Məhkəmə qərarları › İş №2(103)-6257/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6257/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6257/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borc» tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(011)-1057/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borc» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2019- cu il tarixli FN-01548- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 28.10.2020-ci il tarixinə ödənilməmiş 3217,76 manat əsas borc, 74,64 manat faiz borcu, 193,74 manat dəbbə borcu, ümumilikdə 3486,14 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutularaq, ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Bank “xxxx” ASC məhkəməyə iddianın təmin tədbiri barədə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz S500L” minik markalı 90 sO 014 dövlət qeydiyyat nişanlı, “Lexus LX570” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne S” minik markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı, “BMW 520” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı Cavabdeh2 mülkiyyətində olan “Kia Sportage” minik markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehlərə avtomobillərdən istifadə etməyin qadağan edilməklə, avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz S500L” minik markalı ** SO *** dövlət qeydiyyat nişanlı, “Lexus LX570” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne S” minik markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı, “BMW 520” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı Cavabdeh2 mülkiyyətində olan “Kia Sportage” minik markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehlərə avtomobillərdən istifadə etməyin qadağan edilməklə, avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(011)-1057/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayətlə müraciət edərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(010)-1057/2021 saylı 08.05,2021-ci il tarixli iddianın təmin tədbirinin rədd olunması barədə qərardadı əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Çünki cavabdehlər dəfələrlə şifahi və yazılı xıbırdarlıq edilməsinə baxmayaraq, 27.11.2019-cu il tarixli FN-01548-16/19A saylı kredit müqaviləsi üzrə qrafikə uyğun ödənişlər və üzərlərinə düşən öhdəlikləri lazımınca icra etmirlər. Bundan isə belə nəticəyə gəlmək olar ki, gələcəkdə qətnamə qəbul olunub icraya yönəldiyi zaman cavabdehlərin qətnaməni icra etməməsi təhlükəsi vardır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(011)-1057/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iş üzrə çıxarılacaq yekun qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən hallar aşkar olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, ərizənin təmin edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(011)- 1057/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bank “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(011)-1057/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar