000 (bir milyon üç yüz min) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər (nümayəndəsi və vəkili Vəkil2) həmin qərardaddan birgə şikayət verərək ləğv edilməsi və ya apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində şikayətin təmin edilməsini xahiş edərək qeyd edir ki, o, cavabdehlərlə apellyasiya instansiyası məhkəməsində təmsil olunmaq barədə müqavilə bağlamamış və bununla bağlı vəkil orderi götürməyib. Birinci instansiya məhkəməsində vəkil qismində iştirak edib, iddianın qismən təmin edilməsi barədə nəticə hissə barədə cavabdehlərə məlumat vermiş, bununla da işi bitmişdir. Bir müddət sonra cavabdehlər ona yaxınlaşıb qətnamənin onlara gəlmədiyini bildirmiş, bu barədə məhkəmə ilə əlaqə saxladıqda isə qətnamənin poçt vasitəsilə geri qaytarılması barədə məhkəmədən onlara cavab verilmişdir. O, elektron məhkəmə sistemindən qətnamənin surətini çıxardıb cavabdehlərə vermişdir. Mübahisələndirilən qətnamə 19 iyunda elan edilsə də, elektron sistemə 19 iyulda yerləşdirlmiş, 19 avqust həftənin altıncı, 20 avqust isə həftənin bazar günü olduğuna, həmin vaxt isə elektron məhkəmə sistemi işləmədiyinə görə 1 aylıq prosessual müddəti ötürməməklə 21 avqust 2023-cü ildə şikayəti elektron məhkəmə sisteminə yerləşdirmişdir. Qüvvədə olan MPM-in 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Bu qanun hələdə qüvvədə olduğuna, habelə 19, 20 avqust 2023 cü il tarixləri qeyriiş günləri olduğuna görə, qətnamədən son şikayətvermə müddəti xx.xx.2023-cü il hesab olunduğu halda, Nərimanov Rayon Məhkəməsi əsassız və qanunsuz olaraq cavabdehlər tərəfindən müddətin buraxılmasına istinad edir. Bu zaman nəzərə almır ki, cavabdehlərə göndərdiyi qətnamə poçt vasitəsilə məhkəməyə qaytarılıb. Əgər, həqiqətənə də onun elekton sisteminə qətnaməni yerləşdirmişdirsə, onda niyə elektron məhkəmə sistemi olmayan cavabdelərin ünvanına rəsmi qaydada qətnaməni göndərirsən? O, cavabdehlərə poçt xidməti göstərmək barədə hər hansı öhdəlik götürməyib axı, onun xidməti müqaviləsi orderdən də göründüyü kimi birinci instansiya məhkəməsində hüquqi xidmət göstərilməsi ilə bağlıdır. Məhkəmənin hansı maddəyə və hansı qanuna istinad edərək müddətin keçməsi ilə əlaqədar şikayəti geri qaytarması ona çatmır. Nə qədər ki, MPM-in 129.2-ci maddəsi qüvvədədir və ona dəyişiklik edilməyib, elektron məhkəmə sistemi həftənin qeyri iş günləri işləsə belə, hakimə əsas vermir ki, vaxtında verilən apellyasiya şikayətini geri qaytarsın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və müddətin ötürülməmiş hesab edilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə , ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsinin qənaətinə görə qətnamə cavabdehlərin nümayəndə və vəkilinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlamışdır. Qətnamədən şikayəti isə xx.xx.2023-cü ildə (əslində qərardadda yanlışlığa yol vermiş, çünki şikayət xx.xx.2023-cü ildə verilmişdir) yəni qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilmiş və müddətin bərpası barədə ərizə verilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi bu qənaəti ilə Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan normalarının, o cümlədən 129.2-ci maddəsinin tələbini pozmuşdur. Çünki, burada adi riyazi hesablama tələb olunurdu ki, apellyasiya şikayəti verlməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin keçmədiyini görmək mümkün olsun. Belə ki, 19-20 avqust 2023-cü il tarixləri qeyri-iş gününə təsadüf etdiyinə görə xx.xx.2023-cü il tarixi qətnamədən apellyasiya şikayət verilməsinin sonuncu günü sayılırdı ki, cavabdeh tərəf də həmin gün apellyasiya şikayəti vermişdir. Cavabdehin nümayəndəsi və vəkili qərardaddan şikayətində bu halları açıq-aşkar vurğulasa da birinci instansiya məhkəməsi sanki bu dəlilləri görməmiş kimi davranmış, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin ona verdiyi səlahiyyətdən və prosessual hüquqi imkandan istifadə etmək əvəzinə, özünün əsassız qərardadından verilən şikayəti də təmin etməyərək işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1282/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6175/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6175/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver