Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6238/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2951/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Gədəbəy Rayon Məhkəməsinin 2(042)-89/2020 saylı, 07 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından olan 01 sentyabr 2018-ci il təvəllüdlü X2 adlı uşaqlarının anasının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın saxlanması üçün məhkəmənin yuxarıda göstərilən qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2951/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-89/2020 saylı, 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 01 sentyabr 2018-ci il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, o maddi imkanının olmadığını, yalnız 130 manat məbləğində aliment ödəyə biləcəyini bildirdimişdir. Qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uşağı əgər ona göstərsələr 300 manat da aliment ödəyə biləcəyini qeyd etdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş eti. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Gədəbəy Rayon Məhkəməsinin 2(042)-89/2020 saylı, 07 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından olan 01 sentyabr 2018-ci il təvəllüdlü X2 adlı uşaqlarının anasının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı işləmədiyindən, cavabdeh isə işləməsi və müntəzəm gəliri olması səbəbindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq qəbul etdiyi qətnamə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2951/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6238/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6238/2021
14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver