Məhkəmə qərarları › İş №2(103)-6186/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6186/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6186/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Respublika ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Bank Respublika ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank Respublika ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(007)-3433/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank Respublika ASC-nin xeyrinə 7007.57 ABŞ dolları məbləğində əsas, 1166.13 ABŞ dolları məbləğində faiz, 300 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 8473.7 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(007)-3433/2015 saylı qətnaməsinin müştərək qaydada kredit borcunun ondan tutulması hissədə ləğv edilməsi və kredit borcu üzrə onun zaminliyinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək, Bak şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(007)-3433/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməklə bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3433/2015 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı, xx.xx.2015-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)3433/2015 nömrəli, xx.xx.2015-cü il tarixli qətnaməsinin surəti xx.xx.2015-ci il tarixdə Cavabdeh3 ünvanına- ünvan 1əmin qətnaməni xx.xx.2015-ci il tarixdə qəbzə şəxsən imza etməklə qəbul etmişdir. Lakin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə, 04 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət açıqaşkar ötürülmüşdür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda qətnaməni qəbul etmədiyini bildirsə də, məhkəmə tərəfindən cavabdehin izahatına tənqidi yanaşılaraq ərizənin təmin edilməsinə nail olmaq üçün edilmiş hərəkət olaraq qiymətləndirilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 məhkəmə qətnaməsinin onun ünvanına göndərildiyi tarixdə - 2015-ci ildə həmin mənzildə yaşamışdır. Qeyd edilən hal cavabdehin öz izahatı ilə təsdiqini tapmışdır. Belə ki, o izahatında bildirmişdir ki, həmin mənzil 4 ildir ki, sökülmüşdür. Lakin həmin mənzil sökülməzdən əvvəl həmin ünvanda yaşamışdır. Həmçinin işin məhkəmə iclasında müəyyən edilmiş digər halı ilə də cavabdehin məhkəmə qətnaməsindən ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini aldığı tarixdən əvvəl məlumatlı olması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatda hazırki kredit borcu üzrə 1 idir ki onun pensiyasından tutma aparıldığını, pensiyasından aparılan tutma faizinin onun müraciəti əsasında İcra şöbəsi tərəfndən 30%-ə endirildiyini və son ay onun pensiyasından 100 faiz miqdarında tutma aparıldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, onun başqa kredit borcu yoxdur. Qeyd edilən hal onu deməyə əsas verir ki, cavabdeh məhkəmə qətnaməsindən məlumatlı olmasına baxmayaraq, hazırki qətnamədən apellyasiya şikayəti vermək üçün ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni yenidən qəbul etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin üzrlü şəkildə buraxılmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün hər hansı bir əsas yoxdur, qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəblər olmadan ötürüldüyündən, cavabdehin ərizəsi təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh3 şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3433/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2015-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank Respublika ASC arasında bağlanmış 13010-00887/217716 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 25% 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 bank arasında 07.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. O zaman kredit müqaviləsi üzrə krediti götürən şəxs ödəniş cədvəlinə əsasən ödənişləri etməsi barədə onlara məlumat vermişdir. Lakin sonradan ödənişlərin edilməməsi barədə nə ona, nə də digər şəxsə heç bir məlumat verilməmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət etmiş və kredit götürən şəxsdən banka olan qalıq borcunu 7007,57 ABŞ dolları pulun qaytarımadığını bildirmişdir. Eyni zaman da bank borclu şəxsdən ödənilməyən borca görə 1166,13 ABŞ dolları məbləğində faiz və 4097,76 ABŞ dolları məbləğində peniya, cəmi 12271.46 ABŞ dolları məbləğində pulun alınıb banka qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank Respublika ASC-nin xeyrinə 7007,57 ABŞ dolları məbləğində əsas, 1166,13 ABŞ dolları məbləğində faiz, 300 ABŞ dolları məbləğində cərimə, cəmi 8473,7 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Qeyd edir ki, məhkəmə prosesində o, iştirak etməmiş və məhkəmənin keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Qeyd edir ki, 2015-ci ildə ona əsl cavabdehin banka borcunun qalması barədə bank tərəfindən heç bir məlumat verilməmişdir. Ona bu barədə məlumat verilmədiyi üçün hesab etmişdir ki, banka olan kredit borcu qaytarılmışdır. Bu fakt onu təsdiq edir ki, məhkəmə qətnaməsindən sonra üstündən 9 il keçməsinə baxmayaraq, ondan heç kim, heç nə tələb etməmişdir. O xəstədir. Onun məhkəmə qətnaməsindən qanunla müəyyən edilmiş vaxtda məlumat almadığı üçün, İcra Şöbəsinin tələbi üzrə məlumat aldıqda məhkəməyə müraciət edərək qətnamənin sürətini almışdır. O, kreditin götürülməsinə zamin durmuş, lakin kreditin qaytarılmamasına, kredit öhdəliyinin icra edilməməsinə görə zamin durmamışdır. O zaman kredit götrən şəxsin maddi imkanı yaxşı olmuş və kreditin qaytarılmamasına görə onun məsuliyətə cəlb edilməsi üçün heç bir tədbir götrülməmişdir. Əgər o zaman o kredit borcunun qaytarılmamasını bilmiş olsaydı, əsl cavabdehdən borcunu qaytarılmasını tələb edərdi. Eyni zamanda, məhkəmə qətnaməsi əsasında kreditin qaytarılması göstərilsə də, lakin uzun müddət kreditin qaytarılması üçün heç bir tədbir görülməmişdir. Necə ola bilər ki, 2015-ci ildə qətnamə qəbul edilir və bu barədə ona heç bir məlumat verimir. Eyni zaman da məhkəmə qətnaməsindən sonra 9 il keçməsinə baxmayaraq, ondan heç kim heç nə tələb etməmişdir. Hazırda kredit götürən şəxs Respublikadan çıxıb gedəndən sonra kreditin qaytarılması ondan tələb olunur. Müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərarda göstərilmişdir ki, güya “mən məhkəmənin qətnaməsini xx.xx.2015-ci ildə qəbzə imza etməklə qəbul etmişəm.” Bu düzgün deyildir. Belə ki, o, 2015-ci ildə məhkəmə qətnaməsini almış olsaydı, o zaman həmin qətnamədən şikayət vermiş olardı. Çünki, o, iddia tələbi üzrə cavabdeh ola bilməz. O zaman bağlanmış kredit müqaviləsi iki il müddətinə bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlərin edilməməsi barədə bir dəfə də olsun ona bu barədə məlumat verilməmişdir. Eyni zaman da qeyd edir ki, o, rəsmi olaraq ünvan 2 ünvanda qeydiyyatda olmasına baxmayaraq, bir neçə ildir ki, həmin binalar sökülmüş və o, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Onun ünvanına gələn məktubların kimlər tərəfindən qəbul edilməsindən xəbəri yoxdur. O, kredit borcu üzrə məlumatı, İcra şöbəsi tərəfindən onun pensiyasından tutulmalar barədə qərar verildikdən sonra bilmişdir. O, bir neçə ildir ki, xəstədir və icra şöbəsi tərəfindən ona məlumat verilmədən pensiyasından tutulmalar barədə qərar qəbul edilməsinə baxmayaraq, ona bu barədə qanunla müəyyən edilmiş müddətdə məlumat verilməmişdir. O, sonradan bu barədə icra şöbəsinə müraciət etdikdə, ona bildirilmişdir ki, bu barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə əsasızdır. Bankdan kredit götürən şəxsin etirafın nəzərə alaraq borcun yalnız ondan tutulmasını təmin etməmişdir. Bir haldakı borclu öz borcunu etiraf etmişdir, o zaman onun borcunu ondan tutulmasının heç bir hüquqi əsası olmamışdır. İş üzrə nə məhkəmə qətnaməsindən, nə də icra işindən məlumatının olmaması məhkəmədə nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsi və apellyasiya şikayətini baxılması üçün aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. İddiaçı Bank Respublika ASC şikayətə qarşı etirazını onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 həmin məhkəmənin xx.xx.2015-ci il tarixli 2(007)-3433/2015 №-li qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh3 həmin qərardaddan verdiyi şikayətin dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, işdən görünür ki, qətnaməsinin surəti xx.xx.2015-ci ildə cavabdehin ünvanına (Bakı, T.Abbasov küç, ev 8, m. 4) sifarişli poçtla göndərilib və cavabdeh xx.xx.2015-ci ildə qəbzə imza etməklə qətnaməni alıb. Belə olan halda qətnamə xx.xx.2015-ci ildə cavabdehə rəsmi qaydada verilmiş sayılır və ondan apellyasiya şikayətinin verilməsi müddəti də həmin tarixdən hesablanır. Cavabdehin ərizə ilə İ instansiya məhkəməsinə müraciət edərək qətnamənin surətini təkrar alması onun rəsmi qaydada verilməsi deyil və bu, şikayət müddətinin axımının qətnamənin təkrar alındığı gündən hesablanması üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti İ instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, yəni hazırkı işdə xx.xx.2015-ci ilədək verilə bildiyi halda cavabdeh 9 il sonra apellyasiya şikayəti vermişdir. Cavabdehin müddətin bərpasına dair ərizədə və ərizənin təmin olunmaması barədə qərardaddan verdiyi şikayətdə göstərdiyi hallar müddətin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Könül Qəribovanm şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi konkret mülki iş üzrə qərarında göstərib ki, "...buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir" (xx.xx.2022- ci il tarixli 2(102)-4447/2022 Ns-li qərarın 30-cu bəndi). Cavabdeh müddətin bərpası barədə ərizəsində onun 9 il müddətində apellyasiya şikayəti vermək imkanını istisna edən, onun iradəsindən asılı olmayan hər hansı halın mövcud olduğunu və bu halın məhz keçən 9 il müddətində davam etdiyini əsaslandırmayıb və bu barədə sübutları məhkəməyə təqdim etməyib. İşdən görünür ki, qətnamə qanuni qüvvəyə minib, icraya yönəldilib və hazırda da icra mərhələsindədir. Məcburi icra tədbiri kimi tələb cavabdehin pensiyasına yönəldilib və 1 ildir ki, onun pensiyasından hər ay müvafiq məbləğ tutularaq tələbkara ödənilir. Cavabdehin məqsədi şikayət müddətinin bərpasına nail olmaqla pensiyasından tutulmaların dayandırılmasıdır ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburiliyi prinsipinə ziddir. Avropa Məhkəməsinin mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6- cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (Raihani Belçikaya qarşı qərar, № 12019/08, §37). Həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir (Raihani Belçikaya qarşı qərar, № 12019/08. §38). Qeyd olunanlar əsasən hesab edir ki, İ instansiya məhkəməsi müddətin bərpası haqqında ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, bu barədə qəbul etdiyi qərardad qanuni və əsaslıdır, onun apellyasiya qaydasında ləğvi üçün əsas yoxdur. Ona görə də Cavabdeh3 şikayətinin təmin olunmadan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)3433/2015 nömrəli, xx.xx.2015-cü il tarixli qətnaməsinin surəti xx.xx.2015-ci il tarixdə Cavabdeh3 ünvanına, yəni ünvan 4in qətnaməni xx.xx.2015-ci il tarixdə qəbzə şəxsən imza etməklə qəbul etmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığını, qətnaməni almadığını bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını şikayətinə də əlavə etməmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mülki işin sənədlərindən, tərəflərin müddətin bərpasına dair ərizəyə münasibətlərindən, iddiaçının şikayətə qarşı etirazından cavabdehin 2015-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 nömrəli, xx.xx.2015-cü il tarixli qətnaməsini alması, həmin məhkəmə aktı əsasında verilmiş icra sənədi üzrə uzun müddət pensiyasına tutmalar yönəldilməklə məhkəmə aktını icra etməsi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3433/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar