Məhkəmə qərarları › İş №2(103)-6183/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6183/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6183/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-973/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" ASC ilə cavabdeh X10 arasında xx.xx.2014-cü il tarixli, MZ/PB-0483/11/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 22 faizlə 40000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, X5 mülkiyyətində olan Bakı ş., Nizami r., M.X. Şərifli küçəsində yerləşən 98 saylı evin 44 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X10 hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu həm də kredit görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq "xxxx" ASC tərəfindən 2016-cı ildə Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. 2.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2014-cü il tarixli M2/PB-0483/11/14 nömrəli kredit müqaviləsi üzrə 24.310.03 manat əsas borc, 1578,56 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 26.388,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın X6 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsində istifadədə olan 0,1331 ha torpaq sahəsində yerləşən 98 nömrəli, 5 mərtəbəli binada 60,2 kv.m. ümumi, 47 kv.m. yaşayış sahəsindən ibarət, 3 otaqlı, 44 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 77.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin X6 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra Cavabdeh, X9, X7, X3, X1 və X2 yaşadığı Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsindəki 98 nömrəli binanın 44 nömrəli mənzilinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh məhkəməmühasibatlıq ekspetizasının keçirilməsinə sərf edilmiş 50 manat pulun tutularəq dövlət büdcəsinə, ipoteka predmetinin qiymətləndirilməsinə sərf edilmiş 250 manatın tutularaq «Qiymətləndirmə və Audit” hesabına ödənilməsi qət edilmişdir.

3. Bakı şəhər Nizami Rayon Məhkəməsinin həmin qətnaməsindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7268/2018 saylı qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Bu qətnamədən verilən kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-7836/2018 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə ilə əlaqədar xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. xx.xx.2018-ci il tarixdə icra vərəqəsi üzrə icraata başlanılmışdır.

4. İddiaçı BOKT ASC xx.xx.2021-ci il tarixdə qətnamə əsasında Cavabdeh icra sənədini könüllü icra etdiyinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etmiş, həmin ərizə əsasında Bakı şəhər Nizami rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 vurulmuş zərərin əvəzi olaraq 5307 manatın və 73.10 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbində göstərir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-ə maddi zərər vurulmuşdur. Göründüyü kimi Nizami rayon Məhkəməsi İddiaçı BOKT ASC-nin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu qismən təmin etsə də borclu tərəfindən bu qətnamə xx.xx.2021-ci il tarixində icra edilmişdir. Cavabdehin qətnamə üzrə BOKT-yə cəmi 26388.59 manat borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2018-ci ilin dekabr ayından başlamaqla borclunun BOKT-yə olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2016-cı il tarixindən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödəmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövrüyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərindən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları əsasında məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönləndirilə bilir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-973/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Həqəqt Əhmədova) ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli, MZ/PB0483/11/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanılmış və müqavilə müddəti bitdikdən sonra iddiaçı əldən çıxmış fayda kimi faiz ödənilməsini tələb edə biləcəyi halda, hazırkı vaxtadək cavabdehə bununla bağlı heç bir məlumat verməmiş və ya pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Digər tərəfdən əgər borclu iş üzrə çıxarılmış məhkəmə qətnaməsi icraya yönəldikdən sonra qətnamə ilə tutulmuş məbləğin cavabdeh tərəfindən vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda kimi faizlərin tutulmasını xahiş edirsə, qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə qəbul edilmiş, daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7268/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, daha sonra cavabdeh həmin qətnamədən kassasiya şikəyəti vermiş, cavabdehin kassasiya şikayəti isə xx.xx.2018-ci il tarixdə təmin edilməmişdir.

9. Hər bir tərəfin məhkəmədə iddia qaldırmaq, məhkəməyə şikayət və etirazlarını vermək hüququ vardır. Cavabdehin qeyd edilən qaydada bu hüququndan istifadə etməsi isə hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Başqa sözlə, cavabdehin qanunla ona verilmiş hüquqlardan istifadə edərək məhkəməyə müraciət etməsi bank qarşısında olan öhdəliyin vaxtında və qərəzli surətdə icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, məhkəməyə sübut kimi iddiaçı tərəfindən tərtib edilmiş çıxarış təqdim edilmiş və həmin çıxarışdan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-xx.xx.2022-ci il tarixləri əhatə edən, tələb olunan faizlər göstərilmişdir. Qeyd etmək lazımdır ki, adı çəkilən qətnamə xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2018-ci il tarixdə icraata başlanılmışdır. Borclu Cavabdeh həmin məbləği ödəməyə imkanı olmadığı üçün tutmaya yönəldilmiş əmlak üzrə xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və bundan sonra İddiaçı BOKT ASC-nin xx.xx.2021- ci il tarixdə məktub verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh icra sənədini könüllü icra etdiyinə görə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin məktub və xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, cavabdeh öhdəliyini yerinə yetirmiş və onun borc öhdəliyi yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı borclu Cavabdeh borc öhdəliyini yerinə yetirməsi ilə bağlı ərizə versə də, məhkəmədə cavabdehdən həmin vaxtdan sonrakı dövr üzrə də əldən çıxmış fayda ilə bağlı vəsait tələb etmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən məhz cavabdehin təqsiri ucbatından qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Konstitusiya Məhkəməsinin qərarında daha sonra qeyd olunmuşdur: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. Lakin iddiaçının faiz dərəcəsinə görə əlavə faizlərin hesablanması ilə bağlı arayışından başqa məhkəməyə heç bir sübut (kredit müqaviləsi, bankın həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və s.) təqdim etməmişdir. Məhkəmənin yalnız faiz dərəcəsinə görə əlavə faizlərlə bağlı arayışa əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 5307 manat pul tutması mümkün deyil.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı BOKT ASC iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 560. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusmya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Bu qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir... Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır... Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bu qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, .... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir... Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

26. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2014-cü il tarixli M2/PB-0483/11/14 nömrəli kredit müqaviləsi üzrə 24.310.03 manat əsas borc, 1578,56 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 26.388,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın X6 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 98 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 77.000 manat məbləğində müəyyən edilməsi qət edilib, ancaq qətnamə borcun ödənilməsi ilə əlaqədar icra olunmuşdur. Belə ki, tutma ipoteka predmetinə yönəlsə də iddiaçının 28 iyul 2021-ci il tarixli məktubuna əsasən(bax.i.v.74) borclu icra sənədinin könüllü icra etdiyinə görə icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilib. Başqa sözlə ipoteka predmeti olan mənzil hərrac nəticəsində satılmadan və ya tələbkarın mülkiyyətinə keçmədən icra sənədi tam icra olunubdur. Göründüyü kimi, cavabdeh üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmayıb, ipoteka predmeti könüllü olaraq təhvil verilib, borclu tərəfindən icra sənədinin icra olunması ilə əlaqədar hər hansı bir maneələr yaradılmayıb. Yəni, qətnamədən apellyasiya və kassasiya şikayəti verilməsi icra sənədinin icra olunmasına maneə kimi qiymətləndirilə bilməz. Buna görə də, ipoteka predmeti təhvil verildiyindən və borc həmin mənzilə yönəldiyindən öhdəlik icra edilmiş hesab olunur və bununla da tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyindən cavabdeh hazırki iddia üzrə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Çünki, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

27. İddiaçı öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin iddiaçı faiz formasında (real zərər və əldən çıxmış faydanın)tələb etdiyi bu zərərin yaxud digər formada zərərin ümumiyyətlə nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə də heç bir sübut təqdim etməmişdir. Başqa sözlə iddiaçı ona vurulmuş maddi zərərin qanuni əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etsə də həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Ancaq iddiaçı qətnamə icraya yönəldikdən sonra cavabdehin onun pul vəsaitindən faydalandığına dair məhkəməyə mötəbər sübut təqdim etməyib.

28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-973/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-973/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar