Məhkəmə qərarları › İş №2(103)-6200/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6200/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6200/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2(010)-394/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 manat maddi ziyanın, 500 manat vəkil xidməti kimi ödənilən pulun və 211,5 manat dövlət rüsumu kimi ödənilən pulun, ümumillikdə 40711,5 manat pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qabaqcadan planlaşdırılmış şəkildə İddiaçı etibarını əldə etmiş, birinci dəfə ona məxsus “Nitya” kosmetoloji preparatlarının İstanbuldan Bakıya gətirilməsi üçün Cavabdeh1 tərəfindən bildirmişdir ki, onun tanışı Cavabdeh2 yük daşıma işləri ilə məşğul olur. Həmin vaxtı məlum preparatları Bakıya çatdırmışdır. Daha sonra yenidən həmin preparatları Bakıya gətirmək istəyən zaman həmin şəxslər bildirmişdirlər ki, onlar preparatları gətirə bilərlər. Yenidən ümumi dəyəri 40000 manat olan “Nitya” preparatını İstanbulda Cavabdeh2 tanışı qəbul etmiş və Bakıya çatdırmış, daha sonra Cavabdeh2 və Cavabdeh1 həmin preparatları digər həkim kosmetoloqlara baha qiymətə satmışdırlar. Hazırda etdiyi şikayətlər nəticəsində hər iki şəxs barəsində AR CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işi başlanmş və hazırda icraat davam etdirilir. Hər iki şəxs istintaqa bildirmişlər ki, güya dərman preparatları X7 xidməti tərəfindən müsadirə olunmuşdur. Müstəntiq tərəfindən Gürcüstan Gömrük xidmətinə sorğu edilmiş və ordan bildirilmişdir ki, belə fakt olmamışdır. Cavabdehlərin əməlinə cinayət mühakimə icraatı zamanı hüquqi qiymət veriləcəkdir. Hər bir cavabdeh ona ayrı - ayrılıqda 20000 manat maddi ziyan vurmuşdur və bunu istintaq zamanı etiraf etmişlər.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2(010)- 394/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyana görə 28972 manat, vəkil xidməti kimi ödənilən 500 manat və 178,42 manat dövlət rüsumu kimi ödənilən pul vəsaitinin, ümumillikdə 29650,42 manat pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

4. Qətnamənin əsaslarına görə, İddiaçı Türkiyənin İstanbul şəhərindən kosmetoloji vasitələrin gətirilməsini Cavabdeh1 vasitəsilə Cavabdeh2 tapşırmışdır. Cavabdehlər bu növ xidmətlərin göstərilməsi sahəsində çalışırlar. Mallar İstanbulda Cavabdeh2 vasitəçiliyi ilə üçüncü şəxslər tərəfindən təhvil alınmışdır. Sonradan, mallar Bakıya çatdırılmamış, Cavabdeh1 Cavabdeh2 demişdir ki, mallar Gürcüstanda gömrükdə saxlanılmış və müsadirə edilmişdir, Cavabdeh2 da bunu təsdiqləmişdir. Malların müsadirəsi ilə bağlı sənəd mövcud deyil. İddia tələbinin dəymiş 40000 manat maddi ziyan vəsaitinin cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında şifahi tapşırıq müqaviləsi bağlayaraq onlara malların Bakıya gətizdirilməsini tapşırmışdır. Tapşırığın alınmasının Şamil və İsmayıl öz ifadələrində təkzib etməyiblər. Cavabdehlər iddiaçıya malların Gürcüstan Respublikasında gömrükdə saxlanılıb müsadirə edildiyini bildirsələr də, bunu təsdiq edən sübutu nə iddiaçıya nə də məhkəməyə verməmişdir. Belə ki, cavabdehlərin polis əməkdaşlarına verilən izahatlarda iddiaçıdan sifariş alınmasını və malların İstanbuldan götürülməsini təkzib etməyiblər. Həmin izahatlarda, Cavabdeh2 10000 manat pulun iddiaçıya çatdırılması üçün digər Cavabdeh1 verdiyini qeyd etmişdir. Cavabdeh1 isə izahatında bildirmişdir ki, Şamil pulu İddiaçı ofisində birbaşa Nigara vermişdir və həmin zaman Cavabdeh1 özü də ofisdə olmuşdur. İddiaçı isə 10000 pulun ona verilməsini təqzib etmişdir, həmçinin, cavabdehlər tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehlər ziyanın vurulmasını, yəni malların təhvil alınmasını, lakin iddiaçıya təhvil veməməsini, təkzib etməmişdirlər. Yuxarıda göstərilmiş qanunvericiliyin tələblərinə əsasən əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə qeyd edir ki, malların Gürcüstan sərhədində müsadirə edilməsi barədə sənədin təqdim edilməsi cavabdehlərin maraqlarında idi. Lakin, onlar bununla bağlı heç bir sübut təqdim etməmiş, eyni zamanda AR Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq, X4 Quru Sərhəd mühafizəsi departamenti tərəfindən bu halı müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq, cavabdehlər tapşırıq müqaviləsi üzrə öz vəzifələrini icra etmədiyi üçün və bununla da vəkalət verən - iddiaçıya ziyan vurulmuşdur, iddiaçı haqlı olaraq onlardan ziyanın ödənilməsini tələb etmişdir. Ziyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən Nitya Collagen 70 preparatının 1 ədədinin 2021-ci ilin oktyabr ayına nəzəri qaydada, orta bazar qiymətləri ilə təqribi dəyəri 110 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş hesabı (invoys) məhkəmə tərəfindən yoxlanılmış və mötəbər hesab edilmişdir. Həmin xx.xx.2021-ci il tarixli hesab üzrə 1 ədəd Nitya preparatının qiyməti həmin tarixdə ƏDV ilə birlikdə təxmini 144 manat təşkil etmişdir. Ekspert rəyində də qiymətin 110 manat göstərildiyi nəzərə alınaraq, həmin qiyməti ağlabatan hesab etmək olar. Qeyd olunan hesabdan görünür ki, iddiaçı 200 ədəd “Nitya Collagen 70” preparatı üçün cəmi 159453,40 TL (həmin tarixə 28972 manat) ödəniş etmişdir. Məhkəmə bu hesabı əsas tuturaq hesab edir ki, iddiaçıya 28972 manat ziyan vurulmuşdur və cavabdehlər vurulmuş maddi ziyana görə birlikdə məsuliyyət daşıyırlar.

5. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.1. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 28-ci bənd. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

11. MPM-nin 24-cü maddəsinə işlərin məhkəmə aidiyyatı müəyyən edilərkən 3 meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır.

12. Birinci instansiya məhkəməsində məhkəmə aidiyyəti ilə bağlı məsələ düzgün şəkildə araşdırılmamış və iş kommersiya məhkəməsinə göndərilməli olduğu halda mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmışdır.

13. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı aid VÖEN məlumatlarında fəaliyyət istiqaməti – “uşaq saç kəsimi xidmətlərinin göstərilməsi”, fəaliyyət obyektləri isə - “gözəllik salonu”, “lazer epilyasiyası”, Cavabdeh2 aid VÖEN məlumatlarında isə fəaliyyət istiqaməti – “ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı”, fəaliyyət obyektləri isə - “ətriyət mağazası”, “İdor Parfumeriya” qeyd olunmuşdur. Digər Cavabdeh1 isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşbul olan fiziki şəxs kimi qeydə alınmamışdır. Yəni, iddiaçı və Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydə alınsa da, digər Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydə alınmamışdır.

14. MPM-nin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarının 28-ci bəndində qeyd olunmuşdur ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan işin subyektiv tərkibinin statuslarını, mübahisənin kommersiya xarakterini nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə kommersiya məhkəməsinə aiddir.

17. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından mübahisə kommersiya mübahisəsidir və buna görə də, birinci instansiya məhkəməsi hazırkı tələbə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmaqda haqlı olmamışdır. Buna görə də şikayətlər qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2(010)- 394/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2(010)- 394/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar