Məhkəmə qərarları › İş №2(103)-6227/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6227/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6227/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyul 2015-ci il tarixli 10/0002/İKB saylı kredit müqaviləsi üzrə 440 968,90 ABŞ dolları əsas, 264 253,13 ABŞ dolları faiz, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7840 ABŞ dolları faiz borcunun, 12 dekabr 2015-ci il tarixli 10/0003/İKB saylı kredit müqaviləsi üzrə 77 860,55 manat əsas, 7436,96 manat faiz, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 3621,35 manat faiz borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ümumilikdə ödənilmiş 150 manat rüsumun, habelə iş materiallarında əlavə edilmiş sənədlərim notarial qaydada təsdilənməsi üçün ödənilmiş 84 manat xərcin X1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 347,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, X2 məxsus olan ünvan 2 ünvanda birinci mərtəbədə yerləşən 384,8 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə, Cavabdeh1 məxsus 2010-cu il buraxılışlı Tip: universal, mühərrik VK56715316Z, BAN: JN8AY25Y5B9009707 olan, qara rəngli “Nissan patrol” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə, X2 məxsus 2012-ci il buraxılışlı, Tip: Universal, Mühərrik: 062959A, BAN: JNRAZ2NY4C9020739 olan, ağ rəngli, “İnfiniti QX-56” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh2 Canpolat oğluna məxsus ünvan 3 ünvanında yerləşən 307,8 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, göstərilən əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması , satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahələrinin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən və iş üzrə müxtəlif tarixlərdə məhkəmə iclasları keçirildikdən sonra Cavabdeh1 nümayəndəsi ərizə (vəsatət) təqdim edərək işin aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, xahişini təmsil etdiyi şəxsin faktiki olaraq ünvan 1 ünvanında yaşadığı, həmin ünvanın həm də ipoteka predmeti olduğu arqumentləri ilə əsaslandırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, məhkəmə bu zaman ona əsaslanmışdır ki, Cavabdeh1 qeydiyyat ünvanı Binəqədi rayonu ərazisindədir və Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində təsbit olunmuş aidiyyət qaydalarına uyğun olaraq işə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsinin verdiyi şikayət Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından görünür ki, Cavabdeh1 ünvan 7 ünvanında qeydiyyatdadır; iddianın predmetini isə MPM-nin 39.1-ci maddəsində göstərilən tələblər deyil, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi təşkil edir. Başqa sözlə, ümumi aidiyyat qaydalarına uyğun olaraq işə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır və həmin məhkəmə cavabdehin ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar