Məhkəmə qərarları › İş №2(103)-6210/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6210/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6210/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səbail Rayon Məhkəməsinin 2(009)-1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini qaytararkən AR MPM-nin 150.1.2, 152.1.5-ci və 155.3-cü maddələrinə əsaslanaraq müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəlləyə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Həqiqətən də, mülki iş materiallarından görünür ki, cavabdeh qarşılıqlı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə yalnız iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən yalnız alimentin alınması barədə tələb irəli sürən şəxslər dövlət rüsumunu ödəməkdən azad edilmirlər ki, bu da tamamilə məntiqli və anlaşılandır, belə ki, bu tələb maddi çətinlikləri olan tərəfin ehtiyaclarının qarşılanması üçün maddi imkana sahib olan şəxsə qarşı yönəlir, lakin alimentin azaldılması barədə tələb irəli sürən iddiaçılara münasibətdə bu hal mövcud olmur, demək ki, onlar dövlət rüsumunun ödənilməsindən azad olunmurlar. Kollegiya qeyd edir ki, hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi verən Cavabdeh alimentin azaldılması tələbini irəli sürdüyündən, qanunvericiliyə əsasən isə o, dövlət rüsumunun ödənilməsindən azad edilən şəxs hesab olunmadığından, rayon məhkəməsi tərəfindən iddia ərizəsi haqlı olaraq geri qaytarılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini bu əsasla geri qaytarmaqda haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar