Məhkəmə qərarları › İş №2(103)-6193/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6193/2019

27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6193/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndisi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsindən 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 87791,87 manat əsas borcun, 3862,70 manat faiz borcunun, cəmi 91654,57 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsiin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi, tələbin bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən olunması, açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qəbul ediləcək qətnamədə ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 180000 manat müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, o, əmlakın ipoteka qoyulmasına öz razılıq ərizəsini vermişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında imzalanmış 10.02.2016-ci il tarixli, 103850- 10543/1 saylı kredit müqaviləsinə əsasən bank borcalana 18 faizlə, 24 ay müddətinə 155.000 manat kredit vermişdir. Sözügedən kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 10.02.2016-ci il tarixli, 103850-10543/1 saylı sonra ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. Qətnamədən məlum olmuşdur ki, bankla borcalan arasında 10.02.2016-ci il tarixli kredit müqaviləsinə 25.05.2017-ci il tarixli 01 nömrəli əlavə razılaşma imzalanmış və əlavə razılaşma imzalandığı tarixdən 10.02.2016-ci il tarixli, 103850-105435/1 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmis əsas, faiz və cərimə borcları kapitallasdırılaraq əsas borca əlavə edilmiş və kredit ödənişləri yeni ödəniş cədvəli üzrə hesablanmışdır. Kredit müqaviləsinə əlavə və dəyişikliklər olunduğu halda ipoteka müqaviləsinə də əlavə və dəyişikliklər edilməli və DƏDRX-də müvafiq qeydiyyat aparılmalı olduğu halda bank bunu etməmiş və məhkəmə həmin hissəni araşdırmamışdır. Bundan başqa məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyən edərkən müstəqil qiymətləndirici rəyi olmadan, 2 il əvvəl bağlanmış müqavilədə qeyd olunan bazar dəyərini deyil likvid dəyəri əsas götürmüş və ilkin satış qiyməti kimi müəyyən etmişdir. Halbuki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 39.3.3cu maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndirici rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Nəzərə alsaq ki, ipoteka qoyan məhkəmə prosesində iştirak etməmiş və ipoteka predmetinin likvid dəyəri 2 il əvvəl müəyyən edilmişdir, hesab edirəm ki, məhkəmə real bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici tərəfindən rəy verilməsi məqsədilə ekspertiza təyin etməli idi. Bundan başqa işə əlavə olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən göründüyü kimi 10.04.2017-ci il bildiriş DƏDRX-nin Bakı səhər ərazi idarəsində qeydə alınmışdır. Halbuki, həmin tarixdən sonra, yəni 25.05.2017-ci il tarixli kredit müqaviləsinə 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Lakin məhkəmə ipoteka predmetinə tutmanın yönəldiməsi prosesinə riayət olunduğu qənaətinə gəlmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.4-cu maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Göründüyü kimi məhkəmə qeyd olunan hissədə də araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iş üzrə qiymətləndirmə rəyi ilə razı deyildir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədləri, “kredit müqaviləsinə əlavə razılaşma ilə dəyişikliklər olunduğu halda, ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilməməsi, ipoteka predmetinin ilkin satış qiyməti” ilə bağlı hissələrdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsi mübahisələndirilən, yəni evin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından 10.02.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC borcalan Cavabdeh1 illik 18 % ödəmək məqsədi ilə təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.02.2016-cı il tarixli kredit müqaviləsinə 25 may 2017-ci il tarixli 01 nömrəli Əlavə Razılaşmadan görünür ki, əlavə razılaşma imzalandığı tarixdən 10 fevral 2016-cı il tarixli, 103850-105435/1 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş əsas, faiz və cərimə borcları kapitallaşdırılaraq əsas borca əlavə edilmiş və kredit ödənişləri yeni ödəniş cədvəli üzrə hesablanmışdır. Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 155000 manat Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 10.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19.09.2017-ci il tarixə banka əsas borcu 87791,87 manat, faiz borcu 3862,7 manat, cəmi borcu 91654,57 manat təşkil edir. İş materiallarında olan Bankla Cavabdeh2 arasında bağlanmış 10.02.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Bankla Cavabdeh1 arasında bağlanmış 10.02.2016cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin likvid dəyəri 180.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar olaraq RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi 2 qeyri-yaşayış sahəsinin “xxxx” ASC-nin xeyrinə ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 12.02.2016-cı il tarixdə 38 nömrəli reystr kitabının 3655 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. İş materiallarında olan 10.04.2017-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən və Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün Bakı Apellyasia Məhkəməsinin 15 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi “xxxx” MMC-nə həvalə olunmuşdur. “xxxx” MMC-nin 22 oktyabr 2019-cu il,19/QY saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan 2017-ci ilin dekabr ayına bazar qiyməti 260000 manat, 2019-cu ilin oktyabr ayına isə 235000 manat təşkil edir. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Göründüyü kimi, apellyatorun ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 180000 manat müəyyən olunması hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 235000 manat müəyyən olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəf ipoteka predmetinin ilkin satış qiymətini iddia tələbi kimi qeyd etsə də, ilkin satış qiyməti qanunvericiliyin tələbinə görə qətnamədə mütləq olaraq göstərilməklə, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı tərəf qiymətləndirmə rəyi ilə razılaşmasa da, həmin rəyi şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. Kollegiya apellyatorun kredit müqaviləsinə əlavə razılaşma ilə dəyişikliklər olunduğu halda, ipoteka müqaviləsinə də əlavə və dəyişikliklər edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: -14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; -14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; -14.1.3. ipoteka predmeti dəyişdirildikdə; -14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. Göründüyü kimi, 10.02.2016-cı il tarixli kredit müqaviləsinə 25 may 2017-ci il tarixli 01 nömrəli Əlavə Razılaşmada əsas öhdəliyin mahiyyəti, ölçüsü və icra müddətinə dəyişiklik olmamış, ödənilməli olan borc məbləği kapitallaşdırılmışdır. Bundan əlavə əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçməmiş, ipoteka predmeti dəyişdirilməmiş, ipoteka predmeti özgəninkiləşdirilməmişdir. Göründüyü kimi, ipotekanın əlavə qeydiyyatı üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 manat iddiaçıdan alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: 3-cü şəxsin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsi mübahisələndirilən-“evin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat iddiaçıdan alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar