Məhkəmə qərarları › İş №2(103)-6251/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6251/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6251/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X8 Cavabdeh3, Cavabdeh2 və X4 qarşı "borc müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.10.2020ci il tarixli, 2(011)-2711/2020 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı 10.135 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi daha sonra ərizə ilə məhkəməyə müraciət edərək X2, Cavabdeh2 və Cavabdeh3 miras paylarına uyğun olaraq 10.135 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı 16.05.2016-cı il tarixdə 100.000,00 rubl, 17.05.2016-cı il tarixdə 1600 ABŞ dolları, 11.07.2016-cı il tarixdə 125.000,00 rubl, 22.07.2016-cı il tarixdə 1.000 ABŞ dolları məbləğində pul vəsaitini “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə X9 göndərmişdir. X11 09.08.2016-cı il tarixdə vəfat etmişdir. X5 üç vərəsəsi var. Onun Cavabdeh2 ilə birgə nikahından (nikah 05.10.2000-ci il tarixdə bağlanmış, 15.02.2015-ci il tarixdə pozulmuşdur) xx.xx.2001-ci il tarixdə Cavabdeh3 və 17.10.2005-ci il tarixdə X6 doğulmuşdur. Həmçinin, 30.03.2017-ci il tarixdə X2 X10 X5 atalığı müəyyən olunmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.10.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və “Mercedes-Benz C200” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh3, X1 və X7 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaklara payların Cavabdeh3 1/3 hissə, X3 1/3 hissə və X10 1/3 hissə olaraq müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, kürəkəni X11 2016-cı ilin yaz aylarının sonunda Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ucuz qiymətə 0,02 ha torpaq sahəsi tapdığını və nağd pul olmadığından ondan borc pul istədi. Pulu istəyəndə həmin məbləği 1 il ərzində qaytaracağını vəd etmişdir. İddiaçı lazım olan məblğin hamısını birdəfəyə göndərə bilməyəcəyini, yalnız iki ay ərzində hissə-hissə göndərə biləcəyini bildirmiş və sözünə əməl etmişdir. 16.05.2016-cı il tarixdə 100 000,00 RUB, 17.05.2016-cı il tarixdə 1.600 ABŞ dolları, 11.07.2016-cı il tarixdə 125.000,00 RUB, 22.07.2016-cı il tarixdə 1.000 ABŞ dolları məbləğində pul vəsaitini “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə X9 göndərmişdir. Ümumi olaraq iddiaçı Əvəz Heydərova 10.135 manat məbləğində pul vəsaiti göndərmişdir. Lakin pulu göndərəndən sonra kürəkəninin səhhəti get-gedə pisləşmiş və 09.08.2016-cı il tarixdə dünyasını dəyişmişdir. Kürəkəni öldükdən sonra o, borcu onun vərəsələrinin qəyyumlarından tələb etsə də, borca verdiyi pulu ona geri qaytarmırlar. Halbuki, Əvəz Heydərovdan miras əmlaklar qalmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(011)-2711/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3.076,72 manat pul Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, qalan hissədə isə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, Bakı Şəhər Xətai rayon məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(011)-2711/2020 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin ona münasibətdə iddianın qismən təmin edilməsi hissəsindən aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən iddianın qismən təmin edilməs hissəsində maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktik halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsu qətnamə çıxarmışdır. Məhkəmə işə mahiyyəti üzrə baxarkən cavabdeh şəxslərin dairəsini müəyyən edərək onunda cavabdeh qismində cəlb edilməyi barədə qərar qəbul etmişdir. Bildirir ki, atası X11 ilə anası Cavabdeh2 boşanarkən onun 15 yaşı olmuşdur. Onların ayrılmalarının səbəbləri ona məlum olmamış və bununla maraqlanmamışdır. Sağlığında nəvaziş görmədiyi atasından qalan miras əmlakı da əldə etməyinə müxtəlif maneələr yaradılır, sanki ona çatası payı da əlindən alırlar. Onun bildiyinə, anasının, əmisinin, yaxın qohumların bildirdiyinə görə atası Əvəzin imkanları olub, heç vaxt başqasından borc pul almayıb. Əksinə, onun atası İddiaçı Rusiyada iş qurmaq üçün onun xahişinə gorə pul göndərib. Lakin imkansızlıq elə bir vəziyyət yaradıb ki, o, atasının İddiaçı göndərdiyi pullar barədə bankdan lazımi məlumatları ala bilmir. Şaiq Bağırov atasına olan borcuna görə qaytardığı pul vəsaitlərini indi Əvəz Heydərova borc verdiyi kimi əsaslandırır. Əslində isə İddiaçı atasına olan borclarını qaytarmışdır. Bu uydurma borc məsələsinin arxasında isə başqa məqsədlər, İddiaçı və ərizəsində cavabdeh kimi göstərdiyi qızı Esmirə Bağırovanın pis niyyətlərinin pərdələnməsidir. Belə ki, atasından qalan miras əmlakdan onun və digər vərəsə olan qardaşının məhrum edilməsi uçun qurulan bir oyundur. X13 miras qoyduğu əmlak onun vərəsələri arasında bərabər əsaslarla bölünməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. Həmin miras kütləsinə daxil olan avtomaşının onlara verilməsi ilə digər əmlaklarda olan paydan imtina edilməsi üçün onlara dəfələrlə təzyiq və təsirlər olmuşdur. Lakın ədalət mühakiməsinin qarşısında bu niyyətlər baş tutmamışdır. Əgər o, miras əmlak kütləsinə daxil olan avtomaşınla razılaşsa, Şaiq Bağırov bu iddiasından vaz keçmiş olacaq. Şaiq Bağırovun bu tələblə bağı iddia ərizəsi aylarla məhkəmədə baxılmamış saxlanmışdır. Yalnız miras əmlakın bərabər əsaslarla bölünməsindən sonra hazırkı iddia tələbi yenidən məhkəmə müstəvisinə çıxarılmışdır. Məhkəmə işin bu faktiki halları üçün işə qanunla müəyyən olunmuş müddətdə baxmaq əvəzinə mirasla bağlı məhkəmə qərarlarından verilən kassasiya şikayəti üzrə Ali Məhkəmədə işə baxılmasının nəticəsi gözlənilmiş və nəticə Şaiq Bağırovu qane etmədiyindən hazırkı iş üzrə icraat davam etmişdir. Məhkəmənin bu mövqeyi heç başa düşülən deyildir. İddiaçı Şaiq Bağırovun iddia ərizəsində qızı Esmirə Bağırovanı cavabdeh qismində göstərməsi yalnız görüntü üçündür, yəni o, borcun ödənilməsini qızından da tələb edir. Halbuki, Esmirə Bağırova ilə Əvəz Heydərov arasında nikah olmamışdır. Həmçinin, Əvəz Heydərovun ölümündən sonra onun faktiki nikahından doğulan Aminənin atası olma faktı qanuni əsaslarla tanınmamışdır. Buna baxmayaraq, o, Aminənin miras əmlakda payının tanınmasına etiraz etməmişdir. Məhkəmə eyni zamanda prosessual hüquq normalarını pozmuşdur. Belə ki, o, prosesə cavabdeh qismində cəlb olunmuş, lakin məhkəmə tərəfindən onun prosessual hüquq və vəzifələri pozulmuşdur. Onun məhkəmədə iştirakı təmin olunmamış, məhkəmə qətnaməsi bu günə kimi ona təqdim edilməmiş və beləliklə, onun məhkəmə müdafiə hüququ pozulmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan qanunsuz və əsassız olaraq iddia tələbinin qismən təmin edilməsi kimi səhv nəticəyə gəlmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən apellyator Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya iddia tələbinə hüquqi qiymət verərkən düzgün nəticəyə gəlməmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Şaiq Bağırov tərəfindən mərhum X9 16.05.2016-cı il tarixdə 100 000,00 RUB, 17.05.2016-cı il tarixdə 1.600 ABŞ dolları, 11.07.2016-cı il tarixdə 125.000,00 RUB, 22.07.2016-cı il tarixdə 1.000 ABŞ dolları olmaqla, ümumilikdə manat ekvivalenti ilə 9230,18 manat məbləğində pul göndərmiş, həmin pul məbləği mərhum Əvəz Heydərov tərəfindən qəbul edilmiş, sonuncu 09.08.2016cı ildə ölmüş, ondan Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və bir ədəd Mercedes Benz C200 markalı avtomobil miras qalmış, miras kütləsi mərhumun vərəsələri olan 3 övladı tərəfindən hər birinə 1/3 payla qəbul edilmişdir. Hazırkı qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayəti əsasında yoxlanılmış və qətnamə şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mərhum mirasqoyan Əvəz Heydərova pul göndərilməsi sübuta yetirilsə də, həmin pulun məhz borc olaraq verilməsi iş materialları ilə müəyyən edilmir. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı özü də etiraf etdiyi kimi, o, mərhum Əvəz Heydərovun qayınatası olmuş, göstərilən pul məbləğlərini də o, ölməmişdən qısa müddət əvvəl göndərmişdir. Həmin göndərişlərə dair bank sənədlərində isə pulun borc verilməsi halı öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz iddia ərizəsində və məhkəmədə verdiyi izahatında mərhum kürəkəni Əvəz Heydərovun ondan torpaq sahəsini əldə etmək üçün 10.000 manat borc istədiyini, onun həmin pulu hissə-hissə verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı onunla mərhum kürəkəni Əvəz Heydərov arasında borc müqaviləsi bağlandığını iddia etmişdir. Lakin iş materiallarından həmin şəxslərin arasında yazılı borc müqaviləsinin olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Beləliklə, müəyyən edilir ki, iddiaçı mərhum Əvəz Heydərova 10.000 manat borc verdiyini iddia etsə də, bu pulun borc verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş borc müqaviləsi bağlanmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 mərhum Əvəz Heydərovdan miras qalmış əmlakın 1/3 hissəsini qəbul etmişdir. Lakin miras kütləsinin onun 1/3 hissəsinin pulla dəyəri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılan hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı Şaiq Bağırovun mərhum Əvəz Heydərova borc verməsi halı sübuta yetmədiyindən, onun sonuncunun vərəsəsi olan Cavabdeh3 qarşı iddiasının qanuni əsası olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli və iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2711/2020 saylı, 22.10.2020--ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar