Məhkəmə qərarları › İş №2(103)-6183/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6183/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6183/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: (Kredit müqaviləsi üzrə borc tələbi, vərəsəlik münasibətləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-4034/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC (Bank) və X5 (Müştəri) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış CC/29178/93/18 nömrəli kredit sazişindən müəyyən olunur ki, “Bank” “Müştəri”yə 18 ay müddətinə, illik 15.90% ödənilmək şərtilə 5150 manat məbləğində kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər bankın 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Həmin şərtlər sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur.

2. xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2023 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 323.47 manat (sonuncu ay 324.52 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. xx.xx.2023-cü il tarixli, CC2917818A93C-6 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçı tərəfindən X3 məxsus AZ59JBBK03801000AU8562818A92 nömrəli bank hesabına 5050 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

4. xx.xx.2023-cü il tarixli, AU8562818A92-7 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçı tərəfindən X3 məxsus AZ80JBBK******************** nömrəli bank hesabına 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin qanun üzrə vərəsəsi olduğu miras qoyanın (borclunun) iddiaçıya xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsi üzrə 4373.55 manat əsas və 19.12 manat faiz borcu vardır.

6. xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qanun üzrə vərəsəsi olduğu miras qoyanın (borclunun) xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği barədə məlumat verilmiş, həmin borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, 2V-292 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi əri – Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38/2-138/24 nömrəli məktuba əsasən, 2520.18 manat müavinətdən ibarətdir.

8. xx.xx.2024-cü il tarixli, 2V-293 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi əri – Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Fillialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-59675/2024 nömrəli məktuba əsasən, pensiya işi üzrə alınmamış 400.92 manat pul vəsaitindən ibarətdir.

a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsi üzrə 4373.55 manat əsas və 19.12 manat faiz olmaqla, cəmi 4392.67 manat məbləğində borcun və ödənilmiş 64 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Tələb onunla əsaslandırılmışdır ki, “X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 saylı müqaviləyə əsasən 5150 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X4 4392.62 manat borcu vardır. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 5 saylı notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən, X4 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

11. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun yalnız mirasın dəyəri olan 2189.22 manat həddində tanınması, qalan hissə üzrə (mirasın dəyərini aşan) tələbin rədd edilməsi, əgər borcun ödənilməsi barədə qərar çıxarılarsa, maliyyə vəziyyəti nəzərə alınaraq borcun hissə-hissə (aylıq 10 manat) tutulması ilə icrası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa həm miras qoyanın əmlakı (aktivləri), həm də borcları (passivləri) daxildir. Həmin məcəllənin 1306.1-ci və 1306.2-ci maddələrinə əsasən, vərəsələr miras qoyanın kreditorları qarşısında yalnız onlara keçmiş miras əmlakının dəyəri həddində cavabdehdirlər. Mərhum həyat yoldaşının miras əmlakı yalnız 2189.22 manat təşkil etmişdir və bu məbləğ faktiki olaraq dəfn xərclərinə sərf olunmuşdur. Onun hal-hazırda yeganə gəlir mənbəyi 220 manat məbləğində pensiyadır, əlavə gəliri və əmlakı yoxdur. Əlavə mühüm hal kreditin sığortalanmamasıdır. Məlum olduğu kimi banklar istehlak kreditləri zamanı xüsusilə yaşlı və yüksək risk qrupuna aid şəxslərə verilən kreditlərdə həyat sığortası tətbiq etməlidirlər. Bu, həm bankın risklərinin idarə olunması, həm də müştərinin və vərəsələrinin hüquqlarının qorunması üçün zəruridir. Bank tərəfindən təqdim edilmiş kredit müqaviləsi hər hansı həyat sığortası sənədi yoxdur. Bu isə kreditorun öz riskidir və nəticədə yaranmış borcun ödənilməsi tələbini əsaslı şəkildə sual altına alır. Bu baxımdan bankın sığortasız şəkildə yüksək risk qrupuna (60 yaşdan yuxarı müştəriyə) kredit verməsi, borcun vərəsələrdən tam həcmdə tələb olunmasını əsassız edir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-4034/2025 saylı qətnaməsi ilə (sədrlik edən-F.Rzayeva) iddia təmin edilərək, X2 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsi üzrə 4373.55 (dörd min üç yüz yetmiş üç manat əlli beş qəpik) manat əsas və 19.12 (on doqquz manat on iki qəpik) manat faiz olmaqla, cəmi 4392.67 (dörd min üç yüz doxsan iki manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. 14.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borcalan (miras qoyan) X5 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 18 ay müddətinə, illik 15.90% ödənilmək şərti ilə 5150 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş (kredit məbləğinin borcalanın bank hesabına köçürülməsini təsdiq edən ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir), lakin borcalan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi dəqiq müəyyən edilmişdir. Miras qoyanın qanun üzrə birinci dərəcə yeganə vərəsəsi əri, yəni hazırkı iş üzrə cavabdeh müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmiş və notariat orqanına müraciət edərək miras əmlakın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Nəticədə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisi tərəfindən sonuncunun adına xx.xx.2024-cü il tarixli, 2V292 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-293 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və miras əmlakın formal qəbulu üsulu (notariat orqanına ərizə verməklə) cavabdeh tərəfindən realizə edilmişdir. Cavabdeh mərhum ərindən miras qalmış əmlakları qəbul etsə də, onun kreditoru, yəni hazırkı iş üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəliyini yerinə yetirməmiş və iddiaçı banka olan borcu ödəməmişdir. Halbuki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır.

15. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, vərəsəyə şəhadətnamə verilən miras əmlaklar - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Mərkəzi tərəfindən verilmiş məktuba əsasən, 2520.18 manat müavinət və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Fillialı tərəfindən verilmiş məktuba əsasən pensiya işi üzrə alınmamış 400.92 manat pul vəsaitindən ibarətdir.

16. İddia tələbinə etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh miras əmlakın qəbul edilmiş hissəsinin ümumilikdə 2189.22 manatdan ibarət olmasını və bu vəsaitin də məhz məqsədli olaraq mərhum miras qoyanın dəfn xərclərinə sərf olunduğunu bildirsə də, iş materiallarına əlavə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə formal üsulla (notariat orqanına ərizə verməklə) miras əmlakın qəbul edilmiş hissəsinin ümumilikdə 2921.1 manat məbləğində olması müəyyən olunur. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin qanun üzrə vərəsəsi olduğu borcalana kredit müqaviləsi üzrə borc məbləğinin verilməsi, borcalanın öhdəliklərin icra müddəti başa çatmadan vəfat etməsi işin mübahisəsiz halıdır. İşin mübahisə edilən halı cavabdehin qanun üzrə vərəsəsi olduğu borcalanın əmlak xarakterli öhdəlikləri üzrə daşıdığı məsuliyyətin həcmi ilə bağlıdır.

17. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.4cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İstinad edilən maddi hüquq normasının dispozisiya şərtlərindən də görünür ki, qanunverici yalnız bir halda – mirasın notarius tərəfindən siyahıya alındığı halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə vəzifəsindən azad etmiş və digər hallarda sübuetmə yükünü dəqiq bölüşdürməklə bu vəzifəni məhz miras əmlakı qəbul etmiş vərəsəyə aid etmişdir. Hazırda mübahisə edilən hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarı da mövcuddur (xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli).

18. Lakin, hazırkı işdə miras əmlakın notarius tərəfindən siyahıya alınma faktı müəyyən olunmur. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsinə, eləcə də məhkəmə iclasları gedişində birbaşa olaraq işə baxan məhkəməyə miras qoyanın borclarının miras əmlakdan çox olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, təqdim edilmiş hər bir sübutu aidlik, mötəbərlik və mümkünlük nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə iddia tələbinin təmin edilməli olması nəticəsinə gəlmişdir.

19. Məhkəmə əlavə etmişdir ki, cavabdehin iddia tələbinə etiraz ərizəsinin bir digər dəlili olan qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan prosessual hüquq normasının tələblərindən göründüyü kimi, ilk növbədə tərəflərin mübahisəli hüquq münasibətləri üzrə mövcud mübahisələri həll edən yekun məhkəmə aktı qəbul edilməlidir. Qəbul edilmiş həmin qətnamənin icrası ilə bağlı yaranan münasibətlərin tənzimlənməsinin bir qədər fərqli qaydaları (qətnamənin hissə-hissə icra edilməsi, qətnamənin icrasına möhlət verilməsi, qətnamənin icra üsulunun və ya qaydasının dəyişdirilməsi) nəzərdə tutulmuşdur ki, bu qaydaların da tətbiqi müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra işdə iştirak edən şəxslərin bu barədə verdikləri ərizələrinə baxılmanın nəticələri əsasında mümkündür. Odur ki, qeyd edilən prosessual qaydaların tətbiqi məsələsinə baxılması üçün işdə iştirak edən şəxslər qətnamə qəbul edildikdən sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 1146., 1151.1, 1255, 1306.1, 1306.4, 1306.5-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri

21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə məhkəmə yanlış mövqeyə gələrək cavabdehdən kredit borcunu tutmuşdur. Məhkəmə o qənaətə gəlmişdir ki, cavabdeh vərəsəliyi qəbul edib və sanki ölmüş şəxsin ölümündən əvvəl mövcud olan aktivini qəbul etdiyi üçün, passivinə də cavabdehdir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları-miras aktivi və vəzifələri-miras passivi toplusu daxildir . AR MM-nin 1152-ci maddəsinə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxtadək onda olmayan əmlak vəsiyyətnamədə o zaman nəzərdə tutula bilər ki, miras açıldığı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (yüklülükləri ilə birlikdə) ölümündən sonra iradəsinə və qanuna uyğun olaraq vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və aktivində olan əmlakı ehtiva edir. Hər hansı bir maddi nemətin və iqtisadi dəyərin əmlaka daxil olması üçün ilk və yeganə şərt miras qoyanın sağlığında ikən onun aktivində-əmlakında olması vacibdir. İddiaçının mərhumə həyat yoldaşı ölənə qədər X7 işləmişdir. Öldükdən sonra ailə üzvü olan həyat yoldaşına birdəfəlik qarşılıqsız müavinətlər ayrılmışdır. Apellyator məhz müavinəti (sosial yardım və ölümlə bağlı kompensasiya) qəbul etmişdir. Həmin yardım isə ölüm faktı ilə bağlı olmuşdur, kredit götürən ölməsəydi, belə yardım da mövcud olmayacaqdır. Yəni müavinət şəxsin sağlığında əldə edilən maddi nemət və iqtisadi dəyər kimi qiymətləndirilə bilməz və vərəsəlik institutunun mahiyyətinə ziddir. Analoji yanaşma hərbi qulluqçulara nisbətdə AR Konstitusiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli Plenum qərarında da mövcuddur. Nəticə olaraq- hereditas ad bono inter vivos pertinent (vərəsəlik sağ ikən əldə edilən əmlaka aiddir) Rəhmətə gedənin heç bir aktivi mövcud olmamışdır və nəticədə ailə üzvlərindən heçkim vərəsəliyi qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.İddiaçı ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, hazırki məhkəmə mübahisəsində vəfat edən şəxs X5 “Sərhədçi” İdman kompleksində hərbçi deyil, mülki işçi statusunda işləmişdir. Onun anket məlumatların nəzər yetirildikdə xadimə vəzifəsində işlədiyi aydın olur. X11 hərbi qurum deyil. Nəticə olaraq apellyasiya şikayətində mübahisələndirilən məsələlərin hüquqi əsası yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, xanım həkim səhlənkarlığı nəticəsində vəfat edib. Düzgün qeyd ediblər ki, onlar əllərində olan hər şeyi şəxsin müalicəsi üçün xərcləyiblər. Karta köçürülən pul şəxsin ölməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülən müavinətdir- dəfn pulu və əmək haqqının üç misli miqdarında verilən müavinət olub. Şəxs ölənə qədər müavinət hüququ olmayıb. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli Plenum qərarında qeyd edilir ki, vərəsə dedikdə ailə üzvləri nəzərdə tutulur. Həmçinin Plenum qeyd edir ki, bu vərəsəliklə qəbul edilmiş əmlak deyil, şəxsin ölümü nəticəsində onun ailə üzvlərinin məruz qaldığı məhrumiyyətlərin qarşılamaq üçün dövlət tərəfindən verilmiş müavinətdir. Şəxs sığortalı olub, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ailə üzvlərinə ödənilir. Bu müavinət şəxsin ölümündən öncə əldə edə biləcəyi bir hüquq deyil, onun ölümü nəticəsində ailə üzvlərinə verilən birdəfəlik yardımdır. Bu məsələ Mülki Məcəllənin 1151-ci maddəsi ilə əhatə olunmur, müavinət birdəfəlik ödənilmiş yardım olduğu, onun kreditorları ailə üzvləri olduğu üçün vərəsəliklə əhatə olunmur. Buna görə də iddia rədd edilməlidir. Qızılları şəxsin sağlığında satıblar və onun müalicəsinə xərclənib. Siyahıya alınmalı heç bir əmlakı olmayıb. 25.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, borcalan (miras qoyan) X5 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 18 ay müddətinə, illik 15.90% ödənilmək şərti ilə 5150 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği müqavilə üzrə tərəf olan X3 vermiş, X5 müqavilə üzrə üzərinə düşən öhdəliyi obyektiv səbəblərdən (xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) lazımi qaydada icra etməmiş və nəticədə xx.xx.2023-cü il tarixli, CC/29178/93/18 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 4373.55 manat, faiz borcuna görə 19.12 manat, cəmi 4392.67 manat borc yaranmışdır.

32. X5 xx.xx.2023-cü il tarixdə ölmüş, 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X2 xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə onun əri Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. 33.Göründüyü kimi, kredit müqaviləsi üzrə borclu X5 tərəfindən müqavilə şərtləri pozulduğu, borclunun ölümündən sonra miras əmlak Cavabdeh tərəfindən tam şəkildə qəbul edildiyindən, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 34.Kollegiya qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə borclu X2 vərəsəsi kimi miras əmlakı qəbul etdiyindən o, Mülki Məcəllənin 1306.1-ci madddəsinin tələbinə əsasən miras qoyanın öhdəlikləri üçün məsuliyyət daşımaq öhdəliyini də öz üzərinə götürmüşdür. 35.Bu əsasla iddianı təmin edən məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti üzrə dəlili ondan ibarətdir ki, Cavabdeh miras əmlakı qəbul etməmişdir. X2 ölümü ilə əlaqədar onun iş yeri olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Mərkəzi tərəfindən verilmiş 2520.18 manat müavinət miras qoyanın ölümündən sonra verildiyindən, yəni miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak olmadığından həmin vəsaitin cavabdeh tərəfindən qəbul edilməsi, miras aktivinin qəbul edilməsi demək deyil.

36. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsasız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

37. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

38. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur.

39. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

40. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında şərh edilənlərə əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması belə vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.

41. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına qeyd olunur ki, “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

43. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”

44. Məhkəmə kollegiyası göstərilən normativ və konstitusion hüquqi mövqelərdən çıxış edərək qeyd edir ki, vərəsə mirasdan imtina barədə notariat orqanına müraciət etmədiyi və bu iradəni qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmədiyi halda, o, mirası qəbul etmiş hesab olunur və bu hüquqi nəticə vərəsənin faktiki davranışından, o cümlədən miras əmlaka sahiblik etməsindən, onu idarə etməsindən və ya vərəsəlik şəhadətnaməsi alıb-almamasından asılı olmayaraq tətbiq edilir. Beləliklə, mirasın qəbulunun hüquqi əsası təkcə faktiki qəbul deyil, həm də imtina edilməməsi faktıdır.

45. Hazırkı iş materiallarından isə müəyyən edilir ki, mirasqoyanın yeganə vərərəsi olan Cavabdeh mirasdan imtina etməsi barədə notariat orqanına hər hansı ərizə təqdim etməmişdir. Əksinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə ona mərhum X2 vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu hal cavabdehin miras əmlakı qəbul etdiyini təsdiqləyən fakt olmaqla, onun miras qoyanın öhdəliklərinə görə vərəsə kimi məsuliyyət daşıdığını da göstərir. 46.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İstinad edilən maddi hüquq normasının dispozisiya şərtlərindən də görünür ki, qanunverici yalnız bir halda – mirasın notarius tərəfindən siyahıya alındığı halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə vəzifəsindən azad etmiş və digər hallarda sübuetmə yükünü dəqiq bölüşdürməklə bu vəzifəni məhz miras əmlakı qəbul etmiş vərəsəyə aid etmişdir. Hazırda mübahisə edilən hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarı da mövcuddur (xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli).

47. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehin vərəsə kimi miras qoyanın borclarına görə məsuliyyət daşıması barədə gəldiyi nəticə Mülki Məcəllənin müvafiq normalarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tam uyğun olmaqla qanuni və əsaslıdır. 48.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 50.Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir.

51. Həmçinin MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən iddanın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilmə bilməz. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-4034/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar