Məhkəmə qərarları › İş №2(103)-6190/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6190/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6190/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 30.05.2017-ci ildə İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktda cavabdeh tərəfindən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı aktda 32,40 manat, xx.xx.2019cu il tarixli ******* saylı aktda 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı aktda 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı aktda 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı aktda 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı aktda 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı aktda 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı aktda 127,90 manat, xx.xx.2021-ci il tarixli ******* saylı aktda 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı aktda isə 1188 manat məbləğində zərər vurduğu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 3612.70 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə isə 1594.20 (bir min beş yüz doxsan dörd manat 20 qəpik) manatın və 72.07 (yetmiş iki manat 07 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 5278.97 (beş min iki yüz yetmiş səkkiz manat 97 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4307/24 saylı iş üzrə 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia qismən təmin edilmiş, cavabdehdən 198 manat dəymiş zərər, 1594,20 manat debitor borc olmaqla, cəmi 1792,20 manat məbləğində borc və 37,92 manat dövlət rüsumunun tutularaq iddiaçının bank hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış zərərin tələb edilməsi üçün iddia müddəti keçdiyindən, həmin hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında dəymiş zərərin ödənilməsi hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal qaz sərfi müvafiq olaraq 1.2, 1.5 və 1.4 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və cəmi 11880 m3 qaz sərfinə görə 1188 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, qaz sərfiyyatının gündəlik 24 saat, illik isə 90 gün üçün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x30=432 m3 , 1.5x12x30=540 m3 və 2x1.4x12x30=1008 m3 hesablanmalı və həmin rəqəm (1980 m3 ) Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 (on qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 198 manat təşkil edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən – xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında əsasında 198 manat dəymiş zərər, 1594.20 manat debitor borc olmaqla, cəmi 1792.20 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 373.2, 373.3, 560-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1, 1.3, 1.4. 3.4.1, 6.5-6.7ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

16. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc hesablanarkən 11 akt əsas götürülmüşdür. Aktlarda cavabdehin sayğacdan kənar qaz xəttindən istifadə etdiyi qeyd olunmuşdur.

17. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasındakı münasibətlər alqı-satqı müqaviləsi ilə tənzimləndiyindən, həmçinin, təbii qazdan istifadə ilə bağlı öhdəliklər vaxtaşırı icra edilməli olduğundan, hazırkı tələb üzrə iddia müddəti üç ildir. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq haqlı olaraq belə qənaətə gəlmişdir ki, 11 akt üzrə - xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış zərərin tələb edilməsi üçün iddia müddəti keçmişdir.

18. Apellyasiya şikayətinin bu hissədə dəlilləri isə iddianın mahiyyəti ilə bağlı olduğundan, həmin aktlar üzrə ziyanın tələb edilməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən Kollegiya həmin dəlillərin araşdırılmasına lüzum görmür.

19. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında dəymiş zərərin ödənilməsi hissəsində Kollegiya birinci instansiya məhkəməsinin apardığı hesablama ilə razılaşır.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 09 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar