Məhkəmə qərarları › İş №2(103)-6237/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6237/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6237/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İstehsalat Biriliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(003)- 3122/2023 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(003)-3122/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddəsinə əsasən, mövqeyini belə izah etmişdir ki, iddia ərizəsində cavabdehin adı, soyadı və ata adı, ünvanı göstərilsə də Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilmədən iddia ərizəsində cavabdehin qeydiyyatda olduğu yer barədə, həmçinin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qeydiyyat və olduğu yer barədə ünvanının göstərilməsi məsələsi, məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh adlı 3 nəfər ayrı-ayrı şəxslər vardır. Odur ki, hazırda iş materiallarından hansı şəxsə qarşı iddiaçı tərəfindən iddianın irəli sürülməsini müəyyən etmək mümkün deyildir. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin adı, soyadı və atasının adı, qeydiyyatda olduğu və yaşadığı yer iddia ərizəsində tam dəqiqliklə göstərilmişdir. Bunu təsdiq edən Xəzər rayonu DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli elektron qərarın surəti iddia ərizəsinə qoşma qismində əlavə edilmişdir. Qərardan o da görsənir ki, cavabdeh şəxs xx.xx.1998-ci ildə anadan olmuş, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını tədqiq etmiş olsa idi müəyyən edərdi ki, cavabdehin məlumatları iddia ərizəsində görsədilmişdir. Bu faktı təsdiq edən Xəzər DYPŞ-nin Qərarı da ərizəyə qoşma edilmişdir. Bundan əlavə, cavabdeh şəxsi anadan olduğu doğum tarixinə görə (xx.xx.1998) eyniləşdirə bilərdi. Cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya, fin nömrəsi və sair) təsdiq edən hər hansı sübutun iddia ərizəsinə qoşma edilmədiyinə görə iddia ərizəsinin geri qaytarılması qanunsuzdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3122/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə əvvəlki qərardadda qeyd etdiyi mövqeyi təkrarlayaraq həmçinin qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən cavabdehə aid məlumatlar iddia ərizəsinə əlavə edilən sənədlərdə deyil məhz iddia ərizəsində göstərilməlidir. İddia ərizəsində qeyd olunan faktları təsdiq edən sənədlər isə iddia ərizəsinə əlavə edilməlidir. Şikayətdə istinad olunan həmin qərardan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanıdır. Elektron Məhkəmə informasiya sistemindən isə görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh qeydiyyatda olduğu ünvan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Kükü kəndidir. Bu hal isə onu təsdiq edir ki, iddia ərizəsinə cavabdehin qeydiyyat ünvanını və şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları təsdiq edən sənədlər də iddia ərizəsinə əlavə edilməmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Bu Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mübahisələndirilən qərardaddan göründüyü kimi məhkəmə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsini qaytararkən ərizənin məhkəmənin icraatına götürülməsinin Mülki- Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin pozulmuş olması əsası ilə mümkünsüz olmasını qeyd etmiş, iddiaçı tərəfindən iddia ərizəsi üçün qanunvericilikdə nəzərdə tutulan forma və məzmuna aid tələblərə riayət edilməməsi ilə əlaqələndirmişdir. Beləliklə, Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə görə iddia ərizəsində işdə iştirak edən şəxslərin eyniləşdirmə məlumatları dəqiq göstərilməlidir. Bu məlumatların iddia ərizəsində olmaması hakimi ərizənin məhkəmədə baxılmağa hazırlanması və məhkəmədə baxılması üzrə bəzi prosessual hərəkətləri etmək imkanından məhrum edir. Hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin pozulması qeyd olunan normanın tələbləri pozulmamış, cavabdehin qanunvericiliklə nəzərdə tutulan formada məlumatlandırılması üçün məhkəməyə müvafiq məlumatlar, bunu təsdiq edən müvafiq sənədlər təqdim edilmişdir. Bundan başqa “Azemis” elektron məhkəmə sistemindən 2E3H2PA fin kodu üzrə iddiaçının cavabdeh qismində cəlb etdiyi şəxsə aid şəxsi məlumatların əldə edilməsi mümkündür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3122/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadında məhkəmə həm də cavabdeh xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Kükü kəndi ünvanında qeydiyyatda olduğunu göstərmişdir. Bununla əlaqədar kollegiya qeyd etməyi zəruri sayır ki, məhkəmə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsini yenidən araşdırarkən həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 36.11-ci maddəsinin tələblərini nəzərdən keçirsin. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, bununla da iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3122/2023 saylı 18 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı İstehsalat Biriliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar