Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6205/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(006)-2245/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-dən 1100,14 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-dən 22.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 3900 ABŞ dolları məbləğində borc götürmüşdür. Bundan sonra borcu ödəyə bilmədiyindən cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmiş və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsi ilə 3655,87 ABŞ dolları pulun tutulması qət olunmuşdur. Bundan sonra Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsi icra edilməsi üçün cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən pensiyasına yönəldilmiş tutqu əsasında onun pensiyasından 1823,81 manat pulu tutulmuş, Azərbaycan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiya edilməsindən sonra təqaüdündən tutulan məbləğ dayandırılmış, lakin 2019-cu ilin iyul ayından başlayaraq təqaüdündən tutqunun aparılması qanunsuz olaraq davam etdirilməyə başlamışdır. Tərəfindən "xxxx" ASC-dən ona Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı ilə hesablanmış 1100,14 manat kompensasiya ödənilməsi üçün müraciər edilsə də, cavabdeh həmin pulu ona ödəməkdən imtina etmiş və bununla da əsasız olaraq özgə vəsaitini saxlamaqla varlanmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi isə iddiaçının təqaüdündən tutulmanı yenidən başlamaqla Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının ziddinə gedərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(006)-2245/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili kimi göstərilən Elxan Osmanov tərəfindən məhkəməyə teleqram ünvanlararaq, məhkəmə iclasının başqa vaxta təxirə salınması xahiş edilsə də, hər hansı sənəd əlavə edilmədiyindən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3552/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu İddiaçı 22.10.2014-cü il tarixli, 12577nkGNDJ/14 saylı Kredit və Bank hesabı müqaviləsinə əsasən 2682,54 ABŞ dolları əsas, 441,12 ABŞ dolları faiz, 532,21 ABŞ dolları cərimə olmaqla, cəmi 3655,87 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq kreditor "xxxx" KB ASC-yə ödənilməsi əmr verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər DSMF-nun Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 16.08.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Kəpəz rayon DSMF-dan 2 qrup əlilliyə görə 177,56 manat pensiya alır. 01.10.2016-cı ildən pensiyanın aylıq məbləğindən 01.09.2016-cı il tarixli 2(043)-3552/2016 saylı icra məktubuna əsasən "xxxx"a cəmi 1823,81 manat məbləğində tutulmalar aparılmış və "xxxx"a köçürülmüşdür. İş materiallarında olan kompensasiya hesablanması barədə 15.08.2019-cu il tarixli çıxarışından görünür ki, iddiaçıya cəmi 2684,12 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir, ondan 1583,98 manat məbləğində borcların ödənilməsinə yönəldilmişdir. Həmin kompensasiya məbləğinin verilməsinə üç əsas kredit münasibəti çıxış etmişdir. 21 fevral 2015-ci il tarixə hesablanan borc 856,46 ABŞ dolları, digər kredit müqavilələri üzrə isə 21 dekabr 2015-ci il tarixə hesablanan borc 218,14 və 1609,52 ABŞ dolları olmuşdur. Bank tərəfindən hesablanmış 1100,14 manat məbləğində kompensasiya məbləği iddiaçının sərəncamına verilmişdir. 01.03.2019-cu il tarixə hesablanan 184,04 manat və 129,77 manat ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş İddiaçı bank hesabından çıxarışlarından görünür ki, 17.07.2013-cü il tarixli 398sGNDJ/13 saylı kredit müqaviləsi üzrə 28.01.2019-cu il tarixli Fərmana əsasən 129,77 manat kompensasiya hesabına 19.04.2019-cu il tarixdə köçürülmüş və həmin tarixdə kredit müqaviləsinə əsasən vaxtı keçmiş kreditin ödənilməsi üçün balansdan silinmişdir, 12.05.2014-cü il tarixli 2627tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 28.01.2019-cu il tarixli Fərmana əsasən 184,04 manat kompensasiya hesabına 19.04.2019-cu il tarixdə köçürülmüş və həmin tarixdə kredit müqaviləsinə əsasən vaxtı keçmiş kreditin ödənilməsi üçün balansdan silinmişdir, 22.10.2014-cü il tarixli 12577nkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 28.01.2019-cu il tarixli Fərmana əsasən 594,55 manat kompensasiyası İddiaçı hesabına 10.05.2019-cu il tarixdə köçürülmüş və həmin tarixdə kredit müqaviləsinə əsasən vaxtı keçmiş kreditin ödənilməsi üçün balansdan silinmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 31.01.2020-ci il tarixli məktubundan görünür ki, kompensasiyanın hesablanması və ödəniş müddəti keçmiş kreditlərə yönləndirilməsi kredit təşkilatları tərəfindən təqdim olunmuş məlumatlar əsasında həyata keçirilmişdir. İddiaçı kredit təşkilatı qarşısında əlavə olaraq hər hansı gecikməsi olan kredit borcları və ya zaminlik öhdəliyi mövcud olduğu hallarda, habelə həmin borcların akseptsiz silinməsinə dair yazılı razılığı olduğu hallarda, hesablanmış kompensasiyanın qanunvericilik çərçivəsində həmin borclara tutulması mümkündür. "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankınin Baş Direktoruna, surəti İddiaçı ünvanlanmış 07.05.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" KB ASC-də 22.10.2014-cü tarixdə illik faiz dərəcəsi 27% olmaqla, 24 ay müddətinə, 3900 ABŞ dolları məbləğində 12577nkGNDJ/14 saylı kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri müştəri tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəsxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə təbdirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. İmzalanmış kredit və bank hesabı müqaviləsinə əsasən Bank, müştərinin öhdəlikləri üzrə onun bütün hesablarından akseptsiz qaydada pul vəsaitinin silinməsi hüququna malik olduğundan, hesablanmış kompensasiya məbləği cari hesaba köçürülərək vətəndaşın sərəncamına verilmiş, daha sonra isə 10.05.2019-cu il tarixdə vəsaiti cari gecikmədə olan 12577nkGNDJ/14 saylı kredit müqaviləsinə yönəldilmişdir. Vətəndaşın 09.05.2019-cu il tarixə ümumi borcu 2573,06 USD təşkil edib. Eyni zamanda 01.03.2019-cu il tarixdə 12577nkGNDJ/14 saylı kreditin gecikmə günləri 360+ olmasına baxmayaraq banka təqdim olunan restrukturizasiya olunacaq kreditlər siyahısında mövcud deyil. Mövcud kredit borcunun restrukturizasiya edilməsi üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. “Unibank" KB ASC tərəfindən verilmiş 16.03.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı 17.07.2013-cü il tarixli 398sGNDJ/13 saylı və 12.05.2014-cü il tarixli 2627tkGNDJ/14 saylı kredit müqavilələri üzrə Banka borcu olmadığını, 22.10.2014-cü il tarixli 12577nkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən Banka əsas borc üzrə 1744,45 ABŞ dolları məbləğində borcu olduğunu göstərilmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçıya cəmi 2684,12 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir, ondan 1583,98 manat məbləğində borcların ödənilməsinə yönəldilmiş, 1100,14 manat məbləğində kompensasiya məbləği qalmışdır. 10.05.2019-cu il tarixdə həmin məbləğ hesabına iddiaçının 09.05.2019-cu il tarixinə qalmış 2573,06 ABŞ dolları məbləğində əsas borcdan silinmiş, həmçinin iddiaçının özü ümumilikdə 234,06 ABŞ dolları ödəniş etmişdir ki, bu məbləğ də onun əsas borcundan silinmiş, məhz buna görə də onun Banka əsas borc üzrə 1744,45 ABŞ dolları məbləğində borcu qalmışdır. Yəni, iddiaçının hazırda tələb etdiyi məbləğ silinməmiş olsa idi, onun borcu 1744,45 ABŞ dolları yox, 2.339 ABŞ dolları təşkil etmiş olardı. Görünüyü kimi, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının öhdəlikləri üzrə onun bütün hesablarından akseptsiz qaydada pul vəsaitinin silinməsi hüququna malik olduğundan, bank iddiaçıya hesablanmış kompensasiya məbləği ödəniş müddəti keçmiş kredit müqaviləsi üzrə borcların ödənilməsinə yönəltməkdə haqlı olmuşdur. İddiaçının tələbi əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə biməz.
Məhkəmə qərarları › İş №2(103)-6205/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6205/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver