Məhkəmə qərarları › İş №2(103)-6192/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6192/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6192/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 25% faiz dərəcəsi ilə 18 ay müddətinə 9500 manat məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında ayrıayrılıqda bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, onlar kredit alan Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti üzərlərinə götürməklə zamin durmuşlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7131,9 manat əsas, 1681,65 manat faiz borcu olmaqla, cəmi 8813,55 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 18 ay müddətinə illik 25% dərəcəsi ilə, 9500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanılmışdır. Lakin hazırda cavabdehlər ödəniş cədvəlinə əsasən ödəməli olduqları krediti və hesablanmış faizləri banka ödəməkdən yayınmaqla, kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirmirlər. Kredit müqaviləsinin şərtlərinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7131,9 manat əsas borc, 1681,65 manat faiz borcu olmaqla, cəmi 8813,55 (səkkiz min səkkiz yüz on üç manat, əlli beş qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 425.1, 427.3, 428.4, 739.1, 739.2 , 741, 742.1, 743, 470.1, 472.1 və 472.2-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7131,9 manat əsas borc, 1681,65 manat faiz borcu olmaqla, cəmi 8813,55 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ondan pul tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əsas borc üzrə qalıq məbləğinin gecikdirdiyi vaxt üçün illik 5%-lə ödəməli olduğu halda iddiaçı əsassız olaraq faiz borcunu şişirtmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozularaq onun müdafiə hüququ təmin olunmamışdır. İddiaçı öz tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Məhkəmə isə sübutlara obyektiv və hərtərəfli baxmamış, qərəzli qətnamə qəbul etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin həcmi onun xəbəri olmadan artdığı halda məhkəmə tərəfindən onun zaminliyi qüvvədə saxlanılmışdır. Öhdəlik əsassız olaraq yubadılaraq faiz borcları şişirdilmiş və onun məsuliyyəti artmışdır. Məhkəmə tərəfindən onun zaminliyinə xitam verilməli olduğu halda ona münasibətdə iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər müvafiq olaraq məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 və Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 25% faiz dərəcəsi ilə 18 ay müddətinə 9500 manat məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, onlar kredit alan Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti üzərlərinə götürməklə zamin durmuşlar. İş materiallarından həmçinin görünür ki, cavabdehlər ödəniş cədvəlinə əsasən ödəməli olduqları krediti və hesablanmış faizləri banka ödəməkdən yayınmaqla, kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirmədikləri üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7131,9 manat əsas, 1681,65 manat faiz borcu olmaqla, cəmi 8813,55 manat məbləğində borcun tutulmasını iddia etmişdir. Cavabdeh1 Bank tərəfindən hesablanmış 7131,9 manat əsas borc, 1681,65 manat faiz borcu məbləğinə etirazının əsasını o təşkil edir ki, müqavilə üzrə ödənişlər etdiyindən,banka olan borcu iddia tələbində göstərilən qədər ola bilməzdi. Həmçinin Cavabdeh1 apellyasiya şikayətində onun əsas borc üzrə qalıq məbləği gecikdirdiyi vaxt üçün illik 5% ödəməli olduğu halda iddiaçının əsassız olaraq faizi şişirdilməsini də göstərmişdir. Digər Cavabdeh2 birinci instansiya məhkəməsində işirak etməsə də, apellyasiya şikayətində faizlərlə şişirdilməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq xx.xx.2022-ci ildə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci ildə təqdim edilmiş 9/7503 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 16 may 2019-cu il tarixli 011CASA191360009 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 7531,90 manat əsas və 2539,79 manat faiz borcu olmaqla, cəmi 10.071,69 manat, xx.xx.2021-ci il tarixə (maliyyə arayışı verilən tarixə) 7131,90 manat əsas, 2539,79 manat faiz və 286,29 manat illik 5%-lə hesablanan faiz borcu olmaqla cəmi 9957,98 manat, xx.xx.2022-ci il tarixə (qətnamə qəbul edilən tarixə) 7131,90 manat əsas, 2539,79 manat faiz və 574,54 manat illik 5%-lə hesablanan faiz borcu olmaqla cəmi 10246,23 manat təşkil edir. İddia olunan faiz borcu ilə ekspertiza tədqiqatının gəldiyi nəticə arasındakı fərqə səbəb iş materiallarında 16 may 2019-cu il tarixli, 011CASA19136009 saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu halın həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu: 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatı zamanı faiz borcu ilə bağlı ekspert tərəfindən qeyd edilən qanun normalarının tələblərinin pozulması müəyyən edilməmişdir. Belə ki, rəydən də göründüyü kimi İddia olunan faiz borcu ilə ekspertiza tədqiqatının gəldiyi nəticə arasındakı fərqə səbəb iş materiallarında 16 may 2019-cu il tarixli, 011CASA19136009 saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır. Bu halın mövcudluğu isə hesablanan 1681,65 manat faiz məbləğinin şişirdilmiş, əsassız olmasına dəlalət etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ekspertiza rəyində göstərilən 2539,79 manat faiz borcu deyil, iddia olunan və iddiaçı tərəfindən hesablanmış 1681,65 manat faiz borcu məbləği nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməyə davam edərək hesab edir ki, Cavabdeh1 əsas borc üzrə qalıq məbləği gecikdirdiyi vaxt üçün illik 5% ödəməsinə dair iddia tələbi olmamışdır. Belə bir tələb irəli sürmək hüququ isə iddiaçıya aiddir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfinən çəkimə prinsipinin tələblərini pozulmasına dair dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iştirak edərək iddiaya mövqeyini bildirmiş, digər Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün saymışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorlarn özlərinə aid edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlarn özlərin aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar