Məhkəmə qərarları › İş №2(103)-6206/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6206/2021

17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6206/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və cavabdeh "xxxx" MTK-nin nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MTK və Bakı şəhəri Cavabdeh2nə qarşı “mənzillərin təmir xərclərin və maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativindən və Cavabdeh2ndən müştərək qaydada mənzillərin təmirinə görə ödənilməli olan 30126,00 manat xərclərin, müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1710,00 manat, mənzillər müqavilə ilə nəzərdə tutulan vaxtda ona təhvil verilmədiyinə görə 5000,00 manat vurulmuş mənəvi ziyanın və dövlət büdcəsinə ödənilmiş 31,00 manat dövlət rüsumunun, cəmi 36.867,00 manat məbləğində pulun onun xeyrinə tutulması və 01 sentyabr 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsininin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, X5 ilə "xxxx" MMC arasında bağlanan 06.06.2017-ci il tarixli, 02 N°-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, tərəflər "Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, "Mülkiyyətçi”nin isə söküləcək mənzilin "Gözəl Bakı” MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar (iş.səh.12), X7 ilə "xxxx" MMC arasında bağlanan 22.06.2017-ci il tarixli, 21 N-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, tərəflər "Gözəl ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 38.4 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın D girişində 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 58.3 kv.m olan təmirli mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, "Mülkiyyətçi”nin isə söküləcək mənzilin "Gözəl Bakı” MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar (səh.47), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2020-ci il tarixli, 10/148 saylı rəyindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın «A» blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin faktiki sahəsinin 119,4 kv.m təşkil etdiyi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın «A» blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərində aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 30126,0 manat məbləğində olduğu və həmin mənzillərin ümümlikdə 119,4 kv.m oluğunu nəzərə alaraq, 252,3 (30126,0:119,4) hər 1,0 kv.m sahəyə təqribən 252,3 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). (səh.70) . Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Mənzil-Tikinti Kooperativindən müqavilə üzrə az olan 1.14 kv.m sahənin əvəzi olaraq 1710 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 1,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi,ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 04 manatı cavabdeh "xxxx" MTKdan, 96 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 , 76.1 və 76.2 , 77.1, 119.1, 217.4; Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 14.2.6, 21.2, 324.5, 385.1, 386.1, 389.1, 390.1, 404, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin "təmirsiz" kimi qeyd olunmasını texniki yazı səhvi hesab edərək və müqavilənin 2.2.4-cü bəndində mənzillərin "təmirli” verilməsinin nəzərdə tutulduğuna istinad edərək mənzilin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərcin, mənzillərin sahəsinin müqavilə üzrə nəzərdə tutulan sahədən 1,14 kv.m az olduğuna istinad edərək, həmin sahənin əvəzi olaraq 1710,00 manat pulun və mənzillərin müqavilə ilə nəzərdə tutulan vaxtda ona təhvil verilməməsini əsas gətirərək 5000,00 manat vurulmuş mənəvi ziyanın cavabdehlərdən onun xeyrinə tutulmasını, həmçinin 01 sentyabr 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmasını tələb edir. İddiaçının mübahisələndirdiyi məsələlərin hər biri cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ilə onun arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədən əmələ gələn münasibətlər üzrə yaranmışdır və aparılmış məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçının irəli sürdüyü tələblərin hər hansı biri üzrə öhdəlik daşıması müəyyən edilməmişdir. Ona görə də tələblərin əsaslı olub- olmaması cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə münasibətdə aydınlaşdırılmalıdır. İddia tələbinin müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1710,00 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissəsinə münasibətdə əsaslıdır. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən iddiaçıya ümumilikdə sahəsi 120,54 kv.m təşkil edən mənzillər verilməli olmasına baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2020-ci il tarixli, 10/148 saylı rəyinə əsasən iddiaçıya ümumilikdə sahəsi 119,4 kv.m təşkil edən mənzillərin verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə cavabdehin iddiaçını aralarında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədə nəzərdə tutulan sahədən 1,14 kv.m az yaşayış sahəsi ilə təmin etdiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, az verilən sahənin əvəzi olaraq 1710 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilməlidir. İddiaçının mübahisələndirdiyi digər bir məsələ mənzillərin cavabdeh tərəfindən ona təmirli verilməli olduğu halda, təmirsiz verilməsi ilə bağlıdır. İddiaçının qeyd olunan tələbinə qarşı cavabdeh tərəf mənzillərin təmirsiz verilməli olduğunu iddia edir, tərəflər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində iddiaçıya verilməli mənzillərin “təmirsiz”, 2.4-cü bəndində isə “təmirli” verilməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mövcud praktika və işgüzar adətlər nəzərə alınmaqla ağlabatan mühakimə əsasında həll edilməlidir. Nəzərə almaq lazımdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində dövlətin müvafiq qərarları ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir.İddiaçıya məxsus 2 otaqlı 54.9 kv.m mənzilin əvəzinə ona ümumilikdə 120,54 kv.m sahəsi olan iki mənzilin verilməsi (2 otaqlı 67.50 kv və 1 otaqlı 53.04 kv.m olan mənzillər) razılaşdırılmışdır. Göründüyü kimi, belə nəticə iddiaçının təhvil verdiyi mənzilin sahəsindən iki dəfədən də artıqdır. Hansı ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə sökülmüş mənzillərin sahələrindən 15-30 faiz artıq sahəli mənzillər təklif olunması ilə bağlıdır. Hazırki işdə isə iddiaçıya onun sökülmüş mənzilinin sahəsindən ümumilikdə 100% artıq sahəli 2 mənzil verilmişdir. Belə olan halda həmin mənzillərin təmirli şəkildə verilməsi iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən, iddiaçının mənzilin təmirinə görə ödənilməli olan 30126,00 manat xərcin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbi əsaslı deyil. İddia tələbinin 5000,00 manat vurulmuş mənəvi ziyanı mənzillərin ona müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil verilməməsi ilə əlaqələndirir. Tərəflər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədən görünür ki, mənzillərin 18-24 ay müddətində iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda mənzillərin açarının iddiaçıya 2019-cu ilin aprel ayında təhvil verildiyini bildirmişdir. Göründüyü kimi, mənzillərin təhvili üçün müqavilədə nəzərdə tutulan müddət cavabdeh tərəfindən ötürülməmişdir. Ona görə də tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir.İddia tələbinin 01 sentyabr 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsininin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması hissəsini də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında iddiaçının mənzilləri təhvil aldıqdan sonra təmir etdirərək hazırda orada yaşadığını bildirmişdir İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 214/2021 saylı işi üzrə 17 mart 2021 -ci il tarixli qətnaməsini qismən yəni "iddia ərizəsinin təmin edilməmiş hissəsində" ləğv edərək iddia ərizəsinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu 10.4, 14.4, 15.1, 16.1, 17; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin385.1, 385.1.1; 13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 324.1, 324.5, 385.1, 390.1, 405.1, 425.1, 442.1, 443.1, 443.2, 445.1, 445.2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 06 iyun 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən "Gözəl ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda ona məxsus mənzilin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın "A" girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan "temirsizmənzillərin"xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verilməsini öhdəliklərini götürmüşlər. Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalu, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il Qərarına əsasən mülkiyyətlərində olan mənzilin sökülməsi və onun yerinə həmin ərazidə inşa ediləcək yeni hündürmərtəbəli binada qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin verilməsinin təminatçısı sifarişçi Bakı Şəhəri Cavabdeh2dir. Bu səbəbdən sifarişçi Bakı Şəhəri Cavabdeh2 vətəndaşlar ilə şirkət arasında yarana biləcək mübahisələrə görə bu müqaviləyə nəzarət edən bir qurum kimi məsuliyyət daşıyır. Müqavilə bağlanmamışdan əvvəl Kooperativin rəhbərliyi ilə aparılan danışıqlar zamanı razılığa gəlinmişdir ki, mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi onu təmirli mənzillər ilə təmin edəcək. Bu səbəbdən aralarında bağlanmış Müqavilə üzrə hər iki tərəfin iradə ifadəsinə görə ona veriləcək mənzillərin təmirli olması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuşdur ki, cavabdeh Gözəl-Bakı" Mənzil-Tikinti Kooperativi təmirli mənzillər ilə təmin etməlidir. Lakin, həmin Müqavilənin 1.1-ci bəndində ona təhvil veriləcək mənzillərin "təmirsiz" kimi qeyd olunması isə texniki yazı səhvi olmuşdur. Həmin texniki yazı səhvini əsas götürən kooperativ ona verilən mənzillərin təmir edilməsindən və ya təmirinin dəyərinin ödənilməsindən imtina edir. Dəfələrcə, şifahi və yazılı müraciətlərimə baxmayaraq, Müqavilənin bir neçə bəndində mənzillərin məhz ona təmirli şəkildə verilməsi nəzərdə tutulduğunu bildirsə də kooperativ müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirməklə boyun qaçırmış və mənzillərin açarlarını təmirsiz şəkildə ona vermiş və bundan sonra aralarında olan mübahisənin məhkəmə müstəvisinə keçdiyini məhkəmə mübahisəsinin uzun çəkəcəyini nəzərə alaraq mənzillərinin təmir işlərinə başlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə bildirir ki, mənzillər ona hazırkı vaxta kimi təhvil-təslim aktına əsasən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/148 nömrəli. 03 iyul 2020-ci il tarixli Ekspert rəyinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın "A" blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi faktiki sahəsi 119,4 kv.m və həmin mənzillərin hər kv.m sahəsinə görə 252,30 manat təmir xərcləri müəyyən olunmuşdur. Bu səbəbdən hesab edir ki, kooperativ ona mənzillərin təmirinə görə hər kv.m üçün 252,30 manat olmaqla mənzillərin ümumi sahəsinə uyğun olaraq 119.4 kv.m üçün ümumilikdə 30126,00 manat ona ödəməlidir. Həmçinin, onun ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış Müqavilənin 1.1.-ci bəndinə əsasən cavabdeh 2 otaqlı sahəsi 67.50 və 1 otaqlı sahəsi 53.04 kv.m, ümumi sahəsi 120,54 kv.m-dən ibarət 2 təmirli mənzil ona təhvil verməli idi. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi açarlarını ona vermiş olduğu mənzillərin ümumi sahəsi 119,40 kv.m təşkil edir. Bu isə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin öhdəliyi üzrə verməli olduğu sahədən 1,14 kv.m azdır. Bu səbəbdən hesab edir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin Müqavilə üzrə verilməyən 1,14 kv.m-dən ibarət sahənin əvəzini hər bir kv.m üçün 1500,00 manat, kvadrata uyğun olaraq 1710,00 manat olan məbləğində vəsaiti ona ödəməlidir.Bundan başqa, Müqavilənin 1.4-ci bəndinə əsasən mülkiyyətçinin qalmaq üçün kirayələdiyi otaq, sahəsi (kv.mlə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən aslı olaraq 500 manat müəyyən edilmişdir. Onun ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə əsasən hər ay üçün müəyyən edilən kirayə haqqı məbləği 400,00 manat təşkil etmişdir. Həmin Müqavilənin 2.2.5-ci mənzilin təmiri başa çatdırılaraq "xxxx" Mənzil-Tikinti Kooperativi "Mülkiyyətlçi"-yə təhvil verilənə qədər "Mülkiyyət"-nin kirayə qalacağı mənzilin və ya evin kiravyə haqqını vaxtında ödəmək vəzifəsi götürümüşdür. Lakin, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi 01 sentyabr 2019-cu il tarixdən ona ödəniləcək kirayə haqqı məbləğinin ödənilməsindən imtina etmişdir. Bununla bağlı, qeyd etmək istəyir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi Müqavilənin 2.2.5-ci bəndində götürmüş olduğu öhdəliyinin məzmunu mənzilləri təmir etdirib başa çatdırılması, bundan əlavə "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən yaşayış binası istismara qəbul edilməsindən sonra təhvil verilməsi kimi başa düşülür. Bununla yanaşı, çıxarış əsasında olan mənzilini cavabdehin istifadəsinə və sahibliyinə vermiş, bu o deməkdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin qaydada yəni yeni mənziləri istismara yararlı vəziyyətdə və mənzillərin dövlət reyestrində dövlət qeydiyyatına alınması şərti ilə (çıxarışlı) ona təhvil verilməli idi. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi hazırkı vaxta kimi mənzilləri nə təmir etdirmiş nə də istismara qəbul ediləcək vəziyyətə gətirilmədən kirayə haqqı məbləğinin ödənilməsindən imtina etməsi əsassızdır. Bu səbəbdən hesab edir ki, yaşayış binası yaşayış üçün yararlı vəziyyətə gətirilənədək yəni yaşayış binası istismara qəbul edilənədək kirayə haqqı məbləğinin ödənilməsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən davam etməlidir. Digər tərəfdən, aralarında bağlanmış müqavilənin Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənə təmirli mənzillər təhvil verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq kooperativ üzərinə düşən öhdəliyini yəni mənzilləri müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil verilmədiyinə görə 5000,00 manat məbləğində ona mənəvi ziyan dəymişdir. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piraİlahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il Qərarının 1-ci bəndini əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Pirallahı Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləsdirilməsinə şəraitin yaradılmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyat keçirməlidirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, tikintinin vəziyyəti barədə şəkilləri tədim edərək, binaya onun başqa mənzildə yaşaması üçün kirayə pulu verilmədiyindən məcbur qaldığı üçün köçdüyünü, binada tikintinin hələ də davam etdiyini və binanın rəsmi təhvil verilmədiyini, müqaviləyə əsasən tikilinin təmirli olaraq verilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini qəbul etməyərək, binalarda sadəcə olaraq tamamlama işlərinin həyata keçdiyini, müqavildə texniki səhvlik olaraq təmirli ifadəsinin işləndiyini, iddiaçıya mənzilin təmirsiz olaraq verilməsi nəzərdə tutulduğundan 2 mənzil verildiyini, iddiaçı tərəfindən təmir işləri həyata keçirilərkən onun başqa yerdə yaşaması məqsədi ilə 3 aylıq kirayə haqqının ona ödənildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Bakı şəhəri Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1, 385-388, 560, 662-665,752-764, 1128 - 1132; Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80 - 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən, apellyasiya şikayəti ilə əlaqəli şəkildə tam və hərtərəfli araşdırma aparıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə tam düzgün olmayan nətcə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi təcrübəyə istinad edərək iddianın təmir xərcləri hissəsində təmin etməməklə sübutlara şübhələrdən kənar və mötəbərlilik baxımından qiymət vermə vəzifəsini həyata keçirməmiş, Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuş təmirli mənzillər ilə təmin etmə müddəasına qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, müqavilə və ya onun müddəaları mübahisələndirilmədiyi ya etibarsızlığı şərtləri müzakirə edilmədiyi halda qanunvericiliyə zidd olmayan halda qüvvədədir. Hazırki halda mübahisə predmeti müqavilə öhdəlikləri ilə əlaqədardır və onların mövcudluğu müzakirə predmetidir. Təmirə dair müqavilənin iki xüsusi müddəaların istisna edərək müqavilənin ümumi (giriş) müddəasına istinad edilməsi hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməli, həmin hissəsədə qeyri-müəyyən əsaslara görə və yuxarıda qeyd edilənlərə rəğmən rədd edilməsinin hüquqi əsası yoxdur. Ona görə bu hissədə təmin edilməlidir. Digər mənəvi zərər və kirayə haqqı tələbi hissələrində isə hüquqi və faktiki əsaslar müəyyən edilmir. Belə ki, tərəflər öz risk dairəsinə daxil olan müqavilə münasibətlərindən irəli gələn öz hərəkətləri həddində mülki məsuliyyətlərini dərk etməli olmuş və iddiaçının mənzilləri təmir etdirərək hazırda orada yaşadığı mübahisə edilməyən hal kimi müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi (iddianın təmin edilməyən təmir xərcləri hissəsində) qismən ləğv edilməli və həmin hissədə iddia təmin edilərək yeni qətnamə qəbul edilməli, mənzillərin təmirinə görə ödənilməli olan 30126,00 manat xərcin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinə həvalə edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılaraq, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinin 384, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilməyən təmir xərcləri hissəsində - ləğv edilsin və həmin hissədə iddia təmin edilərək yeni qətnamə qəbul edilsin. Mənzillərin təmirinə görə ödənilməli olan 30126,00 manat xərcin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar