Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6177/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(007)-1601/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 26.01.2011-ci il təvəllüdlü X2 və 09.01.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləği artırılaraq hər ay hər uşağa 175 manat olmaqla, iki uşağa cəmi 350 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(007)-1425/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 26.01.2011-ci il təvəllüdlü X2 və 09.01.2013-cü il təvəllüdlü X4 hər ay yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 130 manat olmaqla 260 manat sabit pul məbləğində aliment olaraq tutulub ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Az miqdarda ödədiyi 260 manat aliment uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(007)- 1601/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 26 yanvar 2011-ci il təvəllüdlü X2 və 09.01.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, alimentin tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, uşaqlardan birinin 10 yaşı, digərinin isə 8 yaşı tamam olmuşdur, ayrıca yaşayış sahələri yoxdur. Cavabdehin ödədiyi aliment məbləği uşaqların tələbatını ödəmir. Cavabdeh özü məhkəməyə heç bir sənəd təqdim etmədən, məhkəmə iclasında bildirmişdir ki, onun əmək haqqı 360 manat təşkil edir, vergiləri çıxdıqdan sonra isə cəmi 310 manat əmək haqqqı alır, əslində cavabdeh Azərbaycan Respublikası Bədən Tərbiyyəsi Universitetini bitimişdir, hazırda öz ixtisası üzrə X11 Məktəbində cüdo üzrə məşqçi vəzifəsində çalışır, əmək haqqı kifayət qədər yüksəkdir, göstərilən öz işindən başqa əlavə işdə də çalışır. Belə ki, cavabdeh X11 Məktəbində cüdo üzrə məşqçi vəzifəsindən başqa əlavə olaraq pulla uşaqları cüdo idmanı üzrə hazırlaşdırır. Yəni cavabdeh öz əsas işindən başqa əlavə gəlirlərə də malikdir. Cavabdeh uşaqlara heç bir qayğı göstərmək istəmir, ona görə məhkəmədə maddi imkansızlığı barədə məhkəməyə yalan ifadə verir. Cavabdehin öz adına bina evində yaşayış sahəsi vardır, həmin evdə cavabdeh anası ilə birlikdə yaşayır, mənzillə təmin olunmuşdur, ailə üzvləri cavabdeh özü də daxil olmaqla, kifayət qədər gəlirə malikdir. Uşaqların hər ikisi yastıpəncədir, fizioterapiyaya aparır, 3 aydan bir müalicə kursu keçməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunun bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 26 yanvar 2011ci il təvəllüdlü X6 və 09.01.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh məhkəməyə müraciət edildiyi 2019-cu il martın 1-dən başlayaraq, 26 yanvar 2011-ci il təvəllüdlü X2 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan alimentin məbləğinin artırılaraq hər uşağa, hər ay 175 manat olmaqla, iki uşağa cəmi 350 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını, eləcə də cavabdehin mənafeyini, cavabdehin 350 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutun təqdim edilmədiyini nəzərə alaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İş materiallarında olan arayışdan görünür ki, cavabdeh 360 manat əmək haqqı alır. İddiaçı onun əlavə qazancının olduğunu qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür. Kollegiya iddiaçının apelyasiya şikayətində qeyd etdiyi uşaqların müalicə kurslarına getməsi, bunun üçün xərclərin çəkilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə tərəfindən həm çəkilmiş əlavə xərc, həm də çəkilməsi zəruri olan əlavə xərc valideynlərdən tutula bilər. İddiaçı qeyd etdiyi hal üzrə çəkilmiş və çəkilməsi zəruri olan əlavə xərclərlə bağlı müstəqil iddia qaldıra bilər, istinad etdiyi bu hal aliment məbləğinə təsir göstərən hal deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1601/2021 saylı iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6177/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6177/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver