Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6217/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2940/2024 nömrəli qətnaməsindən cavabdeh LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 917 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə illik faiz dərəcəsi 28% olmaqla 3.500 manat məbləğində kredit verilmişdir.
2. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)- 982/2017 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 №-li qətnaməsi ilə rədd edilən tələb üzrə - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci tarixli, 917 №-li kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə zəruri məlumatları "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 №-li qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı xx.xx.2012-cil tarixli, 917 №-li kredit müqaviləsi üzrə 2.488 manat əsas borcun və 948,46 manat faiz borcunun ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamə ondan apellyasiya şikayəti verilmədiyi üçün xx.xx.2017-ci ildə qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdehə müraciət edərək yuxarıda göstərilən qətnamə ilə rədd edilən tələb üzrə kredit borcunun kredit reyestrindən silinməsini xahiş etmişdir. Qeyd olunan müraciətə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda həmin qətnamə ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığını bildirmişdir. Hazırda "xxxx" MMC-nin məlumat bazasında (kredit reyestrində) İddiaçı Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 917 №-li kredit müqaviləsi üzrə ödənilməmiş (gecikdirilmiş) kredit və faiz borclarının olması barədə məlumat mövcuddur və bu məlumatın olması onun yenidən kredit almaq hüququnu məhdudlaşdırır. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2012-cil tarixli, 917 №-li kredit müqaviləsi üzrə İddiaçı kredit borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
5. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz ünvanlanaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi qətnamə üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2940/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 917 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyestri Xidmətinə verilməsi öhdəliyinin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bank qarşısında Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasının təmin edilməməsinə və qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış məlumata görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.3, 10.1, 10.2, 18.1-ci maddələrinə, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. LPO "xxxx" ASC qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi maddi normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. LPO "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir... Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Bu baxımdan, iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir.
16. “Kredit büroları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 10-cu və 27-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir. Maddə 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: ... 2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri; ...
17. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”: Maddə 2.1.2. Məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı. Maddə 3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Maddə 3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. Maddə 3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Maddə 3.4. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Maddə 3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Maddə 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Maddə 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Maddə 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunduğundan və LPO "xxxx" ASC apellyasiya şikayətində qətnaməni tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
22. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır.
23. İşdən müəyyən edilir ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə LPO Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir.
24. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
25. Yuxarıda istinad olunan “Qaydalar”ın 3.5-ci maddəsinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 iş günü ərzində təqdim edilir.
26. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının LPO Cavabdeh ASC qarşısında öhdəliyinə xitam verilmədiyi üçün onun hazırki tələbi təmin edilə bilməz.
27. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçı tərəfindən cavabdeh kimi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu göstərilsə də, mübahisənin mahiyyətindən aydın olur ki, hazırki iş üzrə cavabdeh tərəf LPO Cavabdeh ASC-dir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi olmaqla bankın idarə olunması üzrə səlahiyyətləri həyata keçirir.
28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
LPO "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2940/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq LPO "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: