Məhkəmə qərarları › İş №2(103)-6249/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6249/2025

02.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6249/2025 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı cavabdeh Cavabdeh qarşı avtomobilə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FD *** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobil İddiaçı mülkiyyətindədir.

2. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuş, məktub ##.##.2024 cü il tarixdə Cavabdeh çatdırılmışdır.

3. Cavabdeh ilə “xxxx” MMC bağlanmış ##.##.2024-cü il tarixli *** saylı Icarə Müqaviləsinin surətindən görünür ki, **FD*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobili ##.##.2024-ci il tarixədək hər gün üçün 60 manat olmaqla ümumilikdə 120 manat məbləğində haqq ödəməklə icarəyə götürmüşdür.

3. “Auto Azərbaycan” Servis mərkəzinin ##.##.2024-cü il tarixli, AA***/**** saylı aktından görünür ki, “Hyundai Elantra” markalı **FD*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir xərcləri 13543 manat müəyyən edilmişdir.

4. TP******* saylı, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermək haqqında qərardan görünür ki, ##.##.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi**FD*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobil ilə Hövsan qəsəbəsi ərazisində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

5. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə nəticəsinə əsasən “Hyundai Elantra” markalı avtomobilə dair tərtib edilmiş AA***/**** nömrəli, ##.##.2024-cü il tarixli Aktda qeyd olunan bir neçə ehtiyat hissələrinin qiymətlərinin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə nəticəsinə əsasən **FD*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin ehtiyat hissələrinin qiymətləri barədə internet saytlarında kifayət qədər məlumat olmadığına görə, avtomobilə ümumilikdə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmadı.

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “HYUNDAI ELANTRA” minik markalı, 2016-cı il buraxılışlı, **FD*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş 13543,00 manat məbləğində zərərin və iş üzrə ödənilmiş 130.63 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il buraxılışlı, HYUNDAI ELANTRA MINIK markalı, ** FD *** dövlət nömrə nişanlı avtomobil mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası DIN BDYP Idarəsi tərəfindən onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil ona məxsus "xxxx" tərəfindən ## #### 2024 cü il tarixdə saat 17:00-da *** saylı icarə müqaviləsi və yol vərəqəsi əsasında cavabdeh Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh avtomobillə hərəkətdə olduğu zaman ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə ciddi zərər vurmuşdur. Cavabdehin barəsində DIN BDYPI-nin Suraxanı rayon DYPŞ-nın R X1 tərəfindən ##.##.2024-cü il tarixdə ТP ******* saylı inzibati tənbehvermə haqqında Qərar qəbul edilərək cavabdeh Azərbayca Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləgində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar DYPI-nin Suraxanı RŞ-si tərəfindən hadisənin sxematik planı çəkilmiş və cavabdehin izahatı alınmışdır. "xxxx" Şirkəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli AA***/**** saylı qüsür aktına əsasən yol nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən mülkiyyətimdə olan avtomobilə 13543.00 (on üç min beş yüz qırx üç) manat məbləğində zərər vurulmuşdur. Cavabdeh tərəfinə ##.##.2024-cü il tarixdə pretenziya göndərilmiş, cavabdeh ##.##.2024-сü il tarixdə pretenziyanı qəbul etmişdir.

8. ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, o, iddia tələbini qismən qəbul edir. Qəzada olan hər iki avtomobilə Paşa Sığorta tərəfindən 500-600 manat ödəniş edilmişdir. Əgər belədirsə, nə üçün onun idarə etdiyi avtomobilə 13000 manat zərər yazılmışdır. O, qəza vaxtı demişdir ki, düzəltdirsin, amma əlində pul olmamışdır. Amma ona demişlər ki, avtomobilin dəmirçi işi də daxil olmaqla, maksimum 2500 manat xərci var. Avtomobilin öz dəyəri 20000 manat olmuşdur. O, zərəri ödəməkdən boyun qaçırmır, amma tələb edilən məbləğ ilə razı deyil. Ona qarşı tərəfdən cəmi bir həftə boyu zəng gəlmişdir. O, yol polisi ilə söhbət etmişdir. “Rent a car” sahibi ilə danışmamışdır. O vaxtı çox qorxmuşdur. Dəyəri qarşılayır, amma o məbləğlə razı deyil.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (sədrlik edən– R.Əhmədov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh maddi ziyanın əvəzi qismində 13543 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 130.63 manat vəsait tutularaq İddiaçı ödənilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh, ##.##.2024-cü il tarixdə “xxxx” MMC ilə Icarə Müqaviləsi bağlanmış, **FD*** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobili ##.##.2024-ci il tarixədək icarəyə götürmüşdür. ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan **FD*** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobil ilə Hövsan qəsəbəsi ərazisində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Avtomobil ziyan dəymişdir və hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin faktiki hallarından aydın olur ki, iddiaçının mülkiyyətində olan avtomobilə zərərin vurulmasında cavabdeh təqsirli olmuşdur və bu fakt işin mübahisəsiz halıdır. Iddiaçı iddia tələbinin əsası kimi cavabdehin onun avtomobilinə ziyan vurmasını və bu ziyanın nə cavabdeh, nə də sığorta şirkəti tərəfindən qarşılanmamasını göstərmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın tələb edilməsi hissəsində əsaslıdır.

12. Məhkəmə cavabdehin maddi ziyanın məbləği ilə razı olmaması baxımından iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş, lakin rəy kifayət qədər əsaslandırılmadığından, avtomobilə dəyən zərər qiymətləndirilmədiyindən, ehtiyyat hissələrinin dəyəri göstərilmədiyindən, rəydə qüsur aktında olan ehtiyat hissələrinin dəyərinin tam düzgün göstərilmədiyi qeyd edilsə də, həmin ehtiyat hissələrinin dəqiq adı, keyfiyyəti və s. sadalanma məhkəmə həmin rəyi mötəbər sübut qismində qəbul etməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə iddiaçıya maddi ziyan vurduğunu məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Cavabdehin qəbul etmədiyi hal ondan ibarət olmuşdur ki, tələb edilən ziyan məbləği yüksəkdir. Lakin cavabdeh öz etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 427.3, 442, 448.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1, 103.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunur ki, o, iddianı qismən qəbul etmiş, lakin qəzada iştirak edən hər iki avtomobilə Paşa Sığorta tərəfindən 500-600 manat ödəniş edildiyi halda, hansı səbəbdən onun idarə etdiyi avtomobilə 13000 manat zərər hesablanmışdır. Cavabdeh izahatında onu da qeyd etmişdir ki, dəmirçi işləri də daxil olmaqla avtomobilin təmir-bərpa işlərinin görülməsinə təxminən 2000 manat xərc tələb olunmuşdur. Eyni zamanda cavabdeh məhkəmənin diqqətinə çatdırmışdır ki, iddiaçıya məxsus 2016-cı il buraxılışlı olan “Hundai Elantra”markalı, ** FD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar dəyəri ümumilikdə 20000 manat təşkil etmişdir. O, real zərəri ödəməkdən boyun qaçırmır, lakin iddiaçının tələb etdiyi zərər məbləği reallığı əks etdirmədiyindən tələb edilən məbləğlə razı deyildir. Eyni zamanda “xxxx” ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış *** nömrəli icarə müqaviləsinin 4.5.3, 4.5.4-cü bəndlərinə əsasən icarəçi avtomobili saz və işlək vəziyyətdə geri qaytarmağı, qəzaya düşərsə, yol-nəqliyyat hadisəsi baş verərəsə, zərərin əvəzini ödəməyi və ya avtomobili təmir etməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı avtoqəza nəticəsində avtomobilinə dəymiş zərəri yüksək qiymətləndirmək məqsədi ilə “xxxx” şirkətindən vurulmuş real zərəri özündə əks etdirməyən qüsur aktı almış, cavabdehin avtomobili şəxsən təmir etdirmək hüququ icarə müqaviləsində təsbit edilsə də, cavabdehə avtomobili təmir etdirməyə imkan verməmişdir. Məhkəmə isə bu halı araşdırmamış və ümumiyyətlə bu halın mövcudluğuna əhəmiyyət belə verməmişdir. Hazırkı halda iddiaçı tərəfindən tələb olunan zərər faktiki vurulmuş zərərin miqdarından daha çoxdur. Iddiaçının mülkiyyətində olan 2016-cı il buraxılışlı olan «Hundai Elantra markalı, ** FD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş zərərin məbləği məhkəmədə də şübhə doğurduğundan, məhkəmə baş vermiş törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin ön hissəsinin deformasiya olunması ilə bağlı iddiaçıya vurulmuş real zərərin məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə mütəxəssis rəyinin alınmasını qərara alaraq, qiymətləndirmənin aparılmasını «xxxx» MMC-yə həvalə edilməsi barədə qərardad qəbul etmişdir. “xxxx” MMC məhkəməyə ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyi göndərmişdir. Məhkəmənin qənaətinə görə «xxxx» MMC-nin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualının nəticəsi üzrə “Hundai Elantra” markalı avtomobilə dair tərtib edilmiş ##.##.2024-cü il tarixli, AA***/**** nömrəli qüsur aktında qeyd olunan bir-neçə ehtiyat hissələrinin qiymətlərinin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə «Hundai Elantra» markalı, ** FD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ehtiyat hissələrinin qiymətləri barədə Internet sayıtlarında kifayət qədər məlumat olmadığına görə, avtomobilə ümumilikdə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqdim olunmuş mütəxəssis rəyini tədqiq edərək belə qənaətə gəlmişdir ki, rəy kifayət qədər əsaslandırılmamışdır. Çünki avtomobilə dəymiş zərər qiymətləndirilməmiş, ehtiyat hissələrinin dəyəri göstərilməmişdir. Qüsur aktında göstərilən ehtiyat hissələrinin dəyəri, dəqiq adları, keyfiyyəti və s. rəydə tam düzgün göstərilməmişdir. Belə olan halda məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi «xxxx MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməsə də, «xxxx şirkətinin cavabdehin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsus 2016cü il buraxılışlı, “Hundai Elantra” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyana dair ##.##.2024-cü il tarixli AA***/**** nömrəli qüsur aktına və həmin aktda göstərilmiş zərər məbləğinə qiymət verməmiş və qüsur aktının mötəbər sübut kimi qəbul edib-etməməsini göstərməmişdir. Halbuki, «xxxx” şirkəti tərəfindən verilmiş qüsur aktında avtomobilə dəymiş zərərin məbğənin yüksək olmasını məhkəmə də qəbul etdiyindən, zərərin yenidən qiymətləndirilməsi üçün qərardad qəbul edərək qiymətləndirməni «xxxx»xxxx«xxxx MMC-nin təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmadığından iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edərək müvafiq rəy almalı olduğu halda, əsassız olaraq “xxxx” şirkəti tərəfindən verilmiş qüsur aktında avtomobilə dəymiş zərər məbləğini əsas götürmüşdür. Baxmayaraq ki, xüsusi bilik tələb olunan sualların izah olunması məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilərək keçirilməli idi. Göründüyü kimi iş üzrə “xxxx”xxxx«xxxx MMC-nin təqdim etdiyi mütəxəssis rəyi arasında ziddiyyətlər olduğundan məhkəmə təkrar ekspertiza təyin etməli olduğu halda etməyərək əsassız nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2 və 88-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Lakin məhkəmə sübutları Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2-ci maddəsinin tələb etdiyi qaydada araşdırmamış və onları bu Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması onunla bağlıdır ki, iş üzrə “xxxx”xxxx«xxxx» MMC-nin təqdim etdiyi mütəxəssis rəyi arasında ziddiyyətlərin araşdırılmaması məhkəmənin əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, bildirdi ki, mütəxəssis rəyi ilə razı deyil. Rəy qüsur aktı əsasında verilib, həmin qüsur aktı isə saxtadır. Şişirdilmiş qiymətlər qeyd edilib.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasnı xahiş etdi. Qeyd etdi ki, cavabdeh bu avtomobillə başqa avtomobilə ziyan vurduğu üçün icbari sığorta cavabdehin ziyan vurduğu avtomobilə ödənilib. Maşına dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Avtomobilin hazırki bazar dəyəri 22 min manatdır. O, maşının ümumi təmirinə 9750 manat xərc çəkmişdir. Servis isə qüsur aktında 13 min manat göstərmişdir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilməlidir.

25. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı mübahisə predmeti olan **FD*** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobilin mülkiyyətçisidir. Cavabdeh Cavabdeh ilə ##.##.2024-cü il tarixdə “xxxx” MMC arasında Icarə Müqaviləsi bağlanmış, mübahisə predmeti olan avtomobil ##.##.2024-ci il tarixədək icarəyə götürülmüşdür. ##.##.2024-cü il tarixdə Cavabdeh avtomobili idarə edərkən Hövsan qəsəbəsi ərazisində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Avtomobilə ziyan dəymişdir və hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir.

26. Cavabdeh isə iddiaçının avtomobilinə zərər vurduğunu təsdiq etmiş, lakin zərərin məbləğinin real olmadığını, yüksək müəyyən edildiyini bildirmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin iddiaçının avtomobilə dəymiş zərərə görə maddi məsuliyyət daşıması barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 28.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 29.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 30.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 31.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

32. Iddiaçı tərəfəindən təqdim edilmiş “Auto Azərbaycan” Servis mərkəzinin ##.##.2024-cü il tarixli, AA***/**** saylı aktından görünür ki, “Hyundai Elantra” markalı **FD*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir xərcləri 13543 manat müəyyən edilmişdir.

33. Birinci instansiya məhkəməsində işə baxılarkən əldə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə tədqiqatın nəticəsinə əsasən “Hyundai Elantra” markalı avtomobilə dair tərtib edilmiş AA***/**** nömrəli, ##.##.2024-cü il tarixli Aktda qeyd olunan bir neçə ehtiyat hissələrinin qiymətlərinin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə tədqiqatın nəticəsinə əsasən **FD*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin ehtiyat hissələrinin qiymətləri barədə internet saytlarında kifayət qədər məlumat olmadığına görə, avtomobilə ümumilikdə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmadı.

34. Cavabdeh Cavabdeh iddiaçıya maddi ziyan vurduğunu izahatlarında təsdiq etmiş, apellyasiya şikayətində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği ilə razılaşmamış, eyni zamanda “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktını mübahisələndirmişdir.

35. Ziyanın məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyası tərəfindən iş materiallarının obyektiv aradırlmasının təmin edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy əldə edilmişdir.

36. Əldə edilmiş “xxxx” MMC-nin MEB-526-0226 nörməli, ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən:

1. ** FD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilin ehtiyat hissələrinin alınmasına və təmirinə xərclənməli olan vəsait məbləği iş materiallarında olan zərərin qiymətləndirilməsi barədə Akta uyğun deyil və aktda qeyd olunan ehtiyat hissələrinin, göstərilməli olan xidmətlərin qiymətləri real bazar qiymətlərinə uyğun deyil.

2. Əgər Aktda göstərilən qiymətlər real bazar qiymətlərinə uyğun gəlmirsə iş materialında olan foto şəkillər əsasında ** FD *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilə dəymiş zərərin real bazar dəyəri 8830 manat təşkil edir.

37. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Kollegiya qeyd edir ki, “Auto Azərbaycan” Servis mərkəzinin ##.##.2024-cü il tarixli, AA***/**** saylı aktı iddiaçının özü tərəfindən təqdim edildiyindən və həm birinci instansiya məhkəməsində əldə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyinə, həm də apellyasiya məhkəməsində əldə edilmiş “xxxx” MMC-nin MEB-526-0226 nörməli, ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən “Hyundai Elantra” markalı avtomobilə dair tərtib edilmiş AA***/**** nömrəli, ##.##.2024-cü il tarixli Aktda qeyd olunan ehtiyat hissələrinin qiymətlərinin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edildiyindən kollegiya hesab edir ki, “Auto Azərbaycan” Servis mərkəzinin ##.##.2024-cü il tarixli, AA***/**** saylı aktı mötəbər sübut kimi qiymətləndirilə bilməz.

39. Məhkəmə kollegiyası “xxxx” MMC-nin MEB-526-0226 nörməli, ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatını təkzib edən hər hansı bir sübutun təqdim edilməməsini, onun hazırlanma metodologiyasını, bazar təhlilinə əsaslanmasını və rəyin əsaslandırma hissəsinin dolğunluğunu, nəzərə alaraq hesab edir ki, qeyd olunan hesabat vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilər.

40. Belə olan halda kollegiya hesab edir ki, “xxxx” MMC-nin MEB-526-0226 nörməli, ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatı əsas götrülməklə iddiaçının avtomobilinə dəymiş zərərin həcmi 8830 manat məbləğində qiymətləndirilməli, qeyd olunan məbləğdə vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

41. Belə olan halda kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilməli, cavabdeh Cavabdeh maddi ziyanın əvəzi 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi kimi 108,3 manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulmalı, birinci instansiya məhkəməsində əldə edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xərci olaraq 200 manat məbləğində pulun 130,4 manatı cavabdehdən, 69,6 manatı iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir.

42. Kollegiya o cümlədən qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya baxışında əldə edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xərci olaraq 400 manat məbləğində pulun 260,81 manatı cavabdehdən, 139,19 manatı iddiaçıdan tutularaq “xxxx” nun hesabına ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 12 manat məbləğində pul iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Qalan hissədə ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir.

43. MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya münasibətdə mübahisələndirilə bilən iddianın qiyməti beş min manatdan az olduğundan 13543- 8830=4713) iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh maddi ziyanın əvəzi 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi kimi 108,3 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Birinci instansiya məhkəməsində əldə edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xərci olaraq 200 manat məbləğində pulun 130,4 manatı cavabdehdən, 69,6 manatı iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Apellyasiya baxışında əldə edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xərci olaraq 400 manat məbləğində pulun 260,81 manatı cavabdehdən, 139,19 manatı iddiaçıdan tutularaq “xxxx” nun hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 12 manat məbləğində pul iddiaçıdan cavabdehin xeyrinə tutulsun. Qalan hissədə ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Cavabdeh qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar