Məhkəmə qərarları › İş №2(103)-6200/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6200/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6200/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-5019/2017 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2012-ci il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 1.688 ABŞ dolları, faiz borcu kimi 1.135 ABŞ dolları, cəmi 2.823 ABŞ dolları cavabdehlərdən – kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 1.688 ABŞ dolları, faiz borcu kimi 1.135 ABŞ dolları, cəmi 2.823 ABŞ dolları qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı ASC-nin Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 01 nömrəli kredit müqaviləsi bağlanıb. Cavabdeh2 zamindir, zaminlik müqaviləsi eyni tarixdə bağlanıb, zaminliyin müddəti göstərilməyib. Kredit öhdəliyinin müddəti 18 aydır, bu müddət xx.xx.2014-cı ildə başa çatıb. İddia ərizəsi isə bu tarixdən 3 il 2 ay sonra – xx.xx.2017-ci ildə verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, zaminlik xitam olunduğuna görə Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır. Birinci instansiya məhkəməsi ona qarşı iddianı təmin etməklə maddi hüquq normasını pozub. Ona görə də qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli və ona qarşı yönəlmiş tələb rədd olunmalıdır. Qətnamənin qalan hissəsi mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)- 5019/2017 nömrəli qətnaməsi Cavabdeh2 aid olan hissədə ləğv olunsun İddiaçı ASC-nin Cavabdeh2 qarşı əsas borc kimi 1.688 ABŞ dolları, faiz borcu kimi 1.135 ABŞ dolları, cəmi 2.823 ABŞ dolları, dövlət rüsumunun əvəzi kimi 30 manat tutulmasına dair tələbi rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar