Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6245/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlilzadə oğluna qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6245/2025 (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(007)-2211/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024- cü il tarixli 101804- 867924/1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddəsinə, illik 19 faiz ödəmək şərti ilə 18000 manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 18000 manat əsas, 1378,06 manat faiz borcu olmaqla, cəmi 19378,06 manat borcu vardır.
3. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə 18000 manat əsas, 616,22 manat faiz, cəmi 18616,22 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18000 manat məbləğində əsas bоrc və 1378,06 manat faiz borcu оlmaqla, cəmi 19378,06 manat borcun və 148,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 noyabr 2024-cü il tariхli, 101804-867924/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 18000 manat məbləğində krеdit vеrilib. Borcalan əsas öhdəliyi lazımınca icra etməyib və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzub. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməyib. 01 may 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas bоrc və 1378,06 manat faiz borcu оlmaqla, cəmi 19378,06 manat məbləğində kredit bоrcu yaranıb. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməyib və nəticədə gecikdirilmiş kredit yaranıb. Bеləliklə, krеdit müqaviləsi üzrə öhdəliklər yеrinə yеtirilmədiyinə görə yaranmış borc cavabdеhdən tutulmalıdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3860 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 101804-867924/1 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə) və xx.xx.2025-ci il tarixə (1-ci sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə 18.000 manat, faiz borcu üzrə 612,50 manat. xx.xx.2025-ci il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə 18.000 manat; faiz borcu üzrə 1.363 manat. Ekspert qarşısında qoyulmuş 3-cü suala cavab olaraq bildirilir ki, cavabdeh tərəfindən ödənilmiş pul vəsaitlərinin əsas və faiz borclarına yönəldilməsi zamanı iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilmişdir və ödənişlərin əsas və faiz borclarına silinməsi düzgün həyata keçirilmişdir. Hazırki tədqiqatla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 101804-867924/1 saylı kredit müqaviləsinin şərtləri üzrə faiz borcuna artıq silinmələr müəyyən edilmədi.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 sentyabr 2025-ci il tarixli 2(007)-2211/2025 nömrəli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixli, 101804-867924/1 saylı kredit müqaviləsi üzrə 18000 manat əsas borc və 612,50 manat faiz borcu olmaqla, cəmi 18612,5 manat borc və ödənilmiş 142,3 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 5,84 manatı İddiaçı ASCyə aid edilməsi, İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 96 manatının Cavabdeh və 4 manatını İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi ödənilsin.
8. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 101804-867924/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 18000 manat məbləğində nağd kredit verilib, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməyib.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 421.3, 442, 448.1, 739.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 222.2, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan kifayət qədər yüksək əsas məbləğ və faiz məbləği tutmuşdur. Məhkəmə iştirakını təmin etsəydi, borcun yaranma əsasını izah edərdi. Məhkəmə qərar qəbul edərkən, yalnız iddiaçı tərəfin izahatına əsaslanmışdır. Halbuki, iddianın tam əsassız olmasına dair kifayət qədər əsası var idi. Ödənişi bir qədər gecikdirdiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi, məhkəmənin də, bu halı qəbul etməsi və ondan artıq məbləğdə pulun tutulması düzgün deyildir. Məhkəmə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 17.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 22.Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. İddia qismən təmin olunsa da, iddiaçı şikayət verməmişdir. Odur ki, qətnamə cavabdehin şikayəti əsasında iddianın təmin olunmuş hissəsində tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024- cü il tarixli 101804- 867924/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddəsinə, illik 19 faiz ödəmək şərti ilə 18000 manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürüb.
32. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 18000 manat əsas, 1378,06 manat faiz borcu olmaqla, cəmi 19378,06 manat borcu vardır.
33. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcu 7 iş günü ərzində, yəni xx.xx.2025-ci il tarixinədək ödəmək cavabdehdən tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir.
34. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən maliyyə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3860 nömrəli rəyindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 18.000 manat əsas, 612,50 manat faiz, xx.xx.2025-ci il tarixə isə 18.000 manat əsas və 1.363 manat faiz borcu müəyyən olunur. Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitlərinin əsas və faiz borclarına yönəldilməsi zamanı iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilmişdir və ödənişlərin əsas və faiz borclarına silinməsi düzgün həyata keçirilmişdir. Hazırki tədqiqatla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 101804-867924/1 saylı kredit müqaviləsinin şərtləri üzrə faiz borcuna artıq silinmələr müəyyən edilməmişdir.
35. Birinci instansiya məhkəməsi müqaviləyə xitam verildiyi vaxtadək (pretenziya məktubu), yəni xx.xx.2025-ci il tarixinədək olan əsas və faiz borcunu cavabdehdən tutmuşdur.
36. Cavabdeh hazırda məhkəmə tərəfindən tutulan məbləği mübahisələndirir. O, bildirir ki, borcun yaranma əsası məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə iclasında iştirakı təmin edilmədiyindən öz dəlil və sübutlarını təqdim etmək iqtidarında olmamışdır.
37. Kollegiya cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bildirişlər cavabdehin qeydiyyat olduğu ünvan 1 ünvanına göndərilsə də, bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır.
38. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçməklə kabinet yaratmış, həmin kabinetdən də aktiv istifadə etmişdir.
39. Belə ki, xx.xx.2025-ci il tarixdə cavabdeh qeyd edilən kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
40. Bundan da əlavə məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin adına qeydiyyata alınmış ********** nömrəsinə SMS bildirişlər göndərilmişdir.
41. Kollegiya hesab edir ki, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi iş materialları ilə tam təkzib olunur.
42. Cavabdeh həmçinin apellyasiya icraatı zamanı da məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlanıdırılsa da, məhkəmə iclasında iştirak etməmiş və öz dəlillərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
43. Cavabdeh borcun səhv hesablanması, həmçinin ekspert rəyini şübhə altına alacaq heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
44. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla, qətnamənin ləğv edilməsi əsas hesab edilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2211/2025 nömrəli iş üzrə 24 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.