Məhkəmə qərarları › İş №2(103)-6257/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6257/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6257/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 3M-19 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000 manat borc almışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli (notariat işi materiallarında olan) və xx.xx.2025-ci il tarixli pretenziya məktublarının surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş 3M-19 nömrəli notariat işi materiallarından müəyyən edilir ki, borc verən İddiaçı borcalan Cavabdeh notariusun depozitinə yerləşdirilməklə 20.000 manat məbləğində kredit vermişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat, əsas borca illik 5 faizlə hesablanmış 1.000 manat və dövlət rüsumu üçün ödənilmiş 153 manat, ümumilikdə 21.159 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X1 arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc verən 20.000 manat məbləğində pulu borcluya verməyi, borclu isə borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh qaytarmaq şərtilə aldığı 20.000 manat pul borcundan bugünkü tarixədək heç bir ödəniş etməmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə geri qaytarmaqdan yayınmışdır. Buna görə də hazırda məcbur qalaraq məhkəməyə müraciət edir. Eyni zamanda məlumat üçün bildirir ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189A, M10, M4 ünvanına xx.xx.2025-ci il tarixdə borcun ödənilməsinə dair bildiriş (xəbərdarlıq) məktubu göndərilmişdir. Lakin, borclu qapını açmadığından bildirişin verilməsi mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh borcunu xx.xx.2024-cü ilədək qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş sənədlərlə tamamilə təsdiq edilir. Həmçinin cavabdeh 22 yanvar 2024-cü il tarixə illik 5 faiz dərəcəsi kimi 1.000 manat özgəsinin vəsaitindən istifadə üçün faizlər ödəməlidir. Müqavilə üzrə öhdəliyin icrası xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir, bu səbəbdən həmin tarixdən iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2025-ci il tarixədək olan 1.000 gün üçün illik 5 faizlə hesablama həyata keçirilməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Musayeva , iş № 2(006)-3971/2025) iddia qismən təmin edilərək, Cavabdeh 20.000 (iyirmi min) manat, əsas borca illik 5 faizlə hesablanmış 1.000 (bir min) manat və dövlət rüsumu üçün ödənilmiş 153 (bir yüz əlli üç) manat, ümumilikdə 21.153 (iyirmi bir min yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı borc almış, ayrılmış kredit məbləğinin razılaşdırılmış müddətdə qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri müəyyən edilmiş müddətdə və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmçinin, müqaviləyə görə cavabdeh borcunu xx.xx.2024-cü il tarixədək qaytarmalı olduğu halda qaytarmamış və bununla da iddiaçının əsas borca illik 5 faizlə hesablanmış 1.000 manatın cavabdehdən alınaraq ona verilməsi tələbi əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində borcun ödənilməsinin gecikdirilməsini 1.000 gün hesablamışdır. Müəyyən edilir ki, borclu borcunu xx.xx.2024-cü il tarixdə qaytarmalı olduğu halda bunu etməmiş, iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, hazıki iddia tələbi ilə isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Odur ki, borclunun öhdəliyi icra etmədiyi müddət xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddəti əhatə etməklə 433 gün təşkil edir. Öhdəliyin icrası gecikdirilmiş günlərin sayına uyğun olaraq 20.000 manata görə illik 5 faiz məbləğ (20.000:365=55; 55x5%=2,7; 2,7x433=1.169,10) 1.169,10 manat təşkil edir. İddiaçı isə gecikdirilmiş müddət üçün 1.000 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən və iddiaçının tələbi məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlə əhatə olunduğundan bu hissədə iddia tələbi təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445, 448.1, 739-cu maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğini düzgün müəyyən etməmiş, ümumiyyətlə cavabdehin hansı məbləğdə borclu olması barədə sübutları tədqiq etməmişdir. Çünki məhkəmə cavabdeh tərəfin sübutlarını qəbul edərək, dinləməmişdir. Hər hansı bir möhtəbər sübuta istinad etməmişdir. Məhkəmə borcun hansı məbləğdə olmasını araşdırmamışdır

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tələbin təmin olunmuş hissəsində yoxlanılır. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1 köhnə redaksiyada).

18. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

19. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 3M-19 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000 manat borc almışdır.

20. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı borc almış, ayrılmış kredit məbləğinin razılaşdırılmış müddətdə qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri müəyyən edilmiş müddətdə və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmçinin, müqaviləyə görə cavabdeh borcunu xx.xx.2024-cü il tarixədək qaytarmalı olduğu halda qaytarmamış və bununla da iddiaçının əsas borca illik 5 faizlə hesablanmış 1.000 manatın cavabdehdən alınaraq ona verilməsi tələbi əsaslı hesab edilməlidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

22. Hazırda cavabdeh apellyasiya şikayətini borcun məbləğinin düzgün hesablanmaması ilə əsaslandırmışdır.

23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh borcu ödədiyinə dair sübutlarının olduğunu bildirsə də, həmin sübutları apellyasiya baxışı zamanı da təqdim etməmişdir. Bu isə apellyasiya şikayətinin formal, dəlillərinin isə şifahi mülahizələrdən ibarət olduğu mənasına gəlir.

24. Beləliklə, nə qədər ki, cavabdeh iddiaçı tərəfindən ona iddia olunan məbləğdə borc verildiyini mübahisələndirmir, belə olan halda iddiaçı həmin borcun mövcudluğunu sübut etmək yükündən azaddır. Mülki qanunvericilyin sübuetetmə ilə bağlı normalarına əsasən iddiaçıya borcunu qaytardığını sübut etmə yükü cavabdehə keçir. Cavabdeh isə iddiaçıya borcundan hər hansı məbləğ qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

26. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar