Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6227/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh arasında xx.xx.2011-ci tarixdə bağlanmış 41/0 USD saylı “Kredit xətti müqaviləsi” əsasında yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 465.893,56 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 164.521 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 116.510,33 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci tarixli müqaviləyə əsasən, cavabdehə illik 18% dərəcəsi ilə Bank tərəfindən 12 ay müddətinə 625.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin “Kredit xətti müqaviləsinə” xx.xx.2011-ci il tarixdə edilmiş 01 saylı “Əlavəyə” əsasən kreditin limiti 1.000.000 ABŞ dolları məbləğinə kimi artırılmışdır. xx.xx.2012-ci il tarixli 02 saylı “Əlavəyə” əsasən isə kredit xətti limiti azaldılaraq 600.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli, 04 saylı “Əlavəyə” xx.xx.2011-ci il tarixli “Kredit xətti müqaviləsi” və ona edilmiş əlavə sazişlər üzrə qalıq borc məbləği 466.827,73 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin müddəti 36 ay müddətinə uzadılmışdır. xx.xx.2013-cü il tarixdə tərəflər arasında bağlanmış “Sazişə” əsasən müəyyən edilmişdir ki, tərəflər arasında şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 3.7-ci bəndinə əsasən gecikdirilən məbləğə görə cavabdeh iddiaçı Banka cərimə ödəyir. Bunlara baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcun bir hissəsini ödəsə də, qalan borcun ödənilməsindən yayınmışdır. Nəticədə cavabdehin Banka 438.833,65 ABŞ dolları məbləğində əsas, 126.164,67 ABŞ dolları məbləğində faiz, 116.510,33 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Göstərilənləri nəzərə almış Bank müvafiq iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın rəyini almışdır. Ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 11688 nömrəli ekspert rəyi ilə ekspertiza tərəfindən müəyyən edilmişdir ki, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən yaranmış borc iddia ərizəsindən fərqlidir. Odur ki, ekspertizanın verdiyi rəyi nəzərə almış Bank cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəyişdirmiş və hazırda xahiş edir ki, cavabdehdən iddiaçı Bankın xeyrinə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 465.893,56 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 164.521 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 116.510,33 ABŞ dolları məbləğində pul tutulsun. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 465.893,56 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 164.521 ABŞ dolları, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 16.510,33 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin – 28,50 manatın cavabdehdən Bankın xeyrinə tutulmasını, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin bir hissəsinin, yəni 237,50 manat məbləğində pulun cavabdehdən, 12,50 manat məbləğində pulun isə iddiaçı Bankdan tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ekspertiza tərəfindən iş üzrə verilmiş rəy səhvdir, rəy ilə müəyyən edilmiş borcun məbləği şişirdilmişdir. Belə ki, cavabdeh ilə iddiaçı Bank arasında xx.xx.2016-cı il tarixli “Tələbin güzəşti barədə müqavilə” olmuş, cavabdeh, Banka girov qoyduğu 4.000.000 manat dəyərində olan əmlakları Bankın mülkiyyətinə verməklə borcu tam bağlamışdır. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətində qeyd edilən xx.xx.2016-cı il tarixli “Tələbin güzəşti barədə müqavilənin” surətini Məhkəməyə təqdim etdi. O əlavə olaraq bildirdi ki, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130-cu məhəllədə “xxxx” MTK tərəfindən inşa edilən binada yerləşən, qiyməti 280.140 manat olan 87 və qiyməti 453.600 manat olan 131 saylı mənzillər üzərində pay hüququnu Banka güzəşt etmiş və Bank həmin əmlakı qəbul edərək cavabdehin ona olan borcunu tam ödənilmiş hesab edir. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, təmsil etdiyi Bankın xx.xx.2016-cı il tarixli “Tələbin güzəşti barədə müqavilədən” xəbəri yoxdur. Müqavilədə, müqavilənin Bank ilə cavabdeh arasında bağlanması qeyd edilsə də, müqavilə Bankın möhürü ilə təsdiq edilməyib. Bank cavabdehdən heç bir əmlak qəbul etməyib. Ona görə də, o, həmin müqavilənin sübut kimi qəbul edilməməsini xahiş edir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, Bank tərəfindən cavabdehə illik 18% dərəcəsi ilə 12 ay müddətinə 625.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditin təminatı olaraq cavabdehə məxsus və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130-cu məhəllə ünvanında yerləşən binadakı 333, 334, 335 və 336 saylı mənzillər çıxış edir. “Kredit xətti müqaviləsinə” xx.xx.2011-ci il tarixdə edilmiş 01 saylı “Əlavədən” görünür ki, kreditin limiti artırılmış və 1.000.000 ABŞ dolları məbləğinə müəyyən edilmişdir. “Kredit xətti müqaviləsinə” xx.xx.2012-ci il tarixdə edilmiş 02 saylı “Əlavədən” görünür ki, kreditin limiti azaldılaraq 600.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. “Kredit xətti müqaviləsinə” xx.xx.2012-ci il tarixdə edilmiş 03 saylı “Əlavədən” görünür ki, kreditin qaytarılma müddəti 12 ay artırılmışdır. “Kredit xətti müqaviləsinə” xx.xx.2013-cü il tarixdə edilmiş 04 saylı “Əlavədən” görünür ki, Bank ilə cavabdeh razılaşmışlar ki, xx.xx.2011-ci il tarixli “Kredit xətti müqaviləsi” və ona edilmiş əlavə sazişlər üzrə qalıq borc məbləği 466.827,73 ABŞ dolları məbləğindədir və kredit qaytarılma müddəti 36 ay müddətinə uzadılır. Bank ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Sazişdən” görünür ki, tərəflər razılaşmışlar ki, aralarına şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 3.7-ci bəndinə əsasən gecikdirilən məbləğə görə cavabdeh iddiaçı Banka cərimə ödəyir. Bankın təqdim etdiyi sənədlərdən və işin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcun bir hissəsini ödəsə də, qalan borcun ödənilməsindən yayınmışdır. Bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman, Bank, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş rəyi nəzərə alaraq iddia tələbini artırmış və bu barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək əsas kredit borcunun ödənilməsi məqsədi ilə 465.893,56 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 164.521 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 116.510,33 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh iddiaçı Banka kredit borcunun olmamasını bildirir və bunu onunla izah edir ki, onunla iddiaçı Bank arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Tələbin güzəşti barədə müqaviləyə” əsasən o, Banka girov qoyduğu 4.000.000 manat dəyərində olan əmlakını Bankın mülkiyyətinə verməklə borcu tam bağlamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli ilə bağlı cavabdehin göstərdiyi bu dəlilə ilk növbədə qiymət verilməlidir. Cavabdehin vəkilinin (nümayəndəsinin) Məhkəməyə təqdim etdiyi xx.xx.2016-cı il tarixli “Tələbin güzəşti barədə müqavilənin” surətindən görünür ki, həmin müqavilədə qeyd edilir ki, cavabdeh 2 mənzil üzərində pay hüququnu Banka güzəşt edir və Bank həmin mənzilləri qəbul edərək cavabdehin ona olan borcunu tam ödənilmiş hesab edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 89-cu maddəsi yazılı sübutların ya əslinin, ya da notariat qaydasında təsdiq olunmuş surətinin təqdim olunmasını nəzərdə tutur. Lakin cavabdehin vəkili (nümayəndəsi) tərəfindən təqdim edilmiş sənəd fotosurət olmaqla təsdiq olunmayb. Hətta qeyd edilən bu sənəd müqavilənin etibarlı qaydada təsdiq edilmiş surəti kimi qəbul edilmiş olsa belə, bu sənəd özü özlüyündə cavabdehin qeyd etdiyi xüsusatı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz, çünki onun üzərində iddiaçı Bankın rəsmi rekviziti hesab edilən möhürü yoxdur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda göstərilən sənəd cavabdeh tərəfindən iddiaçı Banka borcun ödənilməsini təsdiq edə biləcək sübut kimi qiymətləndirilə və qəbul edilə bilməz. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin iddiaçı Banka borcu mövcuddur, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2019-cu il tarixli, 11688 saylı ekspert rəyindən görünür ki, cavabdehin iddiaçı Banka xx.xx.2016-cı il tarixə 465.893,56 ABŞ dolları məbləğində əsas, 164.521 ABŞ dolları məbləğində faiz; xx.xx.2018-ci il tarixə isə 465.893,56 ABŞ dolları məbləğində əsas, 315.703,46 ABŞ dolları məbləğində faiz borcu vardır. Rayon Məhkəməsi ekspertizanın rəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan pul məbləğləri ekspert rəyinə əsasən müəyyən edilməlidir. Cavabdeh bildirir ki, ekspert rəyi həqiqəti əks etdirmir, əsas və faiz borcun məbləği kredit müqavilələrinin şərtlərinə uyğun hesablanmamış, həmin məbləğlər şişirdilmişdir. Məhkəmə bildirir ki, ekspert rəyini səhv hesab edən cavabdeh, rəyi şübhə altına ala biləcək digər ekspertin və ya mütəxəssisin alternativ hesablamalarını məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsaslı saymır. Məhkəmə, cərimə borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə cərimə borcunun məbləği ilə bağlı Rayon Məhkəməsinin mövqeyini düzgün hesab edir və bildirir ki, Rayon Məhkəməsi cərimə borcunu azaldaraq 16.510,33 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6227/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6227/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver