Məhkəmə qərarları › İş №2(103)-6213/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6213/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6213/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1330/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən işin halları ilə müəyyən edib ki: İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda 1000 ABŞ dolları və 2202 manat borc verib.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6052 (altı min əlli iki) manat borc və 80,52(səksən manat, əlli iki qəpik) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

3. İddiada göstərilib ki, cavabdehi tanışı vasitəsilə tanımış və sonradan səmimi münasibətləri yaranıb və etibarını qazanıb. Cavabdeh ondan müxtəlif vaxtlarda ümumilikdə 1000 ABŞ dolları və 1702 manat məbləğində pul alıb. 05 dekabr 2024-cü ildə 1.000 ABŞ dolları alarkən ona söz verdi ki, hər ay saxladıqca pulun üstündə pul verəcək, yəni hər ay üstündə 500 manat ödəyəcək. Başqasından borc alaraq, ona həmin məbləği vermişdir. Həmin pula görə borc aldığı adama hər ay 500 manatdan ödəmişdir. Dekabrın 5-dən bəri həmin 1000 ABŞ dollarının üstündə borc götürdüyü şəxsə yanvar-may ayları üçün hər ay 500 manat olmaqla, ümumilikdə 2500 manat ödəmişdir (yəni 1700 manat (1000 dollar) + 2500 manat = 4200 manat ödəməli olmuşdur). Sonra dekabrın 16-da aldığı 500 manat məbləği üçün isə üstündə 150 manat qaytaracağını söz verdi. Hazırda cavabdeh aldığı pulları qaytarmır, pulunu tələb etsə ondan polisə şikayət edəcəyini deyir. Cavabdehin hərəkətləri nəticəsində əsəbləri, yuxu pozulub, aldığı borcu necə qaytarmaq fikrindən gecə-gündüzü yoxdur. Bütün bunları bildirdikdə isə söyləyir ki, “əsəbdən adama heç nə olmur, elə olsa mən əsəbdən partlayıb ölərdim”. Ona deyir ki, “mənə neyləyə bilərsən, nə polisə, nə məhkəməyə verə bilərsən”. İki aydan çoxdur ki, zəng etdikdə nömrəsini bloklayaraq cavab vermir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1330/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 2202 (iki min iki yüz iki) manat və 1000 (bir min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda borc pul götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024- cü il tarixli qəbzlərə əsasən İddiaçı Cavabdeh müvafiq olaraq 402, 500, 400, 400 və 500 manat olmaqla, cəmi 2202 manat borc pul vermişdir, həmçinin votsap yazışmalarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 1000 ABŞ dolları borc istəmiş və götürmüşdür. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Borc münasibətinə əsasən, Cavabdeh iddiaçıdan borc aldığı 1000 ABŞ dolları və 2202 manat məbləğində pulu iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq hesab edib ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, 1000 ABŞ dolları və 2202 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı cavabdehə 6052 manat pul verməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmamasını xahiş edib göstərir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsində olan e- 2(009)-1330/2025 saylı iş üzrə məhkəmə iclasları barədə məlumatlandırılmamışdır. Qətnamədən xəbəri olmayıb. Qətnamədən yalnız "xxxx" ASC-də işlədiyi zaman Səbail rayon İcra Şöbəsindən işlədiyi banka əmək haqqından tutulma edilməsi barədə məktub göndərilərkən məlumatı olmuşdur. Bundan sonra Səbail Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə qətnaməni əldə etmişdir. Bu zaman ona məlum olmuşdur ki, iddiaçı tərəfindən pul tələbi üzrə qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı tanımır, ümumiyyətlə heç vaxt onu tanımamışdır, elə bir şəxslə tanışlığı heç vaxt olmayıb, ondan nəinki borc pul, heç bir vəsait əldə etməmişdir. İddia ərizəsinə əlavə olunan bank kartları (kapital bank-4169 7388 8904 2879), yazışma aparılan vatsap yazışması da ona məxsus deyildir. Heç vatsap yazışmalarının görüntüsündə nömrə görsənmir. Ümumiyyətlə, cavabdeh olmalı şəxs də o, deyil. Qətnaməni əldə edəndən sonra İddiaçı ilə əlaqə saxlamışdır. O, da etiraf etmişdir ki, onu tanımır, cavabdeh olmalı şəxsi səhvən onun şəxsiyyət vəsiqə məlumatlarını elektron kabinetə yükləmişdir. Məhkəmə də onun iştirakını məhkəmə iclaslarında təmin etməyərək səhv qətnamə çıxarmışdır. Yuxarıda qeyd edilən faktları iddiaçı tərəf də etiraf etmişdir. İddiaçı Səbail rayon İcra Şöbəsinə ərizə yazaraq ondan pul tutulmasının dayandırılmasını xahiş etmişdir. Buna görə də Səbail rayon İcra Şöbəsi 171915/16-28 nömrəli,xx.xx.2025-ci il tarixli məktubla "xxxx" ASC-yə məktub göndərərək bildirmişdir ki, “Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1330/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh əmək haqqından tutulmalar aparılması üçün xx.xx.2025-ci il tarixdə sizə yönəltmə məktubu göndərilmişdir. Zərurət aradan qalxdığından borclunun əmək haqqından tutulmaların dayandırılması xahiş olunur.” Yuxarıda qeyd etdiyi kimi vatsap yazışmalarının görüntüsündəki yazışma ona məxsus deyildir, köçürmə edilən bank kartları da ona məxsus deyildir. Bunlardan əlavə iddiaçı da etiraf etmişdir ki, onu tanımır, cavabdeh olmalı şəxsi səhvən onun şəxsiyyət vəsiqəsi məlumatlarını elektron qaydada kabinetə əlavə etmişdir. Bu hal Səbail rayon İcra Şöbəsinin 171915/16-28 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla "xxxx" ASC-yə göndərdiyi məlumatlarla təsdiq olunur. Birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamaqla əsassız qətnamə çıxarmışdır. Nəticədə hüquqları kobud surətdə pozulub, iş yerində işgüzar nüfuzuna ciddi zərər dəymişdir Cavabdehin hər hansı öhdəliyi olmadan məhkəmənin həmin şəxs barəsində qərar çıxarması Mülki Məcəllənin 385.1-ci maddəsinin tətbiqini hüquqi mənada əsassız edir. Qətnamədə bu maddəyə istinad edilməklə cavabdehin öhdəliklərini icra etmədiyi iddia olunur, lakin həmin şəxs heç bir borc müqaviləsinin tərəfi deyil. Borc münasibətində iştirak etməyən şəxsə qarşı öhdəlik müddətinin tətbiqi hüquqi cəhətdən mümkünsüzdür. Belə olan halda, borcalan olmayan bir şəxsə bu maddəyə əsaslanaraq pul vəsaiti qaytarmaq öhdəliyi yüklənməsi maddənin səhv tətbiqi deməkdir. Lakin iş materiallarında yazılı müqavilənin olması görünmür. Çünki tələb olunan və məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğ 3000 manatdan çoxdur. Bu zaman yazılı müqavilə olmalı idi. Yazılı müqavilə olsaydı cavabdeh şəxsi dəqiq müəyyən etmək olardı. Nəticədə səhvən ona qarşı iddia qaldırılmazdı. Ona görə də qanunvericilikdə 3000 manatdan yuxarı məbləğlər üçün yazılı müqavilə bağlanması tələb olunur. Lakin birinci instansiya məhkəməsi cavabdehin borclu olmasını sübuta yetirən etibarlı və qəti sübutlar təqdim olunmadan, yalnız ümumi ifadələrə və şərti sənədlərə əsaslanaraq qətnamə çıxarmışdır. Bu isə sübutetmə yükünün qanunsuz şəkildə cavabdehin üzərinə keçirilməsi anlamına gəlir. Lakin iş üzrə sübutlar (xüsusilə də cavabdehin borclu olmaması barədə mövqeyi) obyektiv və hərtərəfli araşdırılmayıb. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etməklə qətnamə çıxarmış, əlaqəsiz və ya qeyri-dəqiq sübutlara normativ hüquqi qiymət vermişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, iddiaçının iddiadan imtinasını qəbul etmir, buna görə də işə mahiyyəti üzrə baxaraq iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etdi.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş İddiaçı məhkəmə iclasında iştirak etmədi, ancaq “Elektron Məhkəmə” sistemi vasitəsi ilə göndərdiyi ərizədə iddia ərizəsindən könüllü imtina etdiyini, iddiadan imtinanın nəticələri ona aydın olduğunu bildirərək iddiadan imtina etməsinə görə iş üzrə icraata xitam verilməsini xahiş edib. Məhkəmə tərkibi Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. (xx.xx.2023-cü ilədən sonra qüvvədə olan). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (xx.xx.2023-cü ilədən sonra qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388.Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edilsə də şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

18. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

20. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməyib, qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilib. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

21. Əvvəla, iddiaçı iddiadan imtina etsə də, bu cür imtina cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu üçün məhkəmə tərkibi belə hərəkətləri qəbul etmədi və mübahisəyə mahiyyəti üzrə baxılmasını davam etdirir. Çünki cavabdeh tərəf də iddiadan imtinanı qəbul etməməsinin səbəblərini ağlabatan şəkildə ciddi arqumentlərlə izah etdi. Yəni, iddiadan imtina yalnız əsassızlığına görə deyil, əsaslı olduqda da iddiadan imtina oluna bilir. Hazırkı işdə imtina həm də ona görə qəbul edilmədi ki, iddiadan əsassızlığına görə imtina ərizənin məzmunundan bəlli olmur. Başqa sözlə, iddiaçı ərizəsində həqiqətən cavabdehi tanıyıb-tanımamasını, onunla arasında hər hansı bir mülki hüquq münasibətlərinin yaranıb-yaranmadığını nə təsdiq, nə də inkar edib. Demək ki, bu cür vəziyyətdə cavabdehin həm narahatlılığı anlaşılandır, həm də apellyasiya şikayətindəki dəlillər avtomatik təsdiq edilmiş olur.

22. İddiaçı cavabdehdən iddia ərizəsində göstərdiyi vəsaitin ödənilməsini tələb edib, məhkəmə də onu qismən təmin edib. Ancaq bunun üçün cavabdehin iddiaçı qarşısında zərər vurmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud da müqavilədən, eləcə də əsassız varlanmadan əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehin iddiaçı qarşısında hansısa əsasdan öhdəliyinin yaranması təsdiq olunmur.

23. Sübuta yetirildiyi halda tələbinin qanuni əsası kimi yuxarıda qeyd olunan normalar, o cümlədən əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki halları təsdiq edilmir, buna görə də həmin normaların, həmçinin əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki nə iddiaçının cavabdehə hansısa məbləğdə borc verməsi yaxud cavabdehin iddiaçıdan borc alması, nə də cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Burada tərəflərin bir-birini tanımaması da iddianın əsaslılığını təkzib edən hallar sayılır. Bu cür vəziyyətdə iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir.

24. Beləliklə, hansısa mötəbər sübutla təsdiq edilməyən yaxud ziddiyətli və aid olmayan sübutla təsdiq edilən tələbi məhkəmənin qismən təmin etməsi anlaşılan olmamışdır. Deməli, bu faktın özü də iddianın əsassızlığına dəlalət edən hallar idi ki, məhkəmə də bunu nəzərə alıb iddianı rədd etməli idi.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud da müqavilədən, eləcə də əsassız varlanmadan əmələ gələn öhdəliklər və hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1330/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1330/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilsin. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar