Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-622/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin nümayəndələri X6 və X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(010)- 1195/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34559.92 manat əsas borcun, 5000 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınaraq “Atropatena" QSC-yə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Atropatena" QSC-dən aldığı mala görə iddiaçıya 34559.92 manat borcu vardır. Bu barədə cavabdehin iştirakı ilə borc qalığını təsdiq edən 12.10.2017-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Cavabdeh şəxsən borcu etiraf etmiş və onun ödənilməsinə təminat vermişdir. Dəfələrlə borcun ödənilməsi məqsədi ilə cavabdehə müraciətlər edilsə də, o, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi, cavabdehdən 34559,92 manat əsas borcun, 5000 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(010)- 1195/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 34559,92 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 34789.92 (otuz dörd min yeddi yüz səksən doqquz manat 92 qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" QSC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1195/2018 saylı iş üzrə 12.03.2018-ci il tarixli qətnaməsininin və iddia tələbinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Qətnamədə qeyd edilir ki, guya cavabdehin İddiaçı QSC-dən aldığı mala görə 34 559,92 qəpik borcu var və 10 oktybar 2017-ci il tarixində bu borcun etiraf edilməsi və ödənilməsi qaydası haqqında müqavilə bağlamışdır. O, həqiqətən bir müddət İddiaçı QSC-dən toyuq məhsulları alıb həmin məhsulların satışı ilə məşğul olmuşdur. Bu müddət ərzində o, bir neçə dəfə İddiaçı QSC ilə borc müqaviləsi bağlamışdır.Həmin müqavilələrdən biri 22 400 manatlıq, son müqavilə isə 5200 manatlıq olub. Cavabdeh heç bir vaxt İddiaçı QSC ilə 34 559,92 manatlıq borc müqaviləsi bağlamamışdır. Bu müqavilənin saxtalığı onunla izah olunur ki, əvvəlki bağlanan müqavilələrdə borc məbləğinin qeyd olunduğu birinci səhifədə onun və cəmiyyətin nümayəndəsinin imzası olub. Hal hazırki qeyd edilən 34 559,92 manatlıq müqavilənin məbləğ yazılan səhifəsində nə onluq ,nədə qarşı tərəfin nümayəndəsinin imzası yoxdur. Bu isə müqaqvilənin saxtalaşdırıldığının bariz nümunəsidir. Onun İddiaçı QSC-yə son olaraq 5200 manat borcu olub. Bu borcun etirafı barədə cəmiyyətin hüquqşünası ilə onun iş yerində müqavilə imzalamışlar, həmin müqavilənin hər iki səhifəsində onun və kimin olduğunu bilmədiyi şəxsin imzası olub. İmzanın kimə məxsus olduğunu ona görə bilməmiş ki, müqavilə hazır şəkildə gətirilmişdi və cavabdeh onu oxuyub imza etmişdir. Razılığa əsasən cavabdeh hər ay 500 manat ödəməli, pulu cəmiyyətin nümayəndəsi gəlib götürməli idi. Lakin heç kim gəlmədi, sonradan ümumiyyətlə bildirdilər ki, cəmiyyət müflis olub. İddiaçı QSC 5200 manat borcun ödənilməsini nə yazılı, nə də şifahi formada heç bir vaxt cavabdehdən tələb etməyib. Əks halda məhkəməyə rəsmi sənəd təqdim edərdilər. Qətnamədən də görünür ki, iş materiallarında belə bir sənəd yoxdur. Qeyd edilən bu müqavilənin saxtalığı həm də onunla sübut olunur ki, müqavilənin preambula hissəsində tərəf olaraq cavabdehin adı qeyd edilsə də, digər tərəfdən müqaviləni kimin imzalayacağı qeyd edilməyib. Görünür bu da gələcəkdə yaranan mübahisə zamanı məsuliyyətdən yayınmaq üçün nəzərdə tutulub. Qeyd edir ki, o, İddiaçı QSC ilə 34 559,92 manatlıq borcun etiraf edilməsi müqaviləsi imzalamamış və belə bir öhdəlikdə götürməmişdir. Bu müqavilə sonradan kimlərsə tərəfindən saxtalaşdırılaraq, əvvəlki müqavilələrin birinci səhifəsi dəyişdirilməklə ikinci səhifədə olan onun imzasından istifadə edilib. Suraxanı rayon məhkəməsi isə bütün bu halları araşdırmadan əsassız qətnamə qəbul edib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu halların heç birini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməməklə kobud şəkildə pozmuşdur. Nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır ki, bunlarda qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslardır. Mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə kollegiyasının Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X4 vəsatət verərək bildirmişdir ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı QSC-yə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Qeyd olunan mülki iş həll edilməyincə hazırkı işə baxmaq mümkün deyildir. Həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki işin icraatının dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (103)-7320/20 sayl, “29” oktyabr 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Daha sonra “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (103)-5585/21 sayl, “17” iyun 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(005)-3722/20 saylı qətnaməsi ilə rədd olunmuş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti həmin məhkəmənin 26 fevral 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (103)-5585/21 sayl, “17” iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərardadından şikayəti təmin olunmamış və həmin qərardad dəyişdirilmədən saxlanmışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırkı işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndələri X6 və X2 iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan 12.10.2017-ci il tarixli Borcun Etirafı və Ödəniş Qaydası haqqında müqavilədən görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 34559.92 (otuz dörd min beş yüz əlli doqquz manat 92 qəpik) manat məbləğində borcun öhdəliyə əsas verən şəkildə etiraf edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh "Atropatena” QSC-nə 34559.92 manat məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcu hər ay 2000 manat vermək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq araq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. İşin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ə.Paşayev borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn borcun tam ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, iddiaçı 12.10.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 5000 manat məbləğində dəbbə pulu tələb elmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 34559.92 manat əsas borc üzrə qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 5000 manat məbləğində hesablanmış cərimə məbləğinin 200 (iki yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 34559.92 manat məbləğində əsas borc və 200 manat cərimə borcu alınaraq iddiaçı "xxxx" QSC- ə verilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 34559,92 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 34789.92 (otuz dörd min yeddi yüz səksən doqquz manat 92 qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" QSC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(010)- 1195/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-622/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-622/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver