Məhkəmə qərarları › İş №2(103)-6201/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6201/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6201/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment miqdarının artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (qardaşı) X7 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment məbləği”nin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3172/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3172/2019 saylı qətnaməsi ilə hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat müəyyən edilmişdir. Aliment məbləğinin artırılmasından 4 il keçmiş, uşaqlar böyüdükcə onların təlabatının artması və 4 il ərzində ölkədə baş verən devalvasiya və infiliyasiya hallarını nəzərə alaraq 3 uşağın saxlanılması üçün 420 manat uşaqların maraqlarını tam təmin etmir. Uşaqlar hər il bir yaş daha böyüdükcə onların artan tələbatını ödənilən aliment layiqli səviyyədə təmin etmədiyi üçün aliment məbləğinin artırılması zərurəti vardır.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramin Quliyev) ilə iddia qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə tutulmalı olan alimentin məbləği 180 manat olmaqla, cəmi 540 manat müəyyən edilmiş, dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmış, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir.

5. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə alimentin məbləğinin artırılmasına qərar verərkən onun ikinci dəfə nikaha daxil olmasını, həmin nikahdan 2 azyaşlı övladının olmasını, həmçinin arvadının 3-cü dəfə hamilə olmasını nəzərə almamışdır. X15 şəhərində Neft-qaz idarəsində mühafizəçi kimi çalışır, 400 manat əmək haqqı alır, alimentin məbləği artırılsa, o daha da çətin vəziyyətə düşəcək. Uşağın təlabatının ödənilməsi, həm də valideyn olaraq uşaqların anasının- iddiaçının vəzifəsidir, iddiaçı ADPİ-də Xarici dillər kafedrasında baş müəllimdir, 1000 manatdan yuxarı əmək haqqı alır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, alimentin hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (qardaşı) X.Məmmədov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hər uşaq üçün 160 manat olmaqla 480 manat məbləğində alimentin müəyyən edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, indiki dövrdə uşaqların bütün xərcləri, tələbatları artmış, əvvəl tutulan aliment onların xərcini qarşılamağa kifayət etmir. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi. Sübutların tədqiqi:

9. AZ-İ seriyalı, 965388 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında nikah xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1350 nömrəli akt qeydi tərtib edilmişdir.

10. AZ-İİİ seriyalı, 794902 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2015-ci təvəllüdlü X5 doğulmuşdur.

11. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12852/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat müəyyən edilməsi qət edilmişdir

12. AZ-İİİ seriyalı, 921131 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2017-ci təvəllüdlü X6 doğulmuşdur.

13. USM Hamiləliyin müayinəsindən görünür ki, X10 7-8 həftəik hamiləlik dövründədir.

14. “AZEMİS” Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “gözətçi” vəzifəsində işləyir və aylıq əmək haqqısı 300 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 34.3. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur.

21. Maddə 76.2. Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

24. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

26. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

28. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

29. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən

30. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

31. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

32. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

33. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir.

34. Qeyd edilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual hüquq normaları:

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Hazırkı işin faktiki hallarına görə tərəflərin rəsmi nikaha daxil olması, həmin rəsmi nikah münasibətlərindən üç uşağın olması, uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Tərəflər arasında mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan uşaqların tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh isə ikinci dəfə nikaha daxil olduğunu, həmin nikahdan 2 övladının olmasını, arvadının 3-cü uşağa hamilə olmasını qeyd edərək müəyyən edilən alimenti ödəməyə maddi durumunun çətin olduğunu bildirmişdir.

46. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi bildirmişdir ki, “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilməsinə istinad etmişdir.

47. Kollegiya hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən hər üç uşağa görə əvvəlki qətnamə ilə 140 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

48. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti verən cavabdehin əsas dəlili yenidən nikaha daxil olması və bu nikahdan iki övladının da olması və arvadının 3-cü uşağa hamilə olmasıdır ki, Kollegiya bununla bağlı aşağıdakıları bildirir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

50. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

51. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallara münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

52. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin qazancının aşağı olması onu uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir”.

53. Beləliklə, cavabdehin yenidən nikaha daxil olması, yeni nikahdan uşaqlarının olması onu əvvəlki nikahdan olan uşaqları saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmədiyindən, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. «MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

57. Belə olan halda, alimentin artırılması nəticəsində cavabdehdən tutulan alimentin bir il ərzində miqdarı (180-140=40x3=120x12=1440) 1440 (min dörd yüz qırx) manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar