Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6255/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, restukturizasiya, ipoteka predmetinə tutma yönəldilməsi, zaminliyə xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 1513 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, avtomobilin alınması üçün Cavabdeh2 36 ay müddətinə qaytarmaq, illik 22% ödəmək şərti ilə 16 500 ABŞ dolları kredit vermiş, eyni tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” markalı avtomobil kredit öhdəliklərinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, əmlak tərəflərin razılığı ilə 23 500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
2. Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” minik markalı **-SC-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli çıxarış”la qeydə alınmışdır.
3. Bankla Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh3 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasına borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddətinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyü müəyyənləşdirilmişdir.
4. Bankla Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasına borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddətinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyü müəyyənləşdirilmişdir.
5. 18 yanvar 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 7482,69 ABŞ dolları əsas, müqavilənin qüvvədə olduğu müddətə 6994,68 ABŞ dolları faiz, 497,62 ABŞ dolları cərimə, gecikdirilən vaxt üçün illik 5% olmaqla 1040 ABŞ dolları faiz borcu vardır.
6. Ləğv prosesində olan İddiaçı ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır.
7. Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə bildirişlər ünvanlamış, kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
8. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.16-2- 2022-5173 saylı məktubunda göstərilmişdir ki, Cavabdeh2 ilə LPO Zaminbank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüş, həmin müqavilə üzrə Cavabdeh2 cəmi 4981,80 manat kompensasiya məbləği hesablanmış və onun sərəncamına verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Ləğv prosesindəki İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 7482,69 ABŞ dolları, faiz borcuna görə 6994,68 ABŞ dolları, cəriməyə görə 497,62 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faizə görə 1040 ABŞ dolları olmaqla cəmi 16 014,99 ABŞ dolları borcun tutulması, tutmanın ipoteka predmeti olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin və dövlət rüsumuna görə 172 manatın Cavabdeh2 tutulub bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbləri belə əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında bağlanmış 1513 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə 16 500 ABŞ dolları kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə 1513 nömrəli xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2016-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcalan qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən ona şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.
11. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı 1513 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bankdan 36 ay müddətinə qaytarmaq, illik 22% ödənilmək şərtilə 16 500 ABŞ dolları kredit almış, mülkiyyətində olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. Bir müddətdən sonra borcunu qaytara bilmədiyi üçün avtomobilə dair Cavabdeh1 etibarnamə vermiş, razılığa əsasən qalıq borcunu banka ödəməyi Cavabdeh1 öhdəsinə götürmüşdür. Cavabdeh1 uzun müddət avtomobildən istifadə etsə də, banka olan borcunu qaytarmamış, bank məhkəməyə müraciət etdikdən sonra o, mülkiyyətində olan nəqliyyat vasitəsinə dair verdiyi etibarnamələri ləğv etdirmiş, lakin Cavabdeh1 nəqliyyat vasitəsini ona qaytarmamışdır. Fərmana əsasən ona kompensasiya ödənilmiş, lakin bank güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etməmişdir. Kredit müqaviləsinə əsasən 7482,69 ABŞ dolları əsas borcunu qəbul edir, mülkiyyətində olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili satdıqdan sonra borcunu ödəyəcəkdir. Bankın faiz və cərimə tələbini qəbul etmir.
12. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazında iddiaya iddia müddətinin tətbiq edilməsini, kredit müqaviləsi üzrə öhdəliyin son icrası vaxtı xx.xx.2017-ci il tarixinə təsadüf etdiyindən, onun zaminliyinə xitam verildiyini bildirmişdir.
13. Cavabdeh3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, 2014-cü ildə “Toyota Prado” markalı avtomobili almaq üçün İddiaçıdan Cavabdeh2 adına kredit götürmüş, maşının alqı-satqısı ABŞ dolları ilə aparıldığından krediti məcbur olub ABŞ dolları ilə götürmüşlər. ABŞ dollarının qiymətinin qalxması ilə əlaqədar ödənişi edə bilmədiklərindən maşını satmaq qərarına gəlmişlər. Alqı-satqı ərəfəsində o, maşını alan şəxslə birlikdə banka yaxınlaşmış, bankın nümayəndəsi olan Niyaməddin adlı şəxsə maşını satdığını bildirib qalan krediti həmin şəxsin adına keçirməyi xahiş etmişdir. Bankın nümayəndəsi isə bunun mümkün olmadığını, alqı-satqı müqaviləsi bağlandıqdan sonra qalan işləri həll edə biləcəyini bildirmişdir. Bundan sonra ona bankdan zəng edib Cavabdeh2 zamin durduğu üçün 16 900 ABŞ dolları borcunun olması bildirilmişdir. Bundan sonra o, maşını sonuncu alan şəxsə zəng edib avtomobilin həmin şəxsə məxsus olduğunu, amma krediti ödəmədiyi üçün ödənişlə əlaqədar onu narahat etdiklərini bildirmişdir. Həmin şəxs ona birlikdə banka gedəcəklərini demiş, lakin daha sonra zənglərə cavab verməmişdir. Ona görə də, hesab edir ki, banka olan borc ya Vəfalı tərəfindən, ya da maşın hərraca çıxarılıb satılaraq ödənilməlidir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 7482,69 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 172 manatın ləğv prosesindəki İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 11 000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
15.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/322 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borca görə 9940,69 ABŞ dolları, faiz borcuna görə 2475,51 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borca görə 9940,69 ABŞ dolları, faiz borcuna görə 4952,40 ABŞ dolları borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, “Toyota Prado” minik markalı 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 12 000 manat, likvid qiyməti 11 000 manat müəyyən olunur. 15.2. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. 15.3. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1 -ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. 15.4. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. 15.5. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. 15.6. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2la bağlanan xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşsə də, Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın əsas borcunun restrukturizasiya edilməsi üçün iddiaçı cavabdehlə istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. 15.7. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borcalanın iddiaçıya əsas borca görə 7482,69 ABŞ dolları borcu vardır. 15.8. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbləri Cavabdeh2 iddiaçının xeyrinə əsas borca görə 7482,69 ABŞ dollarının tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin edilməlidir. 15.9. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu rəy ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə (11 000 manat) əsasən təyin edilməlidir. 15.10.Məhkəmə iddiaçının ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin borcalandan tutulması tələbi ilə bağlı qeyd edir ki, bu tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. 15.11. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə - faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda - tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda -kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. 15.12.Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1- dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019- cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11 -ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində "Banklar haqqında” və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X1 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. 15.13.İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. 15.14.Məhkəmə iddiaçının faiz və cərimə tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz və cərimə tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. 15.15.Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 15.16.Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2018-ci il tarixinədək) iddiaçı zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə iddiaçının zaminlərə qarşı tələblərini əsassız hesab edib təmin etmir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, həmçinin Mülki Məcəllənin 319.1-ci, 385.1-ci, 425.1-ci, 439.1-ci, 439.2-ci, 439.7-ci, 442-ci, “İpoteka haqqında” Qanunun 34-cü maddələrinə istinad etmişdir.
17. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, Cavabdeh2 verilən kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmədiyini, məhkəmələrin restrukturizasiya olunmayan kreditlərlə bağlı bankların üzərinə müvafiq vəzifəni qoymaq səlahiyyətlərinin olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
18. İşə baxılmasının (vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bank nümayəndəsini məhkəməyə göndərməmiş, Cavabdeh1 məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə şikayətin əsassız olduğunu bildirmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı.
26. Bənd 5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.
27. Bənd 8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: ...vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
34. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
37. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
38. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh2 mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır:
44. İddiaçı ASC ilə zaminlər arasında bağlanmış zaminlik müqavilələrinin 4.3-cü bəndlərində göstərilmişdir ki, həmin müqavilələr kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədirlər. Kollegiya hesab edir ki, zaminlik müqavilələrinin 4.3-cü bəndlərinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, zaminlərlə bağlanılmış xx.xx.2014-cü və xx.xx.2016-cı il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətində, yəni xx.xx.2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı təşkilat zaminlərə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
45. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh3 və Cavabdeh1 Əzizbala oğluna münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.
46. Kollegiya, birinci instansiya məhkəməsinin apellyatorun digər tələbləri üzrə gəldiyi nəticə ilə də razılaşır; belə ki, iddiaçı təşkilat Cavabdeh2 faiz, vaxtı keçmiş faiz və cərimə borcu tələb etsə də, işin hallarından aydın olur ki, Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona 4981,80 manat kompensasiya verilmişdir. Bu hal isə, adı çəkilən şəxslə yeni müqavilə bağlanılıb-bağlanılmamasından asılı olmayaraq, ondan ancaq əsas borc məbləğinin tələb edilə bilinməsinə imkan verir.
47. Bankın “kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 1040 ABŞ dolları məbləğində faiz (5%) borcunun tutulması” tələbi üzrə həmçinin qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsınin adı çəkilən Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
48. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
49. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
50. İşin hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə dayandırılmış, Cavabdeh2la bağlanan kredit müqaviləsinin müddəti isə xx.xx.2017-ci il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank xx.xx.2016-cı il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır.
51. Kollegiya iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin və dövlət rüsumuna görə 172 manatın Cavabdeh2 tutulub bankın xeyrinə ödənilməsi” hissəsi üzrə gəlinən nəticə ilə də razılaşaraq qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət yoxdur; çünkü, iddiaçı bankın Cavabdeh2 tələb etdiyi pul məbləğinin müəyyən hissəsinin tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir (Mülki Məcəllənin 319.6-cı maddəsi). Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2346/2022 saylı iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi mübahisəsləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov