Məhkəmə qərarları › İş №2(103)-6193/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6193/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6193/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1420/2025 saylı, 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8764868B121 nömrəli kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 11931 manat məbləğində kredit verilmişdir "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 17 dekabr 2019-cu il tarixli 120.LN.1675.171219.00001 nömrəli kredit müqaviləsi üzrə 518.15 manat əsas, 16.18 manat faiz borcu olmaqla, cəmi 534.33 manat borcu vardır.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə 11800.11 manat əsas, 612.93 manat faiz, cəmi 12413.04 manat borcu mövcuddur.

3. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir.

4. Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2025-ci il tarixli 9/2516 nömrəli ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda cari hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, RGTK8764868B121 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (arayışda göstərilən tarix) banka olan faiz və əsas borcu 12.446,50 rrjanat məbləğində müəyyən edilir.: - əsas borc üzrə - 11800,11 manat - faiz borc üzrə - 646,38 manat.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11800.11 manat əsas, 612.93 manat faiz, cəmi 12413.04 manat məbləğində vəsaitin və ödənilmiş 127.24 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8764868B121 nömrəli kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 11931 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 11800.11 manat əsas, 612.93 manat faiz, cəmi 12413.04 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mirzəliyev Ruslan) iddianın təmin edilməsi, Cavabdeh 11800.11 (on bir min səkkiz yüz manat on bir qəpik) manat əsas, 612.93 (altı yüz on iki manat doxsan üç qəpik) manat faiz, cəmi 12413.04 (on iki min dörd yüz on üç manat dörd qəpik) manat borcun və 127.24 (bir yüz iyirmi yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 200 (iki yüz) manat ekspertiza xərcindən 100 manat iddiaçıdan, 100 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4, 739.1, 739.2, 740.1, 740.2, 740.3, 740.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1420/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini, iş üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11.800,11 AZN əsas; 612.93 AZN faiz;cəmi 12.413,04 AZN məbləğində vəsaitin, ödənilmiş 127.24 AZN dövlət rüsumunun və apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilmiş 63.62 AZN dövlət rüsumunun tutulması, bundan əlavə 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin mövqeyi tam əsassızdır, qətnamədə qeyd edilən qanunun tələblərinə uyğun gəlmir, ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə aşağıda qeyd edilənlərə görə iddianı təmin etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarınımüvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbi əsas və faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qanuni və əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 127.24 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunun müvafiq maddələrinə istinad etmiş, lakin düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə, xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsini qeyd etsə də düzgün qiymətləndirməmiş, heç bir əsas olmadan ekspertiza xərcini tərəflər arasında bölmüşdür. Cavabdeh tərəfin faizlərlə bağlı narazılığı əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2025-ci il tarixli 9/2516 nömrəli ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda cari hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, RGTK8764868B121 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (arayışda göstərilən tarix) banka olan faiz və əsas borcu 12.446,50 manat məbləğində müəyyən edilir, əsas borc üzrə - 11.800,11 manat, faiz borc üzrə - 646,38 manat. Ekspertizanın rəyi ilə də iddia ərizəsində verdiyi faizlərin rəqəmləri düzgün hesablandığı tam sübut olunur. Bundan əlavə məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil əsas borcu qəbul etdiklərini, faiz borcuna münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Buradan da görünür ki, cavabdeh tərəf rəydən sonra belə bir nəticəyə gəlmişdir. Qəbul edilmiş qətnamə həm maddi həm də prosessual hüquqlar pozularaq qəbul edilmiş, sübtulara düzgün qiymət verilməmiş, məhkəmə tərəfindən tam və düzgün araşdırılmamış, məhkəmə öz mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən iddia tam təmin edilmiş, lakin ekspertiza xərci həm iddiaçıdan, həm də cavabdehdən tutulması qət edilmişdir. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyində qeyd edilən rəqəmlər tərəfindən qaldırılmış iddianın məbləğindən belə artıq hesablanmışdır. Buradan da görünür ki, iddiası əsaslı və qanunidir. Məhkəmə iddianın əsaslı olduğu nəticəsinə gəlmiş iddianı təmin etmiş, hansı əsasa görə ekspertiza rəyinə görə hesablanmış 200 manat ekspertiza xərcini 100 manatını iddiaçıdan tutulması məlum deyil. Bu tam qanunsuz və əsassızdır. Bundan başqa bu cür qətnamənin çıxarılması banka əlavə itkiyə səbəb olmuşdur. Belə ki, əsassız qətnaməyə görə bank əlavə resursdan istifadə etmişdir. Bunlardan başlıca səbəb apellyasiya şikayəti vermək üçün əlavə olaraq 63.62 manat dövlət rüsumu ödənilmişdir. Əlavə xərcin səbəbi cavabdehin iddiadan narazılığı və məhkəmənin sübutları düzgün qiymətləndirilməməsindən irəli gəlmişdir. Ona görə də qeyd edilən məbləğdə ödənilmiş dövlət rüsumu da banka qaytarılmalıdır. Bir daha qeyd edir ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır və yuxarıda qeyd etdiyimiz səbəblərə görə ləğv olunmalıdır.

11. Qətnamədən Cavabdeh nümayəndəsi və və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1420/2025 saylı, 25 sentyabr 2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli restrukturizasiya müqaviləsinə əsasən, Bank cavabdehə 83 ay müddətinə illik 17 faiz dərəcəsi olmaqla 11931 manat məbləğində kredit vermişdir. Cavabdeh tərəfindən ödənişlər edilməsinə baxmayaraq, iddiaçı iddia tələbində ödənişləri nəzərə almadan şişirdilmiş məbləğ müəyyən etmişdir (kredit borcun xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 3 dəfə(!) restrukturizasiyası aparılmış və hər dəfə kreditin məbləği əsassız artmışdır). Məhkəmə qətnaməsində göstərilən müddəalar, guya ki məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil əsas borcu qəbul edilməsini, faiz borcuna münasibətdə isə məhkəmənin mülahizəsinə buraxıldığını bildirməsi tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Məhkəmə iclasında Vəkil əsas və faiz borcunu qəbul etməyərək, borc məbləğinin bank tərəfindən həddindən artıq şişirdilməsini, kredit borcunun dəfələrlə əsassız restrukturizasiyası olan zamanı kobud qanun pozuntulara yol verilməsini bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə isə rəyə əsaslanmaqla əsas borc üzrə 11800.11 manat; faiz borcu üzrə 612.93 manat borcunun olduğu qənaətinə gəlmişdir. Halbuki, cavabdehin borcu qətnamədə qeyd edildiyi məbləğdə olmamışdır. Cənab Prezidentin 28 fevral 2019-cu il tarixli fərmanı mütərəqqi bir fərman olmaqla əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsini nəzərdə tutmuşdur. Həmin fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi göstərilmişdir. Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi öz əksini tapmışdır. Çünki cavabdehin götürdüyü kredit məbləğinin qarşısında bu qədər şişirdilmiş borcu yarana bilməzdi. Kredit müqaviləsinə əsasən kredit məbləğinə, faiz dərəcəsinə nəzər yetirilsə , heç bir halda ola bilməz ki, belə bir borc məbləği yaranmış olsun. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Lakin iddiaçı qeyd olunan məbləğdə cavabdehin borcunun olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə rəyə əsaslanmaqla əsas borc üzrə 11800.11 manat; faiz borcu üzrə 612.93 manat borcunun olduğu qənaətinə gəlib. Halbuki, cavabdehin iddiaçıya olan borcunun dəqiq aydınlaşdırılması üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli idi. Lakin məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmənin iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa tarixə təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

17. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

20. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

21. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.

22. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı ASCnin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-1420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ekspertiza xərci olaraq 100 (yüz) manat pul vəsaitinin iddiaçıya aid edilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, İddiaçı ASC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,62 (altmış üç manat altmış iki qəpik) dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir.

33. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8764868B121 nömrəli kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 11931 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən Bank tərəfindən borcalana 83 ay müddətinə illik 17% dərəcəsi ilə 11931 manat məbləğində kredit verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticədə banka maliyyə arayışında göstərilən məbləğdə 11800.11 manat əsas, 612.93 manat faiz, cəmi 12413.04 manat borcu yaranmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2025-ci il tarixli 9/2516 nömrəli ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda cari hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, RGTK8764868B121 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (arayışda göstərilən tarix) banka olan faiz və əsas borcu 12.446,50 rrjanat məbləğində müəyyən edilir.: - əsas borc üzrə - 11800,11 manat - faiz borc üzrə - 646,38 manat.

34. Kollegiya qeyd edir ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Cavabdeh müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.

35. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalıdır. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə edərək pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

36. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətdə istinad etdiyi hallar işin müəyyən edilmiş halları ilə təkzib edilir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir. Mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İş materiallarında olan ekspertiza rəyi ilə borc məbləği təsdiq edilmişdir. Cavabdeh tərəfindən bunun əksini sübut edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə sübutları tədqiq etməklə eksperet rəyini nəzərə almaqla iddia tələbi həcmində Cavabdeh 11800.11 (on bir min səkkiz yüz manat on bir qəpik) manat əsas, 612.93 (altı yüz on iki manat doxsan üç qəpik) manat faiz, cəmi 12413.04 (on iki min dörd yüz on üç manat dörd qəpik) manat borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

37. Kollegiya iddiaçının apellyasiya şikayətinin qətnamənin ekspertiza xərcinin ona aid hissədə ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsinə baxmayaraq məhkəmə xərcləri hisssəsində iş üzrə aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin tərəflərdən qətnamədə göstərilən qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsinə dair qənaəti əsassız olmuşdur. Belə ki, iddia təmin edildiyi halda həmin məbləğ cavabdehə aid edilməlidir. Şikayətin dəlili əsaslı olmaqla təmin edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

42. Kollegiya iddiaçının apellyasiya şikayətinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,62 (altmış üç manat altmış iki qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,62 (altmış üç manat altmış iki qəpik) dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ekspertiza xərci olaraq 100 (yüz) manat pul vəsaitinin iddiaçıya aid edilməsi hissəsində ləğv edilsin. Həmin məbləğ cavabdehə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İddiaçı ASC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,62 (altmış üç manat altmış iki qəpik) dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar