Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6251/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 2381/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə köçürülməsi və istifadə hüququnun tanınması, habelə vəkil xidmətinə görə ödənilmiş 150 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı təmin etmə haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini təmin edərkən, yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrinin müddəalarına ümumi şəkildə istinad etməklə kifayətlənmiş, həmin tədbirin gələcəkdə qəbul ediləcək qətnamənin icrasını hansı şəkildə təmin edəcəyi və ya bu tədbirin görülməməsinin həmin qətnamənin icrasına hansı çətinlik və maneə yaradacağı, bu tədbir görülmədiyi halda qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya mümkünsüz edə biləcək halların konkret olaraq nədən ibarət olması əsaslandırılmamışdır.Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının ərizəsində də bununla bağlı konkret dəlillər yoxdur. Baxmayaraq ki, iddianın təmini ilə əlaqədar bu və ya digər tədbirin görülməsi barədə ərizəyə baxılarkən məhkəmə tərəfindən işin konkret halları, müvafiq tədbirin tətbiqinin zəruriliyi, bunun üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərin ağlabatan və əsaslı olması, bu tədbir görüldükdə və ya görülmədikdə mübahisə tərəflərinin qanuni mənafelərinin tarazlığının təmin edilməsi və müvafiq tədbirin həmin mənafelərin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub-olmaması və sair kimi mühüm xüsusatlar nəzərə alınmalı və məsələyə iddianın əsaslılığı prezumpsiyası baxımından yanaşılıb uyğun hüquqi qiymət verilməlidir. Doğrudur, iddianın təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan, həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həllindən ötrü zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur, lakin bununla belə, iddianı təmin etmə tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə ehtiyac vardır. Əks halda, görülmüş belə tədbirlərin proses iştirakçısı olmayan üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Əmlak üzərinə həbs qoyulması növündə iddianı təmin etmə tədbirinin görülməsi üçün tələb edilən ilkin zəruri sübut həmin əmlakın iddia tələbinin yönəldiyi cavabdehə məxsusluğunun müvafiq qaydada mötəbər sübutlarla təsdiq olunmasıdır. Başqa sözlə, üzərinə həbs qoyulması xahiş edilən əmlakın dəqiq siyahısı, hansı hüquq əsasında kimə məxsus olması və həcmi (dəyəri) ərizədə göstərilməlidir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsi də məhz cavabdehə məxsus əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyünü nəzərdə tutur. Ancaq məhkəmə sözügedən qərardadı qəbul edərkən üzərinə həbs qoyduğu əmlakın ümumiyyətlə mövcud olub-olmamasını, vardırsa, həqiqətən də cavabdehəmi məxsus olmasını araşdırmamış və konkret olaraq cavabdehin hansı əmlakına həbs qoyulmasını göstərməmişdir. Bu kontekstdə həmçinin nəzərə alınmalıdır ki, iddianın təmini tədbirinin tətbiqi ilə elə bir mütənasiblik qorunmalıdır ki, əmlakı üzərinə həbs qoyulan şəxsin də hüquqları ehtimal edilən bir əsasa görə zərər görməsin və ya bu zərərə məruz qalmaq təhlükəsi ilə üzləşməsin. Lakin məhkəmə tərəfindən adı çəkilən qərardadla iddianın təmini tədbiri kimi üzərinə həbs qoyulması nəzərdə tutulan əmlak Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinin ona aidiyyəti yoxdur, həmin əmlak X1 məxsus olmaqla, verilmiş çıxarışa əsasən onun mülkiyyətindədir. Bu da öz növbəsində onun mülkiyyət hüquqlarına məhdudiyyət yaradılması, hətta bu hüquqların fəaliyyətinin faktiki olaraq dayandırılması təhlükəsini yaradır ki, bu da son nəticədə onun hüquq və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 2381/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, bağ evində cavabdehlər faktiki yaşayırlar. İddianın təmin tədbiri barədə qərardadı əsaslı hesab edir. Qətnamənin gələcəkdə icrası üçün şikayətin təmin edilməməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb edir, eyni zamanda iddia ərizəsində həmin bağ evinin birgə nikah dövründə əldə edildiyini bildirir. Cavabdeh isə şikayətində bu halları təkzib etmir, yalnız bağ evinin artıq ona aid olmadığını və başqasının mülkiyyətində olduğunu göstərir. Göründüyü kimi, iddianın əsaslılığı işdə olan ilkin sübutlara əsasən şübhə doğurmur. Ona görə də bu tədbirin görülməməsi qeyd olunan bağ evinin tamamilə kənar şəxsin mülkiyyətinə keçməsinə səbəb ola bilər ki, buda əlbətdə ki, qətnamənin icrasını çətinləşdirə yaxud mümkünsüz edə bilər. Bundan başqa, mübahisə predmetinə aid bağ evi cavabdeh tərəfindən anasına bağışlansa da, həmin evə aid müəyyən hərəkətlərin, o cümlədən özgəninkiləşdirilməsinin qadağan edilməsi başqa şəxslərə də qadağan edilə bilər. Bunu prosesual qanunvericilik nəinki qadağan etmir, əksinə bunun hüquqi əsasını Məcəllənin 158.1.3-cü maddəsində nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi də ərizəni qismən təmin edərək məhz belə bir tədbiri tətbiq etmişdir. Mülki Prosessual Məcəllədə əmlakın üzərinə qoyulacaq “həbs”in nədən ibarət olacağı göstərilməsə də Məcəllənin 158.1.1-ci maddəsində cavabdehə məxsus əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyü nəzərdə tutulur. Lakin birinci instansiya məhkəməsi mübahisəli bağ evinin üzərinə həbs deyil, onun özgəninkiləşdirilməsini cavabdehə və başqalarına qadağan etmişdir. Şikayət verən cavabdehin bundan narahat olması başadüşülən olsa da anlaşılan deyildir. Çünki, birinci instansiya məhkəməsinin qərardadında “həbs” sözündən istifadə edilməmişdir. Bunu da cavabdeh bilməmiş deyil. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-2381/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-2381/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6251/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6251/2020
05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver