Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6245/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Pərvanə Əzimovanın, Cavabdeh iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, "xxxx" ASC ilə cavabdehin arasında bağlanmış 10.09.2008-ci il tarixli, 98/08 saylı kredit müqaviləsi üzrə əldən çıxmış fayda kimi 1.959,25 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilsin. Kredit müqaviləsinin tərəfi olan bank tələb hüququnu İddiaçı QSC-yə güzəşt etdiyinə görə iddia QSC tərəfindən qaldırılıb. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 10.09.2008-ci il tarixli, 98/08 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 4.900 ABŞ dolları məbləğində kredit verib. Kredit 18 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 22 faiz müəyyən olunub. Kredit qaytarılmadığına görə bank məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2824/2019 nömrəli iş üzrə qəbul etdiyi 27.02.2019-cu il tarixli qətnamə ilə qət olunub ki, əsas borc kimi 3.776 ABŞ dolları, faiz borcu kimi 108,82 ABŞ dolları, dəbbə pulu kimi 400 ABŞ dolları, cəmi 4.284,82 ABŞ dolları cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulsun və tutma ipoteka predmeti olan avtomobilə yönəldilsin. Qətnamə qanuni qüvvəyə minib. Qətnamə ilə 13.03.2012-ci il tarixədək olan borcun tutulması qət edilib. Qətnamənin qanuni qüvvəyə minməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəməyib. Ona görə də bank əldən çıxmış fayda kimi 1.959,25 ABŞ dolları ödənilməsini tələb edir. Bank həmin məbləğin hesablanması qaydası barədə arayış təqdim edib (iş v. 8). Arayışdan görünür ki, əldə çıxmış fayda qalıq əsas borca, yəni 3.776 ABŞ dollarına münasibətdə hesablanıb. Hesablama 24.12.2014-cü ildən 20.08.2020-ci ilədək olan dövrü əhatə edib, hesablamada istifadə olunan faiz dərəcəsi, günlərin sayı və əldən çıxmış faydanın məbləği arayışda ətraflı qeyd olunub. Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Ona görə də iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. İddiaçı əldən çıxmış faydanı Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablayıb, bu hesablama Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə zidd deyil. Kredit borcunun tutulması barədə tələbin ipoteka predmetinə (avtomobilə) yönəldilməsi barədə qətnamənin olması cavabdehi kredit borcunun qaytarılmamasına görə məsuliyyətdən azad etmir. Bu günə kimi avtomobilə tutma yönəldilməyib. Bunun səbəbi odur ki, avtomobil icra məmuruna təqdim olunmayıb. Cavabdeh bildirir ki, icra məmuru avtomobilin təqdim edilməsini ondan tələb edib, lakin avtomobil onun sahibliyində olmadığına görə təqdim edə bilmir. Nəzərə alınmalıdır ki, kredit borcunu qaytarmaq kredit müqaviləsindən əmələ gələn öhdəlikdir, cavabdeh həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən Mülki Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda azad edilə bilər. Belə əsas yoxdur. Cavabdehin avtomobili icra məmuruna təqdim edə bilməməsi kredit öhdəliyinin icra edilməməsinə görə məsuliyyətdən azad edilmək üçün əsas ola bilməz. Ona görə də iddiaçı əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Əldən çıxmış faydanın əvəzi kimi 1.959,25 (min doqquz yüz əlli doqquz tam yüzdə iyirmi beş) ABŞ dolları məbləğində pul Cavabdeh alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat Cavabdeh alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6245/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6245/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver