Məhkəmə qərarları › İş №2(103)-6187/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6187/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6187/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «maddi ziyan, əsassız varlanma, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-168/2024 saylı, 21 avqust 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha. torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə Cavabdeh3 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bu hüquq daşınmaz əmlak dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarı ilə İddiaçı müraciəti əsasında başlanılmış CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir.

3. Birinci tərəf Cavabdeh3 və ikinci tərəf X6 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,04 ha hissəsinin icarə hüququ alıcının icarəsinə verilir. Satıcı icarə hüququnu 2000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İcarə hüququnun müddəti xx.xx.2011-ci il tarixdən baçalayaraq 99 il müddətinə istifadəsinə müəyyən edilmişdir.

4. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə X4 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı, daşınmaz əmlak dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyat aparılmışdır.

5. Birinci tərəf Cavabdeh3 və ikinci tərəf X3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,04 ha hissəsinin icarə hüququ alıcının icarəsinə verilir. Satıcı icarə hüququnu 2000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İcarə hüququnun müddəti xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə müəyyən edilmişdir.

6. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə X1 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyat aparılmışdır.

7. Birinci tərəf Cavabdeh3 və ikinci tərəf İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,06 ha hissəsinin icarə hüququ alıcının icarəsinə verilir. Satıcı icarə hüququnu 3000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İcarə hüququnun müddəti xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə müəyyən edilmişdir.

8. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

9. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,50 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə xx.xx.2012-ci ildən başlayaraq 99 il müddətinə Cavabdeh1 Mərəməli oğlunun xeyrinə icarə hüququnun alğı-satqısı üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-1333/2024 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehlər tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə **********30, **********32 və **********33 reyestr nömrəli çıxarışlarla mülkiyyətçilərə sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmür və sxemdə göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək işə məhkəmədə baxılan zaman torpaq sahələrini iddiaçıya satmış Cavabdeh3 da iş üzrə əlavə cavabdeh qismində cəlb edilərək Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20000 (iyirmi min) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbində göstərir ki, 2013-cü ildə özü və iki qızı üçün torpaq sahəsi alaraq ev tikdirməyi və qonşuluqda yaşamağı planlaşdırıb, bu səbəbdən torpaq alğı-satqısı ilə məşğul olan şəxslərlə maraqlanıb, bu zaman Cavabdeh2 ilə tanış olub, Cavabdeh2la Abşeron rayonu, Hövsan südçülük Sovxozu ərazisində 14 sot torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşıblar. Öz övladı ilə birlikdə cavabdehlə görüşərək göstərilən əraziyə gedib, Cavabdeh2 özünü istifadəsində olan torpaq sahəsinin 14 sotunu onlara göstərib, o, həmin ərazini bəyənib və alğı-satqı ilə bağlı razılaşıblar. 2013-cü ilin dekabr ayında ümumilikdə, Cavabdeh2 15400 (on beş min dörd yüz) manat pul verilib, 11200 manat torpağın qiyməti, 4200 manat sənədləşmə adı ilə cavabdeh ondan alıb. Alğı-satqının rəsmiləşdirilməsi faktiki razılıq əldə edildikdən yalnız üç il sonra baş verib, torpaq sahələri xüsusi mülkiyyətdə olmadığına görə, icarə hüququnun alğı-satqı müqaviləsi imzalanıb, satıcı qismində digər Cavabdeh3 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2), alıcı qismində isə o (6 sot) və qohumları X6 (4 sot) və X3 (4 sot) çıxış ediblər. Torpaq sahələrinin istifadə hüququnun yüklülüyünün qeydə alınması barədə onun adına reyestr nömrəsi **********30 olan seriya RX ******* nömrəli, Fuad Qasımovun adına reyestr nömrəsi **********32 olan, seriya RX ******* nömrəli və Elxan Bayramovun adına reyestr nömrəsi **********33 olan seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilib. 2020-ci ildə Cavabdeh2 tərəfindən ona satılmış torpaq qismində göstərilən yerdə hasar tikməyə başlayıb, bu zaman Cavabdeh2 qardaşı Adbala adlı şəxs gələrək həmin torpaq sahəsinin onun istifadəsində olduğunu bildirib və tikinti işlərini dayandırmağı tələb edib. O, Cavabdeh2la əlaqə saxlayaraq məsələ barədə onu məlumatlandırıb, cavabdeh isə anlaşılmazlıq olduğunu, onlara başqa torpaq sahəsi verəcəyini bildirib. Daha sonra Cavabdeh2 həmin əraziyə yaxın başqa yerdə 14 sot torpaq sahəsi verib, o, yeni yerdə hasar və 7 mişar daşı hündürlüyündə ev tikib, bu zaman X2 yaxınlaşaraq bu torpaq sahəsinin onun qardaşı Cavabdeh1 istifadəsində olduğunu bildirib, tikinti işlərini dayandırmağı tələb edib. Buna görə də, o, aparılan tikinti işlərini dayandırıb və torpaq sahəsinə görə ödədiyi 15400 manat məbləği və hasar və 7 mişar daşı hündürlüyündə tikdiyi evə görə çəkdiyi 20000 manat məbləğində xərci tələb edib, lakin cavabdeh müxtəlif bəhanələrlə həmin məbləği verməkdən boyun qaçırıb. Buna görə də, o, Cavabdeh2 dələduzluq yolu ilə onu aldatdığını düşünərək müxtəlif orqanlara şikayətlər edib, uzun müddətdən sonra 21 noyabr 2022-ci il tarixdə Xəzər rayon Polis İdarəsində Əkrəm Məmmədov barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, lakin 12 aprel 2023-cü il tarixdə CM-nin 75.1 və CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilib. Hesab edir ki, onun tərəfindən Cavabdeh2 verilmiş 15400 manat pul vəsaiti Cavabdeh2 tərəfindən ona geri qaytarılmalı, hasar və 7 mişar daşı hündürlüyündə tikdiyi evə görə çəkdiyi 20000 manat çəkdiyi xərc Cavabdeh2 və Cavabdeh1 tərəfindən müştərək qaydada alınaraq ona ödənilməlidir.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-168/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı tutulması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin “Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edib ki, iddiaçı özü və qızları üçün Cavabdeh2 vasitəçiliyi ilə Abşeron rayonu, Südçülük sovxozu ərazində 0,14 ha torpaq sahəsi aldığını və bunun üçün əmlakları dəyəri kimi ödədiyi 15400 manat pulun ona geri ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh3 ilə İddiaçı, X7, X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icra hüququnun alğı-satqı müqavilələri ilə icarə hüququ ilə ona məxsus olan Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1,063 ha torpaq sahəsinin uyğun olaraq 0,06 ha, 0,04 ha və 0,04 ha hissələrini xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə icarəyə vermişdir. Hazırda həmin müqavilələr qüvvədədir və icarə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində dövlət qeydiyyatına alınmışdır. Müqavilələr üzrə 7000 manat (uyğun olaraq 3000, 2000 və 2000 manat) ödəniş edildiyi müəyyən edilmişdir. İddiaçı isə həmin torpaq sahələrinin özü üçün 11200 manat, sənədləşmə üçün isə 4200 manat ödədiyini qeyd etmişdir. Xəzər RPİ İstintaq Şöbəsində araşdırma aparılan zaman Cavabdeh2 əmlak üzrə ona edilmiş ödənişləri təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8936 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki koordinatları ilə mülki iş materiallarında olan (səh.19,30, 36) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X6, X3 və İddiaçı məxsus torpaq sahələrinə dair tərtib edilmiş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin yuxarıda qeyd olunan torpaq sahələrindən təxminən 620 metr aralı məsafədə yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunur. Belə ki, Cavabdeh3 (əvəzində Cavabdeh2) və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,06 ha hissəsinin icarə hüququ xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmiş və bununla bağlı daşınmaz əmlak dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. Yəni iddiaçı əslində ona məxsus olmayan ərazidə tikinti işləri aparmışdır. Adıçəkilən müqavilə ilə iddiaçıya icarəyə verilmiş 0,06 ha torpaq sahəsi hazırda mövcuddur, həmçinin icarə hüququnun alğı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə də qüvvədədir (əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməyib). Belə olan halda, həmin torpaq sahəsi iddiaçının istifadəsində ola-ola iddiaçı tərəfindən torpaq sahələri üzrə ödənilmiş pulların geri qaytarılmasının təmin edilməsi iddiaçının əsassız varlanmasına səbəb olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddianın “Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20000 (iyirmi min) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbində göstərilmişdir ki, iddiaçı özünə və qızlarına torpaq sahəsi alaraq ev tikdirmək istəmiş, bu səbəbdən də Cavabdeh2 müraciət etmişdir. Nəticə də, iddiaçı, X6 və X3 ilə Cavabdeh3 arasında adıçəkilən müqavilələr bağlanılmaqla onların istifadəsinə ümumilikdə 0,12 ha sahədə torpaq sahəsi verilir. İddiaçı Cavabdeh2 tərəfindən ona göstərilən ərazidə tikinti işləri aparmağa başladığını, sonradan həmin ərazinin Cavabdeh2 qardaşı “Adbala” adlı şəxsə məxsus olduğunu öyrəndiyindən tikintini dayandırdığını, sonradan Cavabdeh2 tərəfindən ona başqa ünvanı göstərildiyindən həmin ünvanda tikinti işləri apardığını, lakin həmin ünvanın da Cavabdeh1 məxsus olduğu qeyd etmiş, bu səbəbdən Cavabdeh1 torpaq sahəsində apardığını tikinti işlərinin dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında onun ərazisində tikinti işlərinin aparıldığı, torpaq sahəsinə ziyan vurulduğunu, həmin ünvanda əkinçiliklə məşğul olmaq niyyətində olduğunu bildirmişdir. Həmçinin, digər Cavabdeh2 isə işlə bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırılma aparılan zaman izahatında göstərmişdir ki, həqiqətən də iddaçı ev tikintisi üçün torpaq sahəsini alınması ilə bağlı müraciət etmiş, o, iddiaçıya torpaq sahəsini vermiş, bundan sonra iddiaçı həmin ünvanın başqa şəxsə aid olması haqqında ona məlumat vermiş, həmin torpaq sahəsinin onun qardaşı “Adbala”ya məxsus olduğundan o, iddiaçıya başqa torpaq sahəsini verəcəyini bildirərək, iddiaçı tərəfindən həmin ünvanda hasar tikintisi üçün xərclənmiş 3000 manat vəsaiti iddiaçının iştirakı ilə oğluna vermiş, həmin ünvandan başqa bir torpaq sahəsini iddiaçıya verdikdən sonra, həmin ünvanın “Şaiq” adlı (iddia ərizəsinə əsasən Cavabdeh1 qardaşı) şəxsə məxsus olduğunu öyrəndiyindən iddiaçının oğlu ilə həmin şəxsin ünvanda 5 daş hündürlüyündə ev tikilməsini nəzərə alaraq “Şaiq” adlı şəxs tərəfindən iddiaçının oğluna 5000 manat pul ödənildiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı aparılmış ekspertiza zamanı mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçı, X6 və X1 istifadəsinə verilmiş torpaq sahələrindən təxminən 620 metr aralı məsafədə yerləşməklə üst-üstə düşmədiyi, qeyd olunan torpaq sahələrinin üzərində müxtəlif təyinatlı tikililər mövcud olması, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 10346,50 manat məbləğində müəyyən olunur. İddiaçının və Cavabdeh2 izahatından aydın olur ki, iddiaçı artıq ikinci dəfə nöqsana yol verərək ona məxsus olmayan ərazidə tikinti işləri aparmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi Cavabdeh3 (əvəzində Cavabdeh2) və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,06 ha hissəsinin icarə hüququ xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir, iddiaçı iddia ərizəsində 2020-ci ildən tikinti işlərinə başladığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olmayan ünvanda apardığı tikinti işlərinə çəkilən xərclərin ödənilməsini cavabdehlərdən tələb etməsi əsassızdır. Belə ki, xx.xx.2016-cı ildə adıçəkilən müqavilə bağlandıqdan sonra iddiaçı həmin torpaq sahəsinin yerləşdiyi ərazini, koordinatlarını dəqiq müəyyən etməli idi. Qeyd edildiyi kimi artıq bu hal bir dəfə iddiaçının qarşısına çıxmasına baxmayaraq, iddiaçı yenə də, müqavilə üzrə ona icarəyə verilmiş torpaq sahəsinin ünvanın dəqiqləşdirmədən təkrarən eyni nöqsanlara yol vermişdir. Bu səbəbdən, xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin yerəşdiyi ünvandan, onun kordinatlarından əmin olmaq vəzifəsi iddiaçının üzərinə düşdüyündən, başqa şəxsə məxsus ünvanda aparılmış tikinti işlərinin dəyərinin ödənilməsi düzgün olmazdı. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsasız hesab etməklə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən cavabdehlərin mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması halının təsdiq edilmədiyini müəyyən etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətdə göstərib ki, Cavabdeh2 İddiaçı aldığı 15.400 (on beş min dörd yüz) manat pul məbləğinin müqabilində sənədləşdirilmiş torpaq sahələrinin əvəzinə başqa şəxslərə aid torpaq sahəsi təqdim etmişdir. Ekspertizanın rəyindən də görünür ki, həmin torpaq sahələrinin üzərində başqa şəxslərə aid tikililər var. Belə olan halda məhkəmənin mövqeyindən belə qənaətə gəlmək olur ki, iddiaçı həmin torpaq sahələrinin üzərində olan tikililərdə yaşayan başqa şəxslərə qarşı iddia qaldırmalıdır ki, bu da mümkünsüzdür. Əgər Cavabdeh2 öz üzərinə düşən öhdəliyi yerinə yetirib aldığı pul vəsaitinin müqabilində torpaq sahəsi versəydi, yuxarıda göstərilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan torpaq sahələrini faktiki olaraq göstərməli idi. Cavabdeh1 məxsus torpaq sahəsində tikinti işləri aparmaq iddiaçının səhvi deyildi. Bu, Cavabdeh2 səhvi idi. Yəni Cavabdeh2 həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini bilərək, iddiaçını aldadaraq göstərilən torpaq sahəsini təqdim etmişdir. İddiaçı həmin torpaq sahəsinin kooordinatlarını müəyyən edə bilməzdi. Onun buna nə texniki imkanı, nə də icazəsi yox idi. Əksinə Cavabdeh2 torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi bunu bilməli idi. Cavabdeh2 heç vaxt iddiaçıya 3.000 manat pul qaytarmamışdır. Eyni vaxtda Şaiq adlı şəxs də iddiaçıya 5.000 manat verməmişdir. Cvabadeh Xəzər RPİ-də verdiyi ifadəsində də Şaiqin iddiaçıya 5.000 manat pul verməsini qeyd etməmişdir. O, ifadəsində 5.000 manatın qaytarılması ilə bağlı razılıq əldə edildiyini göstərmişdir. Adı çəkilən Şaiq adlı şəxs hazırki iş üzrə Cavabdeh1 qardaşıdır. Cavabdeh1 bir neçə məhkəmə proseslərində iştirak etmiş və 5.000 manat pul vəsaitinin verilməsi ilə bağlı heç bir fikir bilidrməmişdir. Eyni zamanda gələcəkdə də, həmin pul vəsaitinin veriləcəyini bildirməmişdir. Hazırki iş üzrə cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan vurulduğu sübuta yetirilsə də, məhkəmə iddianı rədd etmişdir. Halbuki, iddiaçı həm Cavabdeh2 15.400 manat pul vermiş, həm də özünün hesab etdiyi amma Cavabdeh1 məxsus olan torpaq sahəsində tikinti işləri apardığına görə 10.000 manatdan çox maddi ziyan görmüşdür. Lakin məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə qətnamədə İddiaçı, X7, X1 adına müvaiq olaraq 0,06 ha, 0,04 ha və 0,04 ha torpaq sahələrinin icarə hüququ ilə istifadələrinə verilməsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların mövcud olduğunu, ekspertin rəyinə əsasən həmin torpaq sahələrində müxtəlif təyinatlı tikililərin mövcud olduğunu bildirmiş, lakin həmin tikililərin nədən ibarət olduğu, tikililərin kimə məxsus olduğunu araşdırmamışdır. Hesab edir ki, göstərilən hallar da araşdırılmalı idi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

27. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

29. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi və tərəflərin qarşılıqlı münasibətləri üzrə kifayət qədər ətraflı araşdırma aparılmasına şərait yaratmış və yekunda iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə dair apellyasiya mərhələsində əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət və əsas yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsi zəruridir.

30. Əvvəla, iddiaçı cavabdehlərdən həm özünün, həm də X6 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ ilə qeydə alınmış torpaq sahəsinin ona düzgün təqdim edilməməsinə və başqa şəxsə aid torpaq sahəsində inşa etdiyi tikiliyə görə pul tələb edib. X9 və Elxan Bayramovun adından cavabdehlərə qarşı hansısa iddia irəli sürülməyib, eləcə də onların iddiaçıya belə bir səlahiyyət verdiyi də işdən görünmür. Ona görə də iddiaçının onların adına qeydə alınmış torpaq sahəsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ yaranmamışdır.

31. Bununla yanaşı, iddiaçı ilə Cavabdeh3 əvəzinə Cavabdeh2 arasında 22 sentyabr 2016-cı ildə icarə hüququnun alqı-satqısına dair müqavilə bağlanmış və ona 1.063 ha. torpaq sahəsindən 0.06 ha hissəsinin icarə hüququ satılmışdır. xx.xx.2016-cı ildə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.xx.xx.2016-cı ildə bu hüquq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır(bax.i.v.33-38). Torpaq sahəsinin planı və ölçüsündə kadastr göstəriciləri, döngə nöqtələrinin kordinatları, qonşu sərhədləri və digər zərururi məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində hüquq hansısa şəxsin xeyrinə yüklü olmuş olsa idi, daşınmaz əmlakın dövlət kadastrını və reyestrini aparan qurum heç bir halda həmin torpaq sahəsi üzərində iddiaçının hüququnu qeydə almaz və torpaq sahəsinin planı və ölçüsünü tərtib etməzdi.

32. Bu cür vəziyyətdə iddiaçı özü ona təqdim edilən yaxud göstərilən istənilən torpaq sahəsində deyil, üzərində hüququnun qeydə alındığı və plan və sxeminin tərtib edildiyi torpaq sahəsində icarə hüquqlarını həyata keçirməli idi. Ona görə də Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin faktiki olaraq iddiaçıya təqdim etməməsi yaxud göstərməməsi hazırkı iddianın əsaslı olduğuna dəlalət etmir. Əvvəla ona görə ki, Cavabdeh2 yaxud digər cavabdehin iddiaçının məhz üzərində icarə hüququnun tanındığı 0.06 ha torpaq sahəsini faktiki olaraq iddiaçıya göstərməsi texniki cəhətdən mümkün ola bilməzdi. Çünki bunu yalnız xüsusi texniki vasitələrin köməkliyi ilə daşınmaz əmlakın dövlət kadastrını və reyestrini aparan qurumlar müəyyən edə bilər. Əks halda istənilən digər şəxsin bu halı müəyyən etməsi hazırkı işdə olduğu kimi yanlışlığa səbəb ola bilir. Ona görə də istər Əkrəm Həsənov, istərsə də torpaq sahəsi üzərində olan hüquqların alqı-satqısı ilə məşğul olan digər şəxslərin bunu dəqiq bilməsi də yuxarıda qeyd olunan səbəblərdən fiziki və texniki cəhətdən mümkün deyildir.

33. İddiaçı birinci dəfə ona aid olmayan torpaq sahəsinə hasar çəkdiyinə görə Cavabdeh2 ona 3.000 manat qaytarmasını cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verərkən təsdiq etmişdir(bax.i.v.16). Bunu işdə olan cinayət təqibinə xitam verilməsi barədə qərarın məzmunundan da aydın görmək olur. İddiaçı Cavabdeh2 3000 manatı oğlu İbrahimə qaytardığını təsdiq edib. Digər Cavabdeh1 isə ona aid torpaq sahəsində iddiaçının hasar çəkməsi və özbaşına tikili inşa etməyə cəhd etməsinə görə istər zərərvurmadan, istərsə də əsassız varlanmadan irəli gələn öhdəliyə əsasən pul tələb edilə bilməz. Əvvəla ona görə ki, iddiaçı ilə Cavabdeh1 arasında hansısa torpaq sahəsi ilə bağlı mülki hüquq münasibətləri yaranmamışdır. Başqa sözlə, Cavabdeh1 iddiaçıya nə zərər vurub, nə də onun hesabına əsassız varlanmamışdır. Üstəlik iddiaçının özbaşına tikili inşa etməyə cəhd etdiyi torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və bu cür torpaqlarda fərdi yaşayış evi inşa olunması qanunla qadağan edilir. Bununla yanaşı, iddiaçının inşa etməyə cəhd etdiyi tikilidən Cavabdeh1 hər hansı bir formada yararlanması da mümkün deyil. Buna görə də, Cavabdeh1 iddiaçı qarşısında hansısa öhdəliyi yaranmamışdır. Əksinə sonuncu iddiaçının icarə hüququ ilə ona məxsus olan torpaq sahəsində tikinti aparmaqla çirkləndirdiyinə etiraz edir. Bu cür vəziyyətdə Cavabdeh1 iddiaçının xeyrinə hansısa əsasla pul tutulması da hüquqa uyğun sayılmır.

34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-168/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-168/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar