Məhkəmə qərarları › İş №2(103)-6219/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6219/2020

19.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6219/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçılar İddiaçı2 (eyni zamanda İddiaçı3 nümayəndəsi) və İddiaçı5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin 2(001)-1191/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4 və İddiaçı7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 QSC-nin səhmdarları olduqlarını, QSC-nin səhmdarlarının xx xxxxxx 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağında Cəmiyyətin 2015-2016-cı illər üzrə maliyyə təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatının, xüsusi əhəmiyyətli əqdin bağlanması məsələsinin müzakirə edildiyini və qərar qəbul olunduğunu, bundan sonra Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 302 kv.m qeyri yaşayış sahəsinin 195 000 (bir yüz doxsan beş min) manata X3 satıldığını, QSC-nin səhmdarlarının ümumi yığıncağının müzakirəsində həmin əmlakın müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması şərtilə əqdin bağlanmasına icazə verildiyini və cəmiyyətin direktoruna əmlakın müstəqil qiymətləndiricinin müəyyən etdiyi qiymətə satılmasının həvalə olunduğunu, lakin QSC-nin qanuni təmsilçilik funksiyasına malik olan cavabdehin vəzifə səlahiyyətlərini aşaraq və ümumi yığıncağın qərarı ilə müəyyənləşdirilmiş göstərişlərə əməl etməyərək əmlakı qiymətləndirici cəlb etmədən bazar qiymətindən aşağı qiymətə sataraq cəmiyyətə külli miqdarda ziyan vurduğunu, çünkü qeyri-yaşayış sahəsinin qiymətinin 195 000 manat deyil, 1 500 000 manat dəyərində olduğunu irəli sürmüş, buna görə də Cavabdeh satışdan əldə etdiyi vəsaitin cəmiyyətin kassasına mədaxil edilməsi və cəmiyyətə vurduğu 1 305 000 (bir milyon üç yüz beş min) manat zərərin ondan tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1191/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv, iddia tələblərinin isə təmin olunmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, hüququn tətbiq edilməsində səhv buraxdığını, maddi və prosessual normaların tələblərini pozduğunu irəli sürmüşlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5161/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1191/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X2 və İddiaçı7 Cavabdeh qarşı İddiaçı1 QSC-nin daşınmaz əmlakının satılması ilə bağlı səhmdar cəmiyyətinə vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iddialarının qismən təmin olunması, Cavabdeh 195 000 (yüz doxsan beş min) manat alınaraq İddiaçı1 QSC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) Cavabdeh alınaraq İddiaçı2 verilməsin, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri olan 200 (iki yüz) manatın isə Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN:**********, hesab №: AZ30GUNA********************, Bank: “xxxxxxxxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********00000479, KOD: 505594,SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1674/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı2 (eyni zamanda İddiaçı3 nümayəndəsi) və İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmənin kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, kassasiya instansiya məhkəməsi qeyd olunan hissədə apellyasiya məhkəməsinin qətnaməsini ləğv etməklə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 260 000 (iki yüz altımış min) manat alınaraq İddiaçı1 QSC-yə ödənilməli, iddia tələbi yoxlanılan qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddia iki hissədən - “Cavabdeh satışdan əldə etdiyi vəsaitin cəmiyyətin kassasına mədaxil edilməsi” və “cəmiyyətə vurulmuş 1,305,000 manat zərərin cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi” tələblərindən ibarətdir. İddianın birinci hissəsi, yəni “Cavabdeh satışdan əldə etdiyi vəsaitin cəmiyyətin kassasına mədaxil edilməsi” tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığından, iddianın yalnız iddianın ikinci hissəsi, yəni “Cəmiyyətə vurulmuş 1,305,000 manat zərərin cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi” ilə bağlı araşdırma aparılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, iddiaçılar tərəfindən əmlakın 200,000 manata qiymətləndirilməsi ilə bağlı verilmiş rəy mübahisələndirilmədiyinə görə iddianın cəmiyyətə vurulmuş zərərin tutulması hissəsində təmin edilməsinin qeyri-mümükün olması barədə apelyasiya instansiyası məhkəməsinin əsaslandırması subyektiv mülahizə olmaqla qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Bu qəbildən olan işlərdə işə məhkəmə baxışlarında əmlakın bazar dəyərindən açıq-aşkar aşağı qiymətə satılması müəyyən edildiyi halda qiymətləndirmə rəyinin mübahisələndirilməsindən asılı olmayaraq iddianın təmin edilməsi istisna edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə görə isə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının digər hüquqları ilə yanaşı, cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7); icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1); bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106- 1.3.8-3) hüquqları vardır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi cavabdeh hüquqi şəxsin direktoru olaraq öz vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməlidir. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 49.3-cü maddəsinin yuxarıda qeyd edilən dispozitiv şərtlərinə uyğun işin hallarını araşdırmamış və hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, iddiaçılar öz dəlillərini onunla əsaslandırmışlar ki, cavabeh cəmiyyətə məxsus əmlakı onun bazar dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirmiş və nəticədə onu dəyərindən aşağı qiymətə satmışdır. Əmlakın bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılması iş materiallarında olan xxxxxxxxxxxxxxxxxxxxx MMC tərəfindən verilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyə əsasən mübahisəli əmlakın dəyəri xx.xx.2017-ci il tarixə 455000 manat müəyyən edilmişdir ki, bu da əmlakın satıldığı qiymətdən xeyli çoxdur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə verilən tələbdə iddianın hüquqi əsası ondan ibarətdir ki, cavabdeh səhmdar cəmiyyətin təmsilçisi kimi öz vəzifələrini yerinə yetirərkən vicdanla və peşəkar qaydada hərəkət etməmiş, qiymətləndirici tərəfindən verilən qiymət əmlakın bazar dəyərindən qat-qat aşağı olduğu halda həmin rəyə inanmaqla əmlakı bazar dəyərindən dəfələrlə aşağı qiymətə satmaqla cəmiyyətə zərər vurmuşdur. Göründüyü kimi, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən əsaslı olduğundan, cavabdehdən iddiaçılarının xeyrinə (455 000-195 000) = 260 000 (iki yüz altımış min) manat məbləğində pulun tutulması qanuni olmaqla yanaşı ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətinindəlilləri qismən əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 260 000 (iki yüz altımış min) manat alınaraq İddiaçı1 QSC-yə ödənilməli, iddia tələbi yoxlanılan qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 260 000 (iki yüz altımış min) manat alınaraq İddiaçı1 QSC-yə ödənilsin. İddia tələbi yoxlanılan qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar