Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6239/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əldən çıxmış fayda) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1645/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2016-cı il tarixdə bağlanmış borc müqaviləsinə əsasən iddiaçı 50.000 manat məbləğində pulu cavabdehə borc vermişdir.
2. Yasamal Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(004)-4778/2018 saylı qətnaməsi ilə Cavabdeh 50000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 24 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə icra şöbəsinə daxil olaraq icraata başlanmış, icra sənədi üzrə icra tədbirləri görülmüş, lakin icra sənədi icra şöbəsinə göndərildiyi vaxtdan 3 il keçməsinə baxmayaraq, pulun ödənilməsinə dair icra sənədi icra olunmamışdır.
4. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün AR CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əldən çıxmış fayda olaraq 10.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1645/2022 saylı qətnaməsi ilə (hakim G.Axundova) iddia qismən təmin edilmiş, Cavabdeh 7.500 (yeddi min beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 50.000 manat pulun tutulmasına dair icra sənədi icra şöbəsinə daxil olduqdan sonra 3 il keçməsinə baxmayaraq, cavabdeh həmin borcu ödəməmiş və icra sənədi icra olunmamışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 və 445.7ci maddələri ilə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Yasamal Rayon Məhkəməsinin 2(004)- 1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh “əldən çıxmış faydanın” ödənilməsini gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, gecikdirilmiş vaxt üçün illik faiz ödəməyə və icranı qəbul etməkdən imtina edə bilər. Eyni zamanda “əldən çıxmış faydanın” ödənilməsindən imtina etdikdə, zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ən nəhayət, təklif olunmuş öhdəlikdən imtina etmədən, “əldən çıxmış faydanın” ödənilməsinin icrasını təklif edə bilər. Lakin İddiaçı belə bir təklif etməmişdir. Birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh “əldən çıxmış faydanın” ödənilməsini gecikdirdikdə, İddiaçı ona “əldən çıxmış faydanın” ödənilməsi üçün əlavə vaxt verə bilər. Pul öhdəliyi üzrə Cavabdeh, İddiaçı icranı gecikdirdiyi üçün illik faizlər ödəməli deyildir. Lakin birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində dəyən zərər İddiaçı “əldən çıxmış faydanın” ödənilməsini üçün nəzərdə tutulan faizlər məbləğindən çoxdur. Eyni zamanda gecikdirmə Cavabdeh təqsirindən asılı olmayan səbəblərdən olmuşdur. Lakin birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə xəbəri olmamışdır. Məhkəmə Cavabdeh bildiriş göndərsə də, bildiriş cavabdehin əvvəlki yaşayış yerinə getmiş və məhkəməyə qayıtmışdır. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə bildiriş çatmamışdır. Məhkəmə qətnaməsində də Cavabdeh məhkəmədə iştirak etməməsi qeyd olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Belə ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 50.000 manat məbləğində pul tutulmalıdır. Lakin borclu Cavabdeh həmin məbləği tələbkar N.Qurbanova ödəməkdən, bununla da icra sənədini icra etməkdən qərəzli olaraq yayınır, bununla da, pul öhdəliyinin icrasını gecikdirir. Məhz bu səbəbdən, borclu Cavabdeh inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir.
25. İddiaçı N.Qurbanov da bu hallardan çıxış etməklə 50000 manat borcun gecikdirilmiş müddət üçün illik 5 faizi olaraq, cəmi 10.000 manat məbləğində pulun ödənilməsini tələb edir.
26. Birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 50.000 manatın ödənilməsi Cavabdeh tərəfindən 3 illik müddət ərzində gecikdirildiyindən, həmin məbləğin illik 5%-i olmaqla, ümumilikdə 7.500 manat məbləğində pulun tutulmasına dair iddia tələbi əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir.
27. Belə ki, hazırkı işin hallarından cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olması və bu öhdəliyini 3 il ərzində icra etməməsi iş materialları ilə müəyyən edilmişdir.
28. İddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtindən müəyyən edilir ki, borclunun pul öhdəliyinin icrasını gecikdirməsi onun gecikdirilmiş müddət üçün faiz ödəməsi öhdəliyini yaradır. Qanunverici bu öhdəliyin yaranmasını pul məbləğinin ödənilməsinin gecikdirilməsindən başqa, heç bir digər qeydşərtlə məhdudlaşdırmamış, ödənilməli olan faizin məbləğini isə minimal olaraq gecikdirilmiş məbləğin illik 5 faizi miqdarında müəyyən etmişdir. Yəni, buna əsaslar olduqda, iddiaçı daha yüksək məbləğ də tələb edə bilər.
29. Kollegiya cavabdehin ona məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməməsi dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi Yasamal Rayon Məhkəməsinin bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin bildirşlər “bu ünvanda yaşamır” əsası ilə geri qaytarılmışdır. Daha sonra Yasamal rayon Məhkəməsi tərəfindən cavabdehin istifadəsində olan mobil telefon nömrələrinə SMS bildirişlər göndərilmişdir. AR MPM-in 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir.
30. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi :
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1645/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.