Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6192/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-2567/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs, özəl baytar həkim Vəliyev Sənan, Yardımlı rayonu Ərus bələdiyyəsinin sədri Qarayev Azad, sosial işçi Təhməzov Mehbalı, heyvan sahibi İddiaçı və kənd sakini Qarayev Ağa tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, onların imzası və özəl baytar həkiminin (digər akt Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin) və Ərus bələdiyyəsinin sədrinin möhürü ilə təsdiq edilmiş aktlara əsasən Mirimli kənd sakini İddiaçı şəxsi təsərrüfatında olan ağ rəngli, 7 yaş, orta köklükdə 1 baş inək təsərrüfat sahibinin həyətində elektrik naqillərinin altında ölmüşdür. Heyvan sahibinin dediyinə əsasən inəyin ölümünə səbəb elektrik cərəyanına toxunması olmuşdur. Heyvan yarılmış, heç bir infeksion və invaziyon xəstəliklərə şübhə olmadığı üçün heyvana elektrik cərəyanından ölməsi diaqnozu qoyulmuşdur. Masallı rayon heyvan bazarının xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı məxsus 1 baş 7 yaşlı diri çəkisi 250 kq olan inəyin orta bazar qiyməti alıcılar və satıcılar arasında təxminən 1.500 manat civarında dəyərləndirilir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, elektrik cərəyanı vurması nəticəsində şəxsi təsərrüfatında olan ölmüş inəyin dəyəri olan 1.500 manat pulun və 35 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.535 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu, Mirimli kəndində yaşayır. Ailəsini dolandırmaq üçün təsərrüfatla məşğul olur və şəxsi təsərrüfatlarında iri buynuzlu heyvan saxlayır. xx.xx.2022-ci il tarixdə heyvanları tövlədən çıxardıb, örüş sahəsinə apararkən, heyvanlar yaşadıqları evin həyətyanı sahəsində olan tövlənin qarşısından keçən açıq elektrik xəttinin altından keçərkən inəyin biri elektrik xəttinə toxunmuş və elektrik cərəyanı vurması nəticəsində inək ölmüşdür. Həmin vaxt o, dərhal həmin sahəyə baxan baytar həkimi çağırmışdır. Baytar həkimi hadisə yerinə çatanda inəyin artıq elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmişdir. Bu barədə hadisə yerində onlar akt tərtib etmişlər. Bundan sonra o, heyvanın bazar qiymətinin müəyyən olunması barədə Masallı rayon heyvan bazarına müraciət etmişdir. Həmin təşkilat tərəfindən 7 yaşlı, diri çəkisi 250 kq olan inəyin bazar qiyməti 1.500 manat məbləğində müəyyən olunmuşdur. Bundan sonra o, X13 Təchizatı və Satış İdarəsinin Yardımlı Rayon Şöbəsinə ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar müraciət etmişdir. Həmin təşkilat tərəfindən ona dəfələrlə yalan vədlər verilsə də, ona dəymiş ziyan ödənilməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2567/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, vurulmuş maddi zərərə görə 1500 manatın və ödənilmiş 35 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi təmin edilmişdir. (hakim X6)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, iddianın təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyan ödənilməlidir.
6. İddiaçıya vurulmuş olan zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus tələf olmuş heyvanın dəyəri təqdim edilmiş arayışa görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətidə 1.500 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 1.500 manat olduğunu hesab etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097-ci, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçiya dəymiş ziyan arasında hər hansı səbəb-nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Hazırki iş üzrə, məhkəmənin sübut qismində qəbul etdiyi kənd sakinləri S.Vəliyev, A.Qarayev, M.Təhməzov və A.Qarayev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarılma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb-aparılmaması, heyvanların yarılması və laboratariyada araşdırılması üçün daxili orqanalarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi hallar təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, iddiaçı onun sahibliyində olan inəyin evinin həyətindən keçən elektrik xəttinə toxunması nəticəsində elektrik cəryanından tələf olduğunu, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə, eyni zamanda baytar həkiminə məlumat verdiyini və nəticədə baytar həkimi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktla bu halın təsdiq edildiyini bildirir və belə bir inəyin dəyəri ilə bağlı Masallı rayon bazarı tərəfindən verilmiş arayışı əsas götürərək, həmin elektrik xətlərinin texniki vəziyyətinə və fəaliyyətinin təhlükəsizliyinə görə məsuliyyət daşıyan "xxxx" ASC-dən ona vurulmuş zərərin əvəzi olaraq 1.500 manat məbləğində pulun tutulmasını tələb edir. Başqa sözlə, iddiaçı məhz cavabdehin təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkətsizliyi) nəticəsində ona maddi zərərin vurulduğunu iddia edir və zərər məbləğinin ödənilməsini tələb edir.
20. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
21. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
23. Bu baxımdan iddiaçı ilk növbədə ona məxsus olan inəyin tələf olmasını, daha sonra bu hadisənin elektrik xəttindən keçən elektrik cəryanından baş verdiyini və baş verməsinin bu xəttin təhlükəsiz fəaliyyətinin "xxxx" ASC tərəfindən təmin edilməməsi nəticəsində mümkün olduğunu sübut etməli idi. Lakin iddiaçının təqdim etdiyi sübutlar hüquqi nəticə etibarı ilə iddianın hər hanı formada təmin edilməsi üçün əsas yaratmış olmur.
24. Belə ki, bu halı təsdiq edən sübut kimi təqdim edilən xx.xx.2022-ci il tarixli akt ümumilikdə 5 nəfər, o cümlədən fərdi baytar praktikasını həyata keçirən fiziki şəxs, baytar həkimi Vəliyev Sənan tərəfindən imzalanmışdır. Lakin nə bu şəxsin, nə də ki, bələdiyyə sədrinin, sosial işçinin və kənd sakininin bu hadisənin canlı şahidi olduğu müəyyən edilmir. Eyni zamanda, baytar həkimi istisna olmaqla, onların hər hansı biri bu sahə üzrə xüsusi biliyə malik deyil, onların imzası yalnız inəyin yarılma faktını təsdiq edə bilər.
25. Aktda inəyin harada və hansı şəraitdə yarılması da göstərilmir. Aktın özündə inəyin elektrik cəryanının vurması nəticəsində ölməsi barədə qeyd iddiaçının sözlərinə əsasən aparılır. Daha sonra inəyin yarıldığı və heç bir infeksion və invaziyon xəstəliklərə şübhə olmadığı üçün inəyin elektrik cəryanından ölməsi barədə diaqnoz qoyulur. Başqa sözlə, nəticə etibarı ilə baytar həkim ölümün elektrik cəryanının vurması nəticəsində baş verməsini müəyyən etmir, istisna metodu ilə bu qənaətə gəlir. Halbuki, inəyin üzərində yüksək gərginlikli elektrik enerjisinə xas olan izlər olmalı (yanıq, qaraltı və sair, xüsusilə də ağ inək üzərində) və baytar həkim tərəfindən məhz bu izlərin mövcudluğu müəyyən edilməli idi.
26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Baytarlıq xidməti və nəzarəti tədbirlərininə görə alınan xidmət haqqının” məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına istinadən onu da qeyd edir ki, belə bir hadisənin baş verməsi nəticəsində görülməli olan baytarlıq-sanitariya tədbirləri çərçivəsində ölmüş heyvanların cəsədlərinin zərərsizləşdirilməsi zamanı iribuynuzlu heyvanın cəsədində yarma aparılmalı, laborator müayinələr üçün patoloji material götürülməli, yarma protokolu tərtib edilməli (çatdırılması və laboratoriya müayinəsi xərci nəzərə alınmadan), habelə cəsədin zərərsizləşdirilməsi zamanı dezinfeksiya işləri aparılmalıdır. Eyni zamanda, bu işlərin görülməsi üçün xidmət haqqı müəyyən edilmişdir. Lakin nə yarma protokolunun tərtib edildiyi, nə də ki, xidmətin haqqının ödənildiyi müəyyən edilir. xx.xx.2022-ci il tarixli akt isə nə forma, nə də ki, məzmun etibarı ilə yarma protokolu kimi qəbul edilə bilməz.
27. İddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurması isə ən yaxşı halda inəyin ölməsini təsdiq edir, lakin bu halın məhz yüksək gərginlikli elektrik enerjisinin təsirindən baş verməsi qənaətinə gəlmək üçün əsas deyil. Nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən ağaca bağlanmış elektrik xəttini müşahidə etmək olur. Lakin inəyin tələf olunmuş formasını əks etdirən hər hansı şəkil mövcud deyil.
28. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, ümumiyyətlə iddiaçının həyətindən keçən elektrik xəttinin tələb olunan texniki vəziyyətdə olmaması və ətrafdakılar üçün təhlükəli olduğu da aşkar deyil. İddiaçının bu məsələ ilə bağlı hadisədən əvvəl və ya sonra "xxxx" ASC-yə müraciət etməsi, həmin xəttin müayinə edilməsi və təhlükəsizlik qaydalarına cavab verməməsi də müəyyən edilmir. Hər bir halda, həmin xətt hadisə günü quraşdırılmamış və xeyli müddətdir ki, həmin həyətdədir. Onun təhlükəli olduğunu bilən və ya bilməli olan, habelə tələb olunan məsafədə quraşdırılmadığını müəyyən edən şəxs olaraq iddiaçı müvafiq tədbirlərin görülməsi üçün "xxxx" ASC-yə müraciət etməli idi.
29. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, vurğulayır ki, iddiaçıya məxsus olan inək tələf olmuşdursa da, onun məhz iddiaçının həyətindən keçən elektrik xəttinin (yüksək gərginlikli elektrik enerjisinin) təsiri nəticəsində tələf olması (səbəbli əlaqə) və bu baxımdan cavabdehin təqsiri (hərəkə və ya hərəkətsizliyi) müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq edir və iddianın rədd edilməsini şərtləndirir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.
31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: . Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2567/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.