Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6196/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilkin alğı-satqı zamanı ödədiyi 6.052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7.100 manat, mənəvi ziyan üçün 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, 2017-ci ilin bazar qiyməti ilə halhazırkı bazar qiyməti arasında olan fərq – 27.050 manat, cəmi 55.202 manat ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Hökməli bələdiyyəsinin 31 yanvar 2016-cı il tarixli 10 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün Bakı şəhər sakini Cavabdeh adına ayrılan 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsini Bakı şəhəri 11 saylı Notariat Kontoru vasitəsi ilə 6.400 manat qiymətləndirərək torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə ilə Cavabdeh almışdır. Həmin satış məbləğindən 5.950 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəf, yəni Cavabdeh ödəmişdir. Əlavə olaraq 92 manat ilkin alğı-satqı müqaviləsinin bağlanması haqqı üçün və 11 manat 50 qəpik etibarnamənin verilməsi haqqı kimi notariusa ödəmişdir. Satış məbləğinin qalan 450 manatını isə torpağın alğı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Bildirir ki, Cavabdeh ilə onun arasında 19 may 2017-ci il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh ona 19.05.2097-ci il tarixə qədər olan 80 il müddətinə AR-İ seriyalı 533626 saylı etibarnamə vermişdir. Alğı-satqı zamanı notarius Cavabdeh bildirmişdir ki, satılan 0,066 ha torpaq sahəsini alıcıya, yəni ona təhvil versin, o cümlədən torpağın alğısatqı üçün vacib olan sənədləri, şəxsiyyət vəsiqəsinin surətini, əri ilə arasında olan nikah şəhadətnaməsinin surətini və əri vəfat edibsə ölüm haqqında şəhadətnamənin surətini alıcıya təqdim etməlidir. Cavabdeh aldığı 0,066 ha torpaq sahəsini ona təhvil versə də, reyestr xidmətinə mülkiyyət hüququnun tanınması üçün təqdim etməsi lazım olan sənədləri təqdim etməmişdir. Lakin həmin sənədləri ona təqdim etməsi üçün dəfələrlə Cavabdeh zəng etsə də, onun qızı Oksana xanım gah ona bildirmişdir ki, anası Gürcüstandadır, gətirib sənədləri ona təqdim edəcəklər, gah da telefonunu açmamışlar. Cavabdehin ailəsinin bu hərəkəti artıq onda şübhələr doğurmağa başlamışdır. Alğısatqıdan bir müddət keçdikdən sonra Cavabdeh alğı-satqı zamanı onlarla birlikdə olan X3 ilə əlaqə saxlayaraq aralarında gizlin sövdələşmə apararaq, həmin torpaq sahəsinin 0,038 ha hissəsini ona satmış və ev tikintisi inşa etmək üçün sonuncuya razılıq vermişdir. İ.Fərzəliyev Cavabdeh razılığı əsasında onun xəbəri olmadan özbaşına olaraq qeyriqanuni surətdə həmin torpaq sahəsində özü üçün yaşayış evi tikdirməyə başlamışdır. O, torpaq sahəsinə baş çəkməyə gedərkən orada ev tikintisinin başlanmasının şahidi olmuş və M.Fərzəliyevə tikintinin dərhal dayandırmasını ona bildirmişdir. Lakin M.Fərzəliyev sözünə məhəl qoymayaraq işi davam etdirmişdir. Bu zaman o, Cavabdeh zəng etmişdir. Telefonu Cavabdeh qızı Oksana xanım açmışdır. O, sonuncuya bildirmişdir ki, sonuncular lazım olan sənədləri ona niyə gətirib vermirlər. Oksana xanım ona bildirmişdir ki, anası həmin torpaq sahəsini alğı-satqı zamanı onlarla birlikdə olan Məmmədhüseyn Fərzəliyevə satmışdır. M.Fərzəliyev də həmin torpaq sahəsində özünə ev tikmək istəyir, lakin o, sonuncuya imkan vermir. O isə Oksana xanıma bildirmişdir ki, həmin torpaq sahəsini alğısatqı müqaviləsi ilə o almışdır, pulunu da banka o ödəmişdir. Həmin torpaq sahəsi çökək olduğu üçün torpaq tökdürmüşdür, hamarlama işləri aparmışdır, onun bütün tərəflərini daş hasarla bağlamışdır və dəmir darvaza qoymuşdur və həmin torpaq sahəsini anası, Cavabdeh təhvil götürdükdən sonra həmin torpaq sahəsinə torpağın daşınması, traktorla hamarlanması, bünövrənin qazılması, dəmir darvaza, daş, sement və qumun alınması və usta üçün 7.100 manat pul xərcləmişdir. Sonuncu isə ona bildirmişdir ki, anası həmin alğısatqı müqaviləsini onunla formal olaraq bağlamışdır. Həmin torpaq sahəsini anası ona yox, X1. O, sonuncuya bu barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Oksana xanım ona bildirmişdir ki, onları məhkəmədən uzaq etsin. Əgər məhkəməyə versə, onlar məhkəməyə gəlib M.Fərzəliyevin xeyrinə ifadə verəcəklər. Bu zaman o, bu barədə Hökməli Bələdiyyəsinə məlumat verərək bildirmişdir ki, ona məxsus olan torpaq sahəsinə qanunsuz tikilən tikinti dayandırılsın. Bələdiyyədən ona bildirmişlər ki, həmin onun aldığı torpağın cizgisi başqa əraziyə düşür. Onun torpaq sahəsinin harada yerləşməsini bələdiyyə üzvündən soruşanda sonuncu ona heç bir izahat verməmişdir. Hansı ki, o, həmin torpağı alan zaman bələdiyyə üzvləri həmin ərazidə idilər və həmin torpağın ona satılmasının şahidi olmuşdular. İşin dayandırılmasına görə dəfələrlə etdiyi müraciətə məhəl qoyulmamışdır. O, bu barədə Abşeron rayon Polis İdarəsinin rəisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyri-qanuni tikilən tikintinin dayandırılmasını təmin etsinlər. Abşeron rayon Polis İdarəsi nəinki işi dayandırmamış, heç onun ərizəsinə də cavab verilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinə görə o, stres və həyacan keçirərək, xəstəliyə düçar olmuş və əmək qabiliyyətini itirərək 2 aydan artıq ambulator müalicə almışdır. Bununla da, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona maddi ziyan olaraq 13.152 manat, mənəvi ziyan olaraq 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, yəni əgər 2 il müddətinə həmin torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti qursa idi, həmin yuxarıda göstərdiyi məbləğ qədər fayda əldə edə bilərdi. 2017-ci ildə həmin torpaq sahəsinin bazar qiyməti 900 manat olduğu halda, halhazırda 5.000 manat civarındadır. Cavabdeh 2017- ci ildə ona satdığı həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 6.400 manat qiymətləndirilsə də, hal-hazırda həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 33.000 manat təşkil edir. 2017-ci ildə bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq 27.050 manat təşkil edir. Ona dəyən ziyan ümumilikdə 55.202 manat məbləği təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontorunun nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilkin alğı-satqı zamanı ödədiyi 6.052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7.100 manat, mənəvi ziyan üçün 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq – 27.050 manat, cəmi 55.202 manat ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, nə qədər ki, Bakı şəhəri 11 saylı notariat kontorunda tərəflər arasında bağlanmış 19 may 2017-ci il tarixli torpaq sahəsinin alğısatqısına dair ilkin müqavilə ləğv edilməyib və qüvvədədir, iddianın hazırkı şərtlər daxilində təmin/qismən təmin edilməsi mümkün deyil. Tərəflər arasında qarşılıqlı öhdəliklərin (bir tərəfin torpağa dair müvafiq sənədlər hazırlandıqdan sonra alğı-satqı müqaviləsi bağlaması öhdəliyi, digər tərəfin yekun müqavilə bağlanarkən qalıq məbləğin ödənilməsi öhdəliyi) yaranmasına əsas olan müqavilə qüvvədə olduğu dövr ərzində iddiaçının cavabdehdən torpağın ilkin alğı-satqı müqaviləsinə əsasən ödədiyi pulu tələb etməsi mümkün deyil. Eləcə də, əsas tələbdən doğan digər tələblərə (7.000 manat xərc, 10.000 manat mənəvi ziyan, 5.000 manat əldən çıxmış fayda, qiymət fərqi 27.050 manatın ödənilməsi tələbinə) hüquqi qiymət verilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hər hansı bir maddi hüquq normasının tələbləri ilə əsaslandırmamışdır ki, bu da qeyd edilən prosessual qanunvericiliyin tələblərinin pozuntusudur. Kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin mübahisə doğurmayan halı ondan ibarətdir ki, Cavabdeh müvafiq sənədlərə əsasən özünə ayrılmış Abşeron rayonu Hökməli bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsinin 0,066 ha hissəsini 6400 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanılmasına dair razılığa gələrək bu barədə 19 may 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlamışlar. İddiaçı razılaşdırılmış məbləğin 5950 manat hissəsini Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusunun bankda olan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Müqavilə şərtlərinə görə satış qiymətinin 450 manatı torpağın alqı-satqısına dair əsas müqavilə bağlanılarkən ödənilməli idi. İddiaçı həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində iştirak edərək, işin mübahisə doğurmayan “torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin şərtlərinin cavabdeh tərəfindən pozulduğuna əsaslanaraq iddia tələbinə uyğun izahatlar versə də, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı etiraz, mülahizə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edən kollegiya qeyd edir ki, tərəflər iradə ifadələrini əks etdirən müqavilə bağlamış və həmin müqavilə notariat orqanında təsdiq etdirməklə üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçı müqavilədə göstərilənlərə əməl etsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə şərtlərinə əməl etməkdən yayınmışdır. Cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Cavabdehin qeyd edilən müqavilə şərtlərinə əməl etməməsi iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)-4276/2019 saylı qətnaməsi ilə də təsdiq olunur. Birinci instansiya məhkəməsi ilkin müqavilənin mübahisələndirilməməsi və qüvvədə olmasına əsaslanaraq iddianı rədd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. İş materialları ilə müəyyən olunur ki, ilk müqavilə 19 may 2017-ci il tarixdə bağlanmış, lakin müqavilədə əsas müqavilənin bağlanması müddəti göstərilmədiyindən, həmin müqavilənin müddəti bir ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Qeyd edilən maddi hüquq normasının mənasına görə hazırki mübahisə üzrə tərəflər arasında bağlanan ilkin müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, həmin müqavilə öz hüquqi qüvvəsini itirdiyindən, ləğv olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Kollegiya qeyd edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün iddiaçı ona dəyən zərəri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan kimi ilkin alqı-satqı zamanı ödədiyi 6052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7100 manat, mənəvi ziyan üçün 10000 manat və əldən çıxmış faydaya görə 5000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırki bazar qiyməti arasında olan fərq 27050 manat, cəmi 55202 manat ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan sübutlarla iddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən 5950 manat pul ödəməsi öz təsdiqini tapdığından və həmin məbləğin hazırki vaxta kimi iddiaçıya qaytarılmadığından, həmin məbləğ iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilərək, cavabdehdən tutulub, iddiaçıya öədnilməlidir. İddia tələbinin digər hissələri ilə bağlı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun zəruri sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissələrdə əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalırının tələblərinin pozulması ilə qəbul edildiyindən, apelyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5950 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6196/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6196/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver