Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6236/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” MTK-ya qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1 və digərləri cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinə qarşı «ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən yaşayış binasında «Çiller» sisteminin quraşdırılması üçün ödənilmiş 20525,00 ABŞ dollarının, sonradan evlərinə quraşdırdıqları kondisioner-kombi sistemlərinə görə 20270,00 manat, 18000,00 manat kommunal xərclərə görə maddi zərər, süründürməçilik, əsəb və sarsıntıya görə 30000,00 manat mənəvi zərərin, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31 manatın cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar «Cavabdeh» ilə rəsmi müqavilə bağlayaraq mənzillərin dəyərini tam ödəməklə almışlar. Bundan sonra «Cavabdeh»-nın rəhbərliyi binada mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılması üçün mənzillərin hər kvadrat metrinə görə 50 ABŞ dolları olmaqla, pul tələb etmiş və onlar 2008-ci ildə üç mənzilə görə cəmi 20525,00 ABŞ dolları pul ödəmişlər. Lakin binanın təhvil verilməsindən və ödənişin edilməsinin üstündən illər keçməsinə baxmayaraq, sistem hələ də işlək vəziyyətə gətirilməmişdir. Bu barədə bina rəhbərliyinə müraciət etdikdə isə, rəhbərlik müxtəlif bəhanələrlə problemin həllindən boyun qaçırmışlar. Sistemin işə salınması üçün binanın rəhbərliyinə köməklik məqsədi ilə qeyri-rəsmi olaraq da ödənişlər edilmişdir. Lakin, problem həllini tapmadığından, onlar öz təmir olunmuş evlərində yenidən söküntü-tikinti işləri apararaq kombi isitmə sisitemi və kondisionerlər quraşdırmaq məcburiyyətində qalmışlar. Onlar İddiaçı1 məxsus 81 saylı mənzildə 1 ədəd kombi (900 manat) və 1 ədəd kondisioner (1700 manat), İddiaçı2 məxsus 82 saylı mənzildə 1 ədəd kombi (1230 manat) və 3 ədəd kondisioner (cəmi 8810 manat), İddiaçı3 məxsus 83 saylı mənzildə 1 ədəd kombi (1230 manat) və 3 ədəd kondisioner (cəmi 6400 manat) quraşdırmaqla, ümumilikdə 20270,00 manat pul xərcləmişlər. Bundan başqa, binada quraşdırılmış isitmə-soyutma sisteminin işləməməsi nəticəsində 3 mənzilə birlikdə aylıq 500 manat kommunal ödəniş etdikləri üçün son üç ili nəzərə almaqla, ümumilikdə 18000 manat ödəniş etmiş, eləcə də məlum problemlə bağlı stress, əsəb keçirdikləri üçün mənəvi zərərə məruz qalmışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 1394/2018 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia qismən təmin olunmuş, «xxxx» Mənzil-Tikinti kooperativindən «Çiller» sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəyə uyğun), mənəvi zərərə görə 1000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsinin «xxxx» MTK-dan, 50 manat məbləğində hissəsinin iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Həm iddiaçılar, həm də cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-6574/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilmiş, iddiaçıların apellyasiya şikayəti təmin olunmamış, 100 manat ekspertiza xərcinin iddiaçılara aid edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7859/2018 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-6574/2018 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-4127/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh “xxxx” MTK kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 1953/2020 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 4127/2019 saylı qətnaməsi iddianın təmin edilən hissəsində («Çiller» sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəyə uyğun), mənəvi zərərə görə 1000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması) ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh “xxxx” MTK apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, işin obyektiv araşdırılmaması, iddianın rədd olunmalı olması, 2009-cu ildən binada «Çiller-Fankoyl» sisteminin (isitmə və soyutma sistemi) quraşdırılaraq sakinlərin istifadəsinə verilməsi, soyutma sisteminin işlək vəziyyətdə olması, isitmə sisteminin isə 2015-ci ildə «Metropark» ticarət mərkəzində baş vermiş hadisədən sonra «Azəriqaz» İB tərəfindən qaz xəttinin bağlanmasına görə işləməməsi, həmin binada iddiaçılardan başqa heç kimin bu sisitemi mübahisələndirməməsi, iddiaçıların da uzun zaman ərzində sistemdən yaralanması, lakin son vaxtlar müəyyən nasazlıqların yaranması, bu səbəbdən də iddiaçılar tərəfindən pulların geri tələb olunması, məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması, digər sübutların nəzərə alınmaması, iddia müddətinin tətbiqinə dair ərizənin nəzərə alınmaması və s. kimi əsaslandırılmış, göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunması məhkəmə kollegiyasından xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsində vermiş olduğu izahata uyğun izahat verdilər və iddia ərizəsini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı2 əlavə olaraq göstərmişdir ki, onlar mənzillərində quraşdırılmış kombi və kondisionerlərin alınmasına dair qəbzlərin bəzilərini saxlamamışlar. Buna baxmayaraq, həmin mənzillərdə qeyd edilən kombi və kondisionerlərin olmasını onların məhkəməyə təqdim etdikləri fotoşəkillər də təsdiq edir. Həmin avadanlıqların qiyməti isə onların əlində olan qaimələrdə göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı3 məhkəmə iclasında iştirak etməmiş, həmçinin Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan xx xxxx 2007-ci il tarixli müqavilələrdən görünür ki, İddiaçı2 və İddiaçı3 “xxxx” MTK-dan müvafiq olaraq 2 otaqlı, 106,5 kv.metr və 4 otaqlı, 185 kv.metr sahəli mənzillər, xx xxxxxxx 2007-ci il tarixli müqavilədən isəgörünür ki, İddiaçı1 həmin binadan 3 otaqlı, 119 kv.metr sahəli mənzil almışdır. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, mənzil 81 İddiaçı1, RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, mənzil 82 İddiaçı2, RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, mənzil 83 İddiaçı3 mülkiyyətindədir. İşdə olan “xxxx” MTK-nın xx xxxx 2009-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı1 “Çiller” sisteminin qurulması üçün 5950 ABŞ dolları, xx xxxxxx 2008 tarixli arayışdan görünür ki, İddiaçı2 5325 ABŞ dolları, xx xxxx 2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 9250 ABŞ dolları, cəmi “Çiller” sisteminin quraşdırılması üçün “xxxx” MTK-ya ümumilikdə 20525 ABŞ dolları məbləğində pul ödəmişlər. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 1004 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış binasına baxış zamanı həmin binanın bütün mərtəbələrinin blok hissəsinin meydançasında kollektor sistemi quraşdırılmış, hər bir mənzilə kollektordan ayrı-ayrı boru vasitəsilə giriş-çıxış verilmişdir. 81, 82 və 83 saylı mənzillərə baxış zamanı həmin mənzillərin otaqlarında Fankoyl avadanlıqları quraşdırıldığı müəyyən edilmişdir. Bununla yanaşı, təqdim olunan binanın həyətyanı sahəsində həmin binada yerləşən mənzillərin soyudulması üçün “Çiller” avadanlığı (mərkəzləşdirilmiş soyutma sistemi) quraşdırılmışdır. Lakin, həmin sistemin işlək vəziyyətə gətirilməsi üçün sistemə verilən qaz xətti bağlı olduğundan, eləcə də qış mövsümü olduğundan həmin sistemin işlək vəziyyətdə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Binaya mərkəzləşdirilmiş “Çiller Fankoyl” sisteminin çəkildiyi müəyyən edilmiş, lakin yuxarıda qeyd olunanlara əsasən, həmin sistemin texniki cəhətdən işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 16857 saylı rəyi ilə müəyyən edilmişdir ki, binada texniki cəhətdən qazanxana və çiller sistemi işlək deyil və işlək vəziyyətə gətirmək üçün bir neçə gün iş və yenidənqurma işləri görülməlidir. Qazanxanada ortada olan iki qazandan biri tam sökülmüş formada, digəri isə təmirə yararsız vəziyyətdədir. Qazanların uzun müddət belə qalması istismara yararlı olmasını mümkünsüz edir. Quraşdırılmış avadanlıqların pompalarının çiller və qazanın çoxmərtəbəli binanın tam hesabat tələblərinə uyğun olmamağı, qış və yay mövsümlərində istifadəçilərin tələblərini tam təmin edə bilməməsi boruların ölçülərindən bilinir. Qazanxanada nəmişliyin və rütubətin normadan çox olması, havalandırma sisteminin olmaması, avadanlığın istismar müddətindən tez sıradan çıxmasını və tez-tez servis xidmətinə ehtiyac olmasını bildirir. Təhlükəsizlik normaları və qaydalarına əməl olunmamışdır. Bu qazanxananın zirzəmidə yerləşməsi, havalandırma sisteminin olmaması, dəm qazı sensorların quraşdırılmaması insan təhlükəsizliyinə və partlayışa səbəb ola bilər. Tüstü bacalarının düz quraşdırılmaması yanmış qazların ixrac olunmasına maneə törədir. 81, 82 və 83 saylı mənzillərə çəkilmiş xətlər texniki cəhətdən işlək vəziyyətdə deyil. İsti və soyuq havanın bütün mərtəbələrdə bərabər paylanması üçün xətlərin diametri normalara uyğun hesablanmamışdır. Bu səbəbdən texniki işlək sayılmır. Mənzillərdə sakinlər tərəfindən qoyulan fankoillər işlək olsa da dövriyyəsi çox zəif və yox dərəcəsində olması texniki cəhətdən işlək vəziyyətdə olmamasını göstərir. İsti və soyuq havanın bütün mərtəbələrdə bərabər paylanması üçün xətlərin diametri normalara uyğun hesablanmamışdır. Mərtəbələrdə yerləşən paylaşım kollektorlarında balans yaradan vannaların quraşdırılmaması və boruların ölçü sisteminin normadan aşağı olduğundan, qısa və uzaq dövriyyənin tənzimlənməsi mümkün olmadığından yuxarı mərtəbələrdə dövriyyə pozuntusunun yaranması qaçılmazdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin və kassa mədaxil orderlərinin surətindən müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 2015-2017-ci illər ərzində kombi və kondisioner sistemlərinin alınması üçün ayrı-ayrılıqda 1230,00 manat, 1590,00 manat, 12475,00 manat, 1475,00 manat, 100,00 manat məbləğində ödənişlər edilmişdir. İddiaçılar onlara məxsus mənzillərdə kondisioner və kombi sistemlərinin quraşdırılmasının əks olunduğu fotoşəkilləri məhkəməyə təqdim etmişlər. İşin araşdırılan halları və tərəflərin vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının müvafiq olaraq 81, 82 və 83 saylı mənzillərini almışlar və həmin mənzillər onların mülkiyyətindədir. Qeyd edilən mənzillərə «Çiller» mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılması ilə əlaqədar tərəflər arasında şifahi razılaşma olmuş və həmin razılaşmaya əsasən 2008-2009-cu illər ərzində iddiaçılar cavabdehə müvafiq olaraq 5950 ABŞ dolları, 5325 ABŞ dolları və 9250 ABŞ dolları olmaqla, ümumilikdə 20525 ABŞ dolları pul ödəmişlər. Qeyd edilən isitmə-soyutma sistemi 2009-cu ildə quraşdırılmış və bir müddət çalışdıqdan sonra 2015-ci ildə baş vermiş qəza hadisəsi ilə əlaqədar işini dayandırmışdır. Qeyd edilən sistemin işlək vəziyyətə gətirilməsi ilə bağlı iddiaçıların cavabdeh MTK-ya müraciəti cavabsız qalmış və həmin sistem işləməmiş, nəticədə iddiaçılar mənzillərinə isti-soyuq havanın və suyun verilməsini təmin etmək üçün yaşadıqları mənzillərdə öz hesablarına kombi sistemləri və kondisionerlər quraşdırmalı olmuşlar. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri isə aşağıdakılardan ibarət olmuşdur: “Əvvəla, «Çiller» sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dollarının geri qaytarılması tələbi o halda əsaslı ola bilər ki, iddiaçıların dəyərini ödədikləri sistem ümumiyyətlə, quraşdırılmasın. Lakin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halarından görünür ki, həmin sistem quraşdırılıb, bir müddət işləyib, sonradan texniki problemlərə görə işləməyib. Buna görə də pulun geyri qaytarılması tələbinin əsasını təşkil edən halı müəyən etmədiyi halda, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, «Çiler» sisteminin quraşdırılması ilə bağlı tələb podrat münasibətlərindən doğur. Buna görə də apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbinə Mülki Məcəllənin podrat münasbiətlərini nizama salan normaları baxımından qiymət verilib-verilməməsinin mümkünlüyünə diqqət yetirməli və bütün binaya (hər mənzilə, o cümlədən iddiaçıların mənzilinə) quraşdırılmış, fərdi qaydada iddiaçıların mənzilindən çıxarılması mümkün olmayan sistemə görə ödənilmiş pulun geri qaytarılması tələbinin nə qədər əsaslı olubolmamasını da həmin normalara uyğun həll etməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən və apellyasiya isntansiyası məhkəməsinin istinad etdiyi qərarında da quraşdırılmış sistemin işlək vəziyyətdə olmaması səbəbindən iddiaçıların əlavə xərcə düşərək mənzillərinə mövsümə uyğun olaraq isitmə və soyutma sistemi (kondisioner və kombi) quraşdırmalarının iddiaçıların zərəri kimi qiymətləndirilib-qiymətləndirilməməsinin mümkünlüyü barədə göstəriş olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə həmin göstərişlərə səthi yanaşaraq, əlavə olaraq kondisioner və kombi quraşdırılmalarının iddiaçıların düşdükləri zərər olub-olmamasını, zərər olduğu halda həmin zərərin məbləğinin iddiada göstərilən 20270 manat olub-olmamasını araşdırmamışdır. Mənəvi zərərlə bağlı tələb də maddi zərərlə bağlı olduğu üçün həmin hissədə tələb də maddi zərərlə bağlı tələbə qiymət verilməklə həll edilə bilər.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus mənzillərdə mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılması ilə bağlı işlərin görülməsi zamanı tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur, ona görə də hazırkı mübahisə mülki qanunvericiliyin podrat münasibətlərini nizama salan normaları əsasında həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsasən kollegiya bu qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçıların sifarişi əsasında onlara məxsus mənzillərdə mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırıldığından və bu sistem bir müddət fəaliyyət göstərdiyindən iddiaçıların həmin sistemin quraşdırılması üçün cavabdehə ödəmiş olduqları pulu geri tələb etmələrinə dair iddialarının hüquqi əsası mövcud olmamışdır. Belə ki, yuxarıda sadalanan podrat münasibətlərini nizama salan mülki hüquq normalarının dispozisiya şərtlərinə görə, görülmüş işlə bağlı qüsur aşkar edildiyi halda, sifarişçi (iddiaçılar) həmin işin görülməsi üçün ödənilmiş muzd məbləğinin podratçı (cavabdeh) tərəfindən qaytarılmasını deyil, yaranmış qüsurun aradan qaldırılması üçün onun tərəfindən əlavə icra tələb edə bilər. Lakin podratçı tərəfindən əlavə icra üçün müəyyən edilmiş müddət ərzində yaranmış qüsurlar aradan qaldırılmazsa, bu halda sifarişçi həmin qüsuru özü aradan qaldırıb çəkdiyi xərci podratçıdan tələb edə bilər, qüsur tamamilə aradan qaldırılmazsa, müqavilədən imtina edə və müqavilə ilə bağlı xərclərin əvəzini podratçıdan tələb edə, yaxud da muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında mövcud olmuş podrat münasibətləri üzrə sifarişçi müəyyən edilmiş muzdun məbləğini əvvəlcədən tam ödəmək şərti ilə podratçıya vermiş, həmçinin podratçı müqavilə üzrə quraşdırılmalı olan isitmə-soyutma sistemini binada quraşdıraraq sifarişçilərin istifadəsinə vermişdir. Bununla yanaşı, quraşdırılmış isitmə-soyutma sisteminin bu cür sistemlər üçün nəzərdə tutulmuş texniki standartlara cavab verməməsi və nəticədə təyinatına uyğun olaraq kefiyyətli istismarının mümkünsüz olması, hazırda işlək vəziyyətdə olmaması müəyyən edildiyindən, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından iddiaçıların həmin sistemdə yaranmış qüsurların aradan qaldırılmasını cavabdehdən tələb etmək hüquqları mövcud olmuşdur. Lakin iş materiallarından və tərəflərin verdikləri izahatlardan görünür ki, iddiaçılar bu hüquqlarından istifadə edərək mənzillərində quraşdırılmış isitmə-soyutma sistemindəki nasazlıqların aradan qaldırılması ilə bağlı cavabdehə müraciətləri cavabsız qalmış, iddiaçıların isə bu qüsurları özlərinin sərbəst şəkildə aradan qaldırmaq imkanları olmamışdır. İddiaçıların öz mənzillərində mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin quraşdırılması ilə bağlı cavabdehlə bağladığı müqavilənin məqsədi onların mənzilində fasiləsiz olaraq isti/soyuq su və havanın verilməsinin təmin edilməsi olmuşdur. Lakin cavabdehin podrat müqaviləsi üzrə öz üzərinə düşən vəzifəni – qeyd edilən sistemin lazımi kefiyyətdə quraşdırılmasını yerinə yetirməməsi nəticəsində həmin sistemdən istifadə edilməsi mümkün olmamış, nəticədə iddiaçıların hər biri öz mənzilində fasiləsiz isti soyuq hava və su təchizatını təmin etmək üçün kombi və kondisioner quraşdırmalı olmuşlar. Kollegiyanın qənaətinə görə, bu işləri görməklə iddiaçılar faktiki olaraq podrat müqaviləsi üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş iş üzrə yaranmış qüsuru aradan qaldırmış hesab edilməli, həmin işlərin görülməsi ilə bağlı çəkmiş olduqları xərcləri cavabdehdən geri tələb etmələri isə Mülki Məcəllənin 764.1-ci maddəsi baxımından qanuni və əsaslı hesab edilməlidir. İddiaçılar mənzillərində quraşdırılmış kombi sistemləri və kondisionerlərin alınması üçün 20270 manat pul ödənilməsini bildirsələr də, onların məhkəməyə təqdim etdikləri qəbz və orderlərdə ümumilikdə 16870 manat məbləğin ödənildiyi görünür. İddiaçılar həmin qurğuların əldə edilməsi ilə bağlı qəbzlərin hamısını saxlamadıqlarını, lakin bu qurğuların onlara məxsus mənzildə faktiki olaraq quraşdırıldığını bildirirlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların öz mənzillərində kombi və kondisioner sistemlərini quraşdırması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmçinin bu sistemlərin quraşdırılması əlavə xərclərlə (usta haqqı, yeni montaj işlərinin görülməsi ilə əlaqədar mənzildə müəyyən söküntü işlərinin aparılması və yenidən təmiri) bağlı olduğundan iddiaçıların həmin işlərin görülməsi üçün onların iddia ərizəsində göstərildiyi kimi 20270 manat xərc çəkməsi inandırıcıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçılar onların mənzillərinə mərkəzi isitmə-soyutma sisteminin quraşdırılması üçün ödədikləri pul məbləğinin cavabdehdən onların xeyrinə tutulmasını tələb etməkdə haqlı olmasalar da, həmin sistemin təyinatı üzrə istifadəsinin mümkünsüz olması səbəbindən öz mənzillərində kombi sistemləri və kondisionerlər quraşdırmaqla, faktiki olaraq yaranmış qüsuru aradan qaldırmaq üçün çəkdikləri xərcin əvəzi cavabdehdən onların xeyrinə tutulmalıdır. Kollegiya iddia tələbinin mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməsinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə də əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 1000 manat məbəlğində mənəvi zərərin əvəzinin tutularaq iddiaçılara ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərkən iddiaçıların əmlak hüquqlarının pozulması ilə bağlı onların mənəvi sarsıntı keçirmələrinə, cavabdehin belə hərəkətləri nəticəsində iddiaçıların mənəvi sarsıntı keçirmələri, onlara qarşı törədilən qanunsuz hərəkətin onların şüurunda mənfi psixi reaksiyaya səbəb olmasının iddia ərizəsinin məzmunundan və iddiaçının (digər iddiaçıların nümayəndəsinin) məhkəmə iclasında verdiyi izahatından açıq-aşkar göründüyünə istinad etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin tutulması ilə bağlı məsələni həll edərkən heç bir sübut və dəlilə əsaslanmamış, iddiaçıların keçirdiyi mənəvi sarsıntının, cavabdehin hərəkətinin iddiaçıların şüurunda mənfi psixi reaksiya yaratmasının nədə ifadə olunduğuna, hansı şəkildə təzahür etməsinə dair heç bir halı müəyyən etmədən iddianı həmin hissədə qismən təmin etmişdir. Halbuki, nə iddia ərizəsində, nə də iddiaçıların və onların nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatında onların mənəvi sarsıntı keçirməsi ilə bağlı hər hansı tutarlı dəlil səsləndirilməmiş, həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, yalnız cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların stress və əsəb keçirdiklərini qeyd etməklə kifayətlənmişlər. Ona görə də, kollegiya hesab edir ki, iddiaçılar mənəvi zərərin ödənilməsi ilə bağlı iddianı sübut edə bilməmişlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsinə dair ərizənin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətinin bu dəlilini Azərbaycan Respublikası MMnin 373 və 375.2-ci maddələri ilə əsaslandırmışdır. Həmin maddələrin dispozisiya şərtinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Lakin Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırkı işin mübahisəsiz hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən quraşdırılmış mərkəzi isitmə-soyutma sisteminin yararsız olmasından iddiaçılar yalnız 2015-ci ildə xəbərdar olmuşlar və hazırkı iddia ilə məhkəməyə 2016-cı ildə müraciət etmişlər. Belə olan halda kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir və cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi qanuni və əsaslı hesab edilmə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1394/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməklə, Cavabdeh-dan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 20270 manat məbləğində pul tutulmalı, mənəvi zərərin ödənilməsinə dair hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və Cavabdeh-dan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 20270 manat məbləğində pul tutulsun. İddia tələbi mənəvi zərərin ödənilməsinə dair hissədə təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6236/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6236/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver