Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6226/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-2809/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxx MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı xxxx MMC ilə bağladığı 25.11.2019-cu il tarixli müqaviləyə əsasən Canon markalı fotokamera almış, cəmi 1300 manat ödəniş etmiş, iddiaçıya 1421 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə alqı-satqı qiyməti 2592 manat olan Canon markalı fotokamera üçün ümumilikdə 1421 manat olmaqla 1292 manat ödənilməmiş hissə, 129 manat cərimə borcu yaranmışdır. Ona görə də 25.11.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1292 manat, cəriməyə görə 129 manat olmaqla cəmi 1421 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh xxxx MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-2809/2021 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 25.11.2019-cu il tarixli 01076629 saylı müqaviləyə əsasən əsas borca görə 1292 manat, cəriməyə görə 129 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1451 manat xxxx MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi heç bir məntiqə əsaslanmır, çünki iddiaçı göstərir ki, cavabdehin 25 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 1292 manat borcu yaranmışdır. 129 manat cərimənin və 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması tələb edilmiş, yekun olaraq cavabdehdən 1451 manat pul vəsaitinin tutulması tələb edilmiş, məhkəmə də bu tələbi tam təmin etmişdir. Halbuki cavabdeh fotokameranı götürdükdən sonra onun fokuslanmadığını, yəni təyinatı üzrə işlətməyə yaramadığını gördükdə “Link Servisə” təmir edilməsi üçün vermişdir. İddiaçı göstərir ki, cavabdehin ödədiyi məbləğ 1300 manat təşkil edir. Halbuki cavabdeh iddiaçıya heç bir məbləğ ödəməmişdir. Daha sonra göstərilir ki, ödənişdə gecikmələr aşkarlanıbsa bir faiz peniya-cərimə ödənir. Cihaz vaxtında cavabdeh tərəfindən servise qaytarıldığı üçün cavabdehin istifadəsində olmadığı üçün ödənişlər etməmişdir, təbbi ki geçikmələr olmamışdır. Zəmanət talonunun ikinci bəndinin ikinci hissəsində göstərilir ki, müəyyən olunmuş qüsur həmin malın zəmanət müddətində aşkarlanıbsa ,ödənişsiz xidmət göstərilir və qüsur aradan qaldırılır. Talonun qeyd hissəsində malın zəmanət müddətinin 1 il olduğu göstərilir. Cavabdeh isə cihazı bir neçə gündən sonra servisə vermiş və cihaz bu günədək də oradadır. Bundan əlavə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmış və iddianı tam təmin etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq iddiaçının nümayəndəsi bildirdi ki, fotoaparat olan qüsurlar aradan qaldırılıb, təmir edilib, fotoaparatın geri qaytarılması üçün cavabdeh iddiaçıya müraciət edə bilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xxxx MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli 01076629 saylı müqaviləyə əsasən Cavabdeh qiyməti 2592 manat olan “Canon EOS” markalı fotokameranı ilkin ödənişsiz, 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə “xxxx” MMC-dən almışdır. Cavabdeh 25.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1292 manat, cəriməyə görə 129 manat olmaqla cəmi 1421 manat borcu vardır. İş materiallarından əlavə edilmiş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 07.08.2020-ci il tarixli məktubundan görünür ki, cavabdehin razılığı əsasında fotoaparat geri qaytarılmış, fotoaparat 1300 manat dəyərində qiymətləndirilmiş və həmin məbləğ ümumi borcdan silinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakı cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışdır. İlk əvvəl iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də alğı-satqı müqaviləsidir və həmin müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567-ci maddəsi). Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir (MM 622.3-cü maddəsi). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (MM 600.5-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə nisyə alğısatqı müqavilələri ilə dəyərini hissə-hissə ödəmək şərti ilə mal verməsini nəzərə alaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə borcun tutulması hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildiriş göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi qanunvericiliyə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-2809/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6226/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6226/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver