Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6236/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-161/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7.273,61 ABŞ Dolları məbləğində kredit borcu, 6.098,08 ABŞ Dolları məbləğində faiz borcu və 12.096,51 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25.468,20 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-161/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 7.273,61 ABŞ dolları məbləğində əsas borc, 3.155,95 (üç min yüz əlli beş dollar 95 sent) ABŞ dolları məbləğində faiz borcu və 120(yüz iyirmi) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 10.549,56(on min beş yüz qırx doqquz dollar 56 sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlili: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin zamin Cavabdeh2 qarşı təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür Sübutların tədqiqi: Mülki iş materiallarında olan 22 iyul 2015-ci il tarixli 056A********** saylı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Mülki iş materiallarına əlavə edilmiş 22 iyul 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1nın uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Cavabdeh1 Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlinə Cavabdeh1 imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 02 avqust 2018-ci il müəyyən olunmuşdur. Mülki işdə olan 23 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 22 iyul 2015-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 7.273,61 ABŞ dolları məbləğində əsas, 6.098,08 ABŞ dolları məbləğində faiz borcu, 12.096,51 ABŞ dolları cərimə borcu olmaqla cəmi 25.468,2 ABŞ dolları məbləğində borcu vardır Məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 01 fevral 2021-ci il tarixli 9/4520 saylı rəyi ilə Cavabdeh1nın 2222 iyul 2015-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə, yəni 22 iyul 2018-ci il tarixinə 8.795,96 ABŞ dolları əsas və 3.155,95 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilmişdir. Cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin zaminə, yəni Cavabdeh2 qarşı təmin olunmayan hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 pul tələbinə dair iddia əsassızdır. İddiaçının apellyasiya şikayətinin birinci dəlili zaminə qarşı iddia müddətinin ötürülməməsi ilə bağlıdır. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mülki işdə zamin Cavabdeh2 borclunun 36 ay müddətinə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsi üçün tam məsuliyyəti üzərinə götürmüşdür. Kollegiya qeyd edir ki, kreditor "xxxx" Bank ASC ilə borclu Cavabdeh1 arasında bağlanan 22 iyul 2015-ci il tarixli Kredit Müqaviləsi 02 avqust 2018-ci il tarixdə bitmişdir. Bu isə qeyd olunan qanunvericilik aktı (Mülki Məcəllənin 477.0.4-cü maddəsi) normasının tələblərinə görə ona dəlalət edir ki, iddiaçı 02 iyul 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi zaman artıq zaminin öhdəliklərinə xitam verildiyindən rayon məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Eyni zamanda, iddiaçı apellyasiya şikayətində göstərir ki, rayon məhkəməsi MM-in 375.2-ci maddəsinin pozuntusuna yol vermişdir. Belə ki, həmin maddəyə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, lakin Cavabdeh2 tərəfindən müddətin tətbiqinə dair ərizə verilməmişdir. Məhkəmə kollegyası iddiaçının həmin dəlili ilə razılaşmır və bildirir ki, zaminliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində təsbit olunub. Həmin maddi hüquq norması hazırkı mübahisəyə tətbiq edilməli norma olduğundan rayon məhkəməsi qeyd edilən normaya uyğun mübahisəni həll etməkdə haqlı olmuşdur. Bu halda müddətin tətbiqinə dair ərizəyə ehtiyac olmur. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün qənaətə gəldiyindən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-161/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6236/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6236/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver