Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6227/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi, yaşayış sahəsindən istifadə zərurətinin aradan qalxması, istifadə hüququ olmayan şəxsə kompensasiya təklifi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Topçubaşov küçəsi ev 23 ünvanında yerləşən 11 saylı mənzil xx.xx.1996-cı il tarixdə X4 adına qeydiyyata alınmışdır.
2. X5 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, həmin mənzil xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında xx.xx.2009-cu il tarixdə onun qızı İddiaçı mülkiyyətinə keçmişdir.
3. Cavabdeh İddiaçı oğludur, o, Gürcüstan Respublikasının Marnueli rayonunda xx.xx.1975-ci il tarixdə doğulmuşdur, 1985-ci ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Topçubaşov küçəsi ev 23 ünvanında yerləşən 11 saylı mənzildə yaşamış, xx.xx.1992-ci il tarixində həmin mənzilə pasport qeydiyyatına alınmışdır.
4. 14 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olsa da, qonşuların təsdiq olunmuş bildirişlərinə əsasən həmin ünvanda 2006-cı il tarixdən hal-hazıradək yaşamır. Cavabdeh özünün bildirməsinə görə isə, 2000-ci ildə ailə həyatı qurmuş və həmin tarixdə sözügedən mənzildən köçüb ailəsi ilə birlikdə atasının mülkiyyətində olan Bakı şəhəri, Ş. Əzizbəyov küçəsindəki 95 saylı evin 80 saylı mənzildə yaşamağa başlamışdır.
5. Cavabdeh atası Eldar Əlizadə xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cavabdeh atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955 məhəllə, ev 21, mənzil 166 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən 1/8 hissə, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə keçəsi 13, M4, m3 ünvanında yerləşən mənzildən 1/8 hissə pay almışdır.
6. Cavabdeh hazırda Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955 məhəllə, ev 21, mənzil 166 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır.
7. Cavabdeh ikinci dərəcəli əlildir, üzvi mənşəli şəxsiyyət pozğunluğu, başbeyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət pozuntusundan (tez-tez təkrarlanan qıcolma tutmaları ilə) əziyyət çəkir və əmək qabiliyyətsizdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus ünvan 4, mənzil 11-ə olan istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 11 saylı mənzil onun mülkiyyətindədir. Oğlu Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır, lakin 20 ildir ki, bu mənzildə yaşamır. Oğlu mərhum həyat yoldaşına məxsus ünvan 5 ünvanında yerləşən 116 saylı mənzildə yaşayır. Oğlunun hazırda onun mənzilində istifadə hüququ yaşamadığı üçün yaranmamış və tam itmişdir. Ona görə də istifadə hüququnun olmaması barədə məhkəmədə iddia qaldırmışdır, çünkü oğlu onun evindən qeydiyyatdan çıxmaq istəmir. Qeydiyyatda olduğuna görə o, bu gün də həmin yaşayış sahəsində kommunal xidmətlər üçün əlavə haqq ödəyir.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək etirazında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Topçubaşov küçəsi ev 23 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüququ var, həmin mənzildə 1985-ci ildən pasport qeydiyyatındadır, ara-sıra gedib orada qalır, yəni formal qeydiyyatda deyil. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə köçürülməsini tələb etmək hüququnu qaçılmaz edir. Bu zaman mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamələr yaşayış sahəsindən çıxarılma üçün əsas ola bilməz. Ona görə də, həmin mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilə bilər.
11. İddiaçı nümayəndəsi (vəkili) məhkəməyə ərizələr ünvanlayaraq iddia tələbinin həcmini artırmaq istədiklərini bildirmiş, Cavabdeh 16 000 manat kompensasiya təklif etdiklərini, əgər o,təklif olunan kompensasiya məbləği ilə razılaşmırsa 3 illik kompensasiya məbləğinin hesablanması üçün ekspertiza təyin olunmasını xahiş etmişdir.
12. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi vermiş, ünvan 6 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi belə əsaslandrılmışdır ki, hazırda sözügedən mənzildən istifadə hüququnun olmasına baxmayaraq, iddiaçı onu mənzilə buraxmır. Bununla bağlı Bakı şəhəri Nəsimi rayonu RPİ 20-ci PB-nə ərizə ilə müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
14. Cavabdeh izahatında bildirmişdir ki, hazırda mərhum atasına məxsus ünvan 7 ünvanda yaşayır, təklif olunan kompensasiyaya məbləğini qəbul etmir.
15. Birinci instansiya məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi 23 saylı evin 11 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblərlə əlaqədar olmayıb, daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. İşin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, Cavabdeh uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh mübahisə predmetinə daxil olan evi tərk etməklə uzun müddətdir ki, həmin evdə yaşamır, onun hazırda yaşayış yeri və 2 daşınmaz əmlaka pay hüququ mövcüddur. Mübahisə predmeti olan evdə Cavabdeh yaşamasına imkan verilməməsi, həmin evdən istifadə hüququnun məhdudlaşdırılması və evə dair istifadə hüququnun qalmasına zəruriliyin olması, yəni evdən istifadə etmək ehtiyacının olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş və Cavabdeh tərəfindən də sübuta yetirilməmişdir.
17. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 228.1-ci, 228.2-ci, 228.5-ci, 262.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarlarına istinad etmişdir.
18. Həmin qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etdiyi, mübahisəsi gedən mənzilə istifadə hüququnun 2000-ci ilə qədər qüvvədə olmuş qanunvericilik əsasında yarandığını nəzərə almadığı, ilkin iddiaçı özü ona kompensasiya təklif etdiyi halda, istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi nəticəsinə gəlməklə onun vəziyyətini ağırlaşdırdığı, qanunsuz və əsassız qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, nikahı pozulmuş, anası isə atasından qalmış Bakı şəhəri, Ş. Əzizbəyov küçəsindəki 95 saylı evin 80 saylı mənzilini keçmiş həyat yoldaşına və uşaqlarına verərək ona haqsızlıq etmişdir. Halbuki həmin mənzildən ona da pay düşür.
21. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin əsassız olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, oğluna təklif etdiyi kompensasiya məbləğini 20 000 manat qədər artıra bilər, yaxud əgər oğlu atasından miras aldığı paylarından bacılarının xeyrinə imtina edərsə, mübahisəsi gedən mənzili bütünlüklə ona verməyə hazırdır.
22. Cavabdeh barışıq təklifini qəbul etməmiş, 20 000 manat kompensasiya məbləği ilə də razılaşmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
29. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
31. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
32. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı
33. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı
34. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Topçubaşov küçəsi ev 23 ünvanında yerləşən 11 saylı mənzil 2000-ci ildən əvvəl Cavabdeh babası Sahib Əliyevin mülkiyyətində olmuş, xx.xx.2008-ci il tarixində İddiaçı mülkiyyətinə keçmişdir.
45. Cavabdeh özünün bildirdiyi hal ondan ibarətdir ki, 1985-ci ildən 2000-ci ilə qədər həmin mənzildə yaşamış, bundan sonra mənzili tərk edib getmişdir.
46. İddiaçı onun 1985-ci ildən sözügedən mənzildə yaşadığını mübahisələndirməmiş, lakin mənzili 2006-cı ildə tərk etdiyini bildirmişdir.
47. Beləliklə, Cavabdeh mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil babasına məxsus olduğu dövrdə, yəni babasının ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2000-ci (yaxud 2006-cı) ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.
48. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
49. İşin halları baxımından kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən mənzilə, mənzil babasının mülkiyyətində olduğu dövrdə onun ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır.
50. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır.
51. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
52. Kollegiyanın qənaətinə görə, mülkiyyətində mənzillər olan Cavabdeh, yaşayış sahəsinə olan ehtiyacını məhz anasının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.
53. Bu kontekstdə qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh kompensasiya təklif etməsinə baxmayaraq, məhkəmənin onun istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi nəticəsinə gəlməsi pozuntu kimi qiymətləndirilə bilməz. Çünkü birincisi, həmin kompensasiya mübahisənin başa çatdırılması üçün təklif olunmuş, lakin Cavabdeh bu təklifi qəbul etməmişdir; ikincisi, kompensasiya iddianın predmeti və obyekti deyildir.
54. Həmçinin nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Başqa sözlə, hakim iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək, konkret halda istifadə hüququnun olub-olmadığını, hüquq sahibinə kompensasiya ödənilməli olub-olmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.
55. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 228-ci maddəsinə istinadla müvafiq nəticəyə gəlməsi tətbiq edilməməli normanın tətbiqi kimi qiymətləndirilməməlidir.
56. Belə ki, mübahisəsi gedən mənzilin 2006-cı ildə İddiaçı mülkiyyətinə keçməsi və onun özünün, oğlunun mənzili 2006-cı ildə tərk etdiyini bildirməsi, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin (babasının) iradəsi əsasında həmin mənzilə yaranan istifadə hüququnun, mənzil anasının mülkiyyətinə keçdikdən sonra hazırda qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunduğu qənaətini formalaşdırmışdır.
57. Qeyd olunmalıdır ki, daşınmaz əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
58. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”.
59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq olunması, iddiaçının bildirdiyi faktlarla bağlı olan hakimin səhvi kimi qiymətləndirilə bilməz.
60. Kollegiya onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdeh artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
61. İlkin iddia tələbi üzrə şərh etdiyi qənaətinə uyğun olaraq kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə verdiyi qiymətlə də razılaşır və prossesual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır.
62. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2103/2023 saylı iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə