Məhkəmə qərarları › İş №2(103)-6215/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6215/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6215/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh2 Xurbet oğluna və Cavabdeh1 “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı bankın ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bank) Cavabdeh3, Cavabdeh2 Xurbet oğluna və Cavabdeh1 “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh3 bankın xeyrinə 301,73 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 773,80 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcunun, müqavilənin bitdiyi tarixdən 13.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42,72 ABŞ dollarının, yəni cəmi 1128,25 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 8,40 manat dövlət rüsumunun tutulması, dövlət rüsumunun 21,60 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – cərimə borcunun azaldılması və dövlət rüsumunun cavabdehdən tam tutulmaması hissələrində - ləğv olunmasını və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bankın cərimə tələbini tam təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş, cəriməni tənasübsüz azaltmış, məhkəmə xərcini düzgün bölüşdürməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi, həmçinin cavabdehlər Cavabdeh2 Xurbet oğlu və Cavabdeh1 məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir. İşin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyünü də nəzərə almaqla işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız cərimə borcuna və dövlət rüsumunun bölüşdürülməsinə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh3 mübahisələndirməmiş, iddiaçı bankın nümayəndəsi (ləğvedicinin nümayəndəsi) isə şikayətində yalnız həmin hissələrin yoxlanılmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı bankın mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh3 ilə bank arasında 09.02.2015ci il il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 26% ödəməsi şərtilə 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmiş, 16.01.2020-ci il tarixinə onun 301 ABŞ dolları əsas, 773,80 ABŞ dolları faiz, 2930 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 13.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42,72 ABŞ dolları faiz borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib hesab etdiyi həddədək azaldaraq, eləcə də iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə xərclərinin bölüşdürülməli olduğunu vurğulayaraq müvafiq nəticəyə gəlmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 301,73 ABŞ dolları olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı bank 2930,40 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni dövlət rüsumunun 21,60 manat hissəsinin iddiaçı banka aid olunması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbi qismən təmin olunmuşdur və belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini göstərilən qaydada bölüşdürməkdə də haqlı olmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-164/2021 saylı iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi İddiaçı ASC-nin ləğvedicisinin mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar