Məhkəmə qərarları › İş №2(103)-6232/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6232/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6232/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(001)-3056/2021 saylı qərardadından İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlə aralarında bağlanmış 05 avqust 2008-ci il tarixli, 245/08 AK kredit müqaviləsi üzrə yaranmış 13287,44 ABŞ dolları əsas, 20359,46 ABŞ dolları faiz, 15174,55 ABŞ dolları cərimə borcunun, habelə 3630,9 ABŞ dolları gecikdirilmiş faiz borcunun, ümumilikdə 52452,35 ABŞ dollarının, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)-3056/2021 saylı qərardadına əsasən, mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(001)-3056/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən qənaətini belə əsaslandırmışdır ki, işdən görünür ki, “Nikoyl” İKB Cavabdeh qarşı “kredit borcunun girov predmeti hesabına tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 245/08 AK saylı, 05 avqust 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə həmin müqavilənin predmeti olan, borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin açıq hərracdan satılması və əldə olunmuş əsait hesabına bankın xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz və 1288,66 ABŞ dolları penya, hüquqi xidmətlərə görə 3025,19 ABŞ dolları və cəmi 23193,15 ABŞ dolları borc məbləğinin, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli, 2(001)-2853/2010 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək “Nikoyl” İKB (indiki İddiaçı) 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 245/08AK saylı, 05 avqust 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə həmin müqaviləinn predmeti olan, borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına bankın xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz, 500 ABŞ dolları penya, cəmi 19379,3 ABŞ dolları məbləğində borcun, həmçinin, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh “Nikoyl” İKBnin xeyrinə tutulması qərara alınmışdır. Hal- hazırda kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, iddiaçı yenidən eyni əsaslarla, kredit borcunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayəti qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işdən açıq-aşkar görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Buna görə də birinci instansiya məhkəməsi hazırki iddia üzrə iş üzrə icraata xitam verərkən haqlı olmuşdur. İddiaçının yenidən bu cür iddia ilə məkəməyə müraciət etməsi isə anlaşılan deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(001)-3056/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(001)-3056/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar