Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-625/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçının nümayəndəsi Babaşov Emin Söhbət oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi" üzrə mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli, 2(001)- 7254/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh 27486,35 (iyirmi yeddi min dörd yüz səksən manat 35 qəpik) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 mart 2014-cü il tarixdə İddiaçı MMC-yə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və mülki məcəllələrin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Əliyev X5, Balakən, Qax rayonları ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə Cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib, İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını Cavabdeh sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəyirdi. Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti dayandırılaraq 14 sentyabr 2015-ci il tarixdə işdən azad edilmişdir. Fəaliyyət göstərdiyi 14 sentyabr 2015-ci ildə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə ərazidə olan pul vəsaitini şirkətə təhvil vermədiyindən İddiaçı MMC-yə 24523,14 manat məbləğində borcu qalmışdır. Balans borcundan əlavə Cavabdeh vaxtında ödəmədiyi 24523,14 borcunu gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 2963,21 manat məbləğində faiz hesablanaraq əsas borcun üzərinə əlavə edilərək ümumilikdə 27486,35 manat borc hesablanmışdır. Borcun ödənilməsi üçün Cavabdeh dəfələrlə şifahi borcun ödənilməsi barədə müraciət olunsada borcu ödəməkdən yayınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2018-ci il il tarixli, 2(001)- 7254/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 24.361.60 manat pulun, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 2943.69 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, audit xidmətinə görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2242/2020 saylı, 23.07.2020-ci il tarixli qərarı ilə Cavabdeh kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərarında Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “məhkəmə-mühasibatlıq ekspertizasının 20 aprel 2017-ci il tarixli rəyindən görünür ki, cavabdeh "Koroğlu” MMC-də işlədiyi müddətdə 147,323.93 manat məbləğində iddiaçıdan mal götürmüşdür və bunun qarşılığında iddiaçıya 141,392.87 manat məbləğində ödəmə etmişdir. Həmçinin satış nöqtələrində 1,197.23 manat məbləğində mal qalmış, 5,312.94 manat məbləğində mal iddiaçıya qaytarılmış və cavabdehə 324.90 manat məbləğində endirim edilmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, cavabdeh iddiaçıdan götürdüyü malların məbləğini tam həcmində iddiaçıya ödəmişdir. Lakin ekspertza rəyində əlavə olaraq cavabdehin işə başlayarkən məhsulun yığılmasına dair götürdüyü öhdəlik (25265.61 manat həcmində) cavabdehə borc kimi hesablanmışdır və bunun əsasında cavabdehin 24361,60 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən məhkəmə-mühasibatlıq ekspertizasının 20 aprel 2017-ci il tarixli rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən ekspert rəyi əsasında cavabdehin işə başlayarkən məhsulun yığılmasına dair götürdüyü öhdəliyin hansı əsasa görə (25.265,61 manat həcmində) cavabdehə borc kimi hesablanması barədə araşdırma aparmamış və qeyd edilən hala hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarında olan 29.05.2019-cu il tarixli audit-ekspert rəyindən görünür ki, Cavabdeh maddi məsuliyyətinə verilmiş malların ümumi dəyəri 325.900,58 manat təşkil etmiş, Cavabdeh 281,632.38 manat məbləğində vəsaiti nağd yolla, 4,459.11 manat məbləğində vəsaiti isə "Koroğlu” MMC-nin bank hesabına köçürtməklə ödəmişdir. 14,629.13 manat məbləğində mal qalığı isə "Koroğlu” MMC-yə qartarılmışdır. Həmçinin Cavabdeh 820.70 manat məbləğində endirim edilmişdir. Göründüyü kimi iş üzrə keçirilmiş audit tədqiqatının nəticəsi məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ilə ziddiyyət təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətin səbəblərini, ekspert və audit rəyinin işin həqiqi hallarını əks etdirib-etdirmədiyini araşdırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş ekspert və audit rəyinin işin həqiqi hallarını əks etdirib-etdirməməsi müəyyənləşdirilməli və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Babaşov Emin Söhbət oğlu iddia ərizəsini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli 2(001)-7254/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiyainstansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiyaşikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdeh X2 nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - 01 mart 2014-cü il tarixli, 111 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı MMCyə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. - Koroğlu» MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2014-cü il tarixli, 111 saylı “Tam maddi məsuliyyət haqqında müqavilə”dən görünür ki, işçi işəgötürən tərəfindən ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək tam maddi-məsuliyyəti öz öhdəsinə götürür, ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmalı, maddi vəsaitlərə ciddi yanaşmalı və maddi zərərin vurulmasının qarşısını almalı, toplanmış və ona həvalə edilmiş maddi və natural vəsaitin qorunub saxlanmasına təhlükə yarada bilən amillər haqqında şirkət rəhbərinə vaxtında məlumat verməli, tapşırılmış maddi qiymətlilərin (pul) təftişində iştirak etməli, yanğından mühafizə tədbirləri və antisanitarya qaydalarına əməl etməlidir. -İddiaçı MMC-nin 13/K-§01 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh işlədiyi müddət ərzində 01.03.2015-ci il ildən 14.09.2015-ci il tarixədək istifadə olunmamış məzuniyyətə görə 11 (on bir) günün kompensasiyası verilməklə və son haqq-hesabın ödənilməsi həyata keçirilməklə, 14 sentyabr2015-ci il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. - İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 20 aprel 2017-ci il tarixli rəyinə əsasən İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 24361,60 manat borc müəyyən edilmişdir. - 29.05.2019-cu il tarixli audit-ekspert rəyinə əsasən Cavabdeh maddi məsuliyyətinə verilmiş mallar üzrə 24359.26 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İddianın məzmunundan görünür ki, İddiaçı MMC keçmiş işçisi olmuş Cavabdeh ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi müddətdə satış nöqtələrinə payladığı qida məhsullarının pullarını topladıqdan sonra onun hamısını yığıb təhvil vermədyini, bununla da onun MMC qarşısında götürdüyü öhdəliyini icra etməməsini bildirmişdir. Cavabdeh isə buna etiraz edərək onun tərəfindən bütün satılmış məhsulların pulunun MMC-yə təhvil verildiyini, satılmayan malların hamısının qaytarıldığını, onun MMC-yə borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.3-cü maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri “işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır”. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “a” və “ç” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Hazırkı iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya instansiyası məhkəməsinin qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə iş üzrə aparılmış audit yoxlamasının rəyi arasında olan ziddiyyətlərin araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsretizası Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 16 aprel 2021-ci il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 24.361,60 manat borc olduğu müəyyən edilmişdir. Lakin qeyd edilən rəydə aparılan tədqiqatın ekspert qarşısında qoyulmuş sualları tam əhatə etmədiyi səbəbindən yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı MMC-nin satış təmsilçisi Cavabdeh hesabında yaranmış çatışmazlığın olub-olmamasını müəyyən etməyin mümkün olmadığı nəticəsinə gəlinmişdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə audit yoxlaması nəticəsində tərtib edilmiş audit-ekspert rəyi arasındakı ziddiyyətin olub olmamasını yoxlamaq məqsədi ilə həmin rəyləri məhkəmə kollegiyası tərəfindən əlaqəli şəkildə yoxlanılarkən müəyyən edilir ki, audit-ekspert rəyində Cavabdeh İddiaçı MMC-də ticarət nümayəndəsi işlədiyi müddətdəki fəaliyyəti üç dövr üzrə yoxlanılmışdır: 01.01.2014- 30.06.2014-cü il müddətində qaimə-fakturalar üzrə ambarlardan verilmiş malların məbləği 74189,64 manat, 01.07.2014-31.12.2014-cü il müddətində verilmiş malların məbləği 147.323,94 manat, 01.01.2015-31.12.2015-ci il tarixədək verilmiş malların məbləği isə 100836,32 manat – cəmi 322.349,90 manat kimi göstərilmişdir. Bundan fərqli olaraq, məhkəmə mühasibatlıq ekspertizasının 20.04.2017-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş «satışa verilən mallara» dair qaimələr üzrə ticarət nümayəndəsi Cavabdeh 147.323,93 manat məbləğində mal verilməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə mühasibatlıq ekspertizasının 16.04.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş «satışa verilən mallara» dair qaimələr, kassa mədaxil orderləri və üzləşmə aktları və s. üzrə ticarət nümayəndəsi X4 147.323,93 manat məbləğində mal verilməsi müəyyən edilmişdir. Həmin rəydə həmçinin iş materiallarında olan mühasibatlıq sənədlərinin tam olmadığı qeyd edilmişdir. Hər iki ekspert rəyində cavabdehin borcunun olub-olmamasına dair hesablamalar da məhz 147.323,93 manat məbləğində verilmiş mallara uyğun hesablanmışdır. Göründüyü kimi, ekspert rəyində cavabdehə verilmiş malların məbləği əslində audit rəyində göstərilən və 01.07.2014-31.12.2014-cü il ərzində verilmiş malların məbləği olan 147.323,94 manatla eynilik təşkil edir. Bununla da müəyyən olunur ki, iş üzrə tərtib edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri cavabdehin ticarət nümayəndəsi kimi işlədiyi bütün müddət üzrə deyil, yalnız 01.07.2014-cü ildən 31.12.2014-cü ilədək olan dövrü əhatə edir və əslində rəylər arasında ziddiyyət mövcud deyildir. Bu halı məhkəmə mühasibatlıq ekspertizasının 01.09.2021-ci il tarixli rəyi də təsdiq edir. Həmin rəydə göstərilir ki, iş materiallarında cavabdehin ticarət nümayəndəsi kimi işlədiyi bütün dövrü əhatə edən mühasibatlıq sənədləri mövcud deyildir. Məhz bu səbəbdən Cavabdeh satış təmsilçisi kimi hesabında çatışmazlığın olub-olmadığının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə müəyyən edilir ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə audit-ekspert rəyi arasında ziddiyyət mövcud deyildir, sadəcə audit-ekspert rəyi cavabdehin ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi bütün dövrü, məhkəmə mühasibatlıq ekspertizasının rəyləri isə onun fəaliyyətinin bir hissəsini əhatə etməklə, həmin müddətlərin üst-üstə düşdüyü hissədə bir-birinə zidd deyildir və bu rəylər iş üzrə sübut kimi qəbul edilməlidir. Bununla yanaşı, qeyd edilən rəyləri araşdırılarkən müəyyən olunur ki, həmin rəylərin tərtib edilməsi zamanı cavabdehin ticarət nümayəndəsi kimi işə başlayarkən məhsulun yığılmasına dair iddiaçı qarşısında 25.265,61 manat öhdəlik götürməsi nəzərə alınmışdır. Lakin bu borcun nədən ibarət olması, hansı əsaslarla hesablanması və Cavabdeh həmin borca görə hansı əsasla məsuliyyət daşıması iş materiallarında olan sənədlərlə müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İş üzrə qətnamə qəbul etmiş birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan, cavabdehin ticarət nümayəndəsi kimi işlədiyi müddətdə iddiaçı qarşısında 24361,60 manat borcunun yarandığı qənaətinə gəlmiş və iddianı qismən təmin edərkən məhz həmin ekspert rəyinə istinad etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi ekspert rəylərində cavabdehin borcu hesablanarkən, məhkəmə iclasında mövcudluğu təsdiqini tapmamış 25.265,61 manat məbləğində həmin öhdəlik də nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı MMC qarşısında 25.265,61 manat borc öhdəliyi götürməsi və bu borc məbləğinin hansı əsasla hesablanması məhkəmə iclası zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçıdan götürdüyü malların məbləğini tam həcmdə iddiaçıya ödəmiş hesab edilməlidir. Bu səbəbdən cavabdehin iddiaçıya 24361,60 manat borcunun olması ilə bağlı iddia tələbi də əsassız olmuşdur və təmin edilə bilməzdi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2018-ci il il tarixli, 2(001)- 7254/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi" üzrə mübahisələr tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiyainstansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətli təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2018-ci il il tarixli, 2(001)- 7254/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddası təmin edilməsin. Keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizalarının xərci hesabına İddiaçındən cəmi 245 (iki yüz qırx beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı ApellyasiyaMəhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-625/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-625/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver