Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6248/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK 1139/İK- 19 saylı Güzəştli kredit müqaviləsinə əsasən iddiaçı sonuncuya 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 7483,42 manat kredit verilmişdir. Eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasında Cavabdeh1 borcalan Cavabdeh2 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 4246,19 manat, faiz borcu 2399,21 manat, dəbbə pulu 23,39 manat olmaqla, cəmi borcu 6668,79 təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 7459,03 manat əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi borcu 7667,15 manat məbləğində borcun və ödənilmiş 96,68 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün tələb olunan məbləğdə borcu yaranmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia qismən təmin olunaraq, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 4246,19 manat əsas borc, 184,73 manat faiz borcu və 23,39 manat cərimə borcu olmaqla, cəmi 4454,31 manat borc və ödənilmiş dövlət rüsumunun 56,17 manat hissəsinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, iddiaçının borcun ödənilməsini tələb etməkdə haqlı olduğu qənaətinə gəlmiş, maliyyə arayışında göstərilmiş həcmdə əsas və cərimə borcu, tələb həddində faiz borcunu təmin etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 470.1, 472, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – əsas borcun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maliyyə arayışının mətninə diqqət yetirmədən təcili olaraq elektron məhkəmə portalına yerləşdirilmişdir. Məhkəmənin son baxış iclasında tərəflərindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 271 №li maliyyə arayışında əsas borc məbləği texniki səhv olaraq 4246.19 AZN, faiz borcu isə 2399.21 AZN qeyd edilmişdir. Əslində isə 2399.21 AZN gecikən əsas borc olmuşdur, ümumilikdə isə əsas borc -7459.03 AZN təşkil etmişdir. Lakin, məhkəmə əsas borcu iddia ərizəsinə, faiz borcunu isə maliyyə arayışına uyğun hesablayaraq, əsassız bir Qətnamə qəbul etmişdir. Belə olan halda uyğunsuzluğu məhkəmə özü aşkara çıxarmalı və ən azı ekspertiza keçirməklə həqiqi borcu müəyyən etməli idi. Maliyyə arayışı elektron qaydada yerləşdirildikdə iclasda iştirak edən Bankın əməkdaşı həmin arayışı görmədiyindən ona dair də heç bir mövqe nümayiş etdirə bilməmişdir. Nə Bankda həmin arayışı portala daxil edən, nə də iclasda iştirak edən əməkdaşlar həmin arayışın mətni barədə məlumatları olmamışdır. Həmçinin, iş materiallarına əlavə olunan hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit götürülən tarixdən bu günə kimi cəmi 1099.97 AZN məbləğində ödəniş edilmişdir. Belə olan halda necə ola bilər ki, verilmiş 7483.42AZN məbləğində kreditdən 1099.97 AZN ödəniş edildikdən sonra cəmi 4454 AZN borc qalsın?! Həmin işlə bağlı maliyyə arayışında olan texniki səhv sonradan bizə məlum olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faktiki olaraq yalnız əsas borcun tutulması hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın əsas borcun təmin edilməyən hissəsində yoxlanılır. İşdən göründüyü kimi, iddiaçının əsas borcla bağlı tələbi 7459,03 manatdır. Məhkəmə qətnaməsi ilə həmin tələb qismən – 4246, 19 manat hissəsində təmin olunmuş, 3212,84 manat hissəsində isə rədd edilmişdir. Hazırda iddiaçının apellyasiya qaydasında mübahisələndirdiyi hissə məhz həmin 3212,84 manat əsas borc tələbidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə apellyasiya baxışının predmeti olan hissədə düzgün nəticəyə gəlmişdir.
18. Belə ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Birinci instansiya məhkəməsi əsas borcu iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən etmiş, iddiaçı isə apellyasiya şikayətində maliyyə arayışında əsas borcun texniki səhv olaraq tələbdən az göstərildiyini bildirmişdir.
20. Kollegiya nəzərə alır ki, iddiaçı birinci instansiya məhkəməsində peşəkar hüquqşünas nümayəndə ilə təmsil olunmuş, səlahiyyətli nümayəndə sonuncu məhkəmə iclasında verdiyi izahatında sonuncu maliyyə arayışının nəzərə alınmaqla iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir (i.v.76). Bu o deməkdir ki, iddiaçı maliyyə arayışının məlumatlarının həqiqiliyini təsdiq etmiş, mötəbərliyini mübahisələndirməmişdir.
21. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanunvericiliyin normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni əsas borc tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.