Məhkəmə qərarları › İş №2(103)-6259/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6259/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6259/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment, alimentin miqdarının dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10 dekabr 2024cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 07 avqust 2014-cü il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan 18 may 2012-ci il təvəllüdlü X8 və 22 may 2014-cü il təvəllüdlü X9 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli, 2(001)-7194/2015 saylı qətnaməsi ilə pozulmuş, uşaqların analarının yanında saxlanılması müəyyən edilmişdir.

2. Sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 saylı qətnaməsinə əsasən, həmin məhkəmənin 03 noyabr 2016cı il tarixli, 2(001)-13106/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 18 may 2012-ci il təvəllüdlü X4 və 22 may 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ataları Cavabdeh hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 2009-cu ildə faktiki nikaha daxil olmuş, 18 yaşı çatdıqda nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 saylı qətnaməsinə əsasən uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Hazırda uşaqlar onun yanındadırlar, onların maddi tələbatları günbəgün artır. Cavabdehin iddia ərizəsində göstərilən miqdarda aliment ödəməyə maddi imkanı vardır.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, o, iddianı qəbul etmir. Cavabdeh ondan ayrıldıqdan sonra başqa şəxslə ailə qurmuş, həmin evlilikdən iki uşaqları doğulmuşdur. İddiaçı “Hyundai” markalı avtomobil idarə edir, maddi imkanı yüksək səviyyədədir. O özü isə xeyli vaxtdır ki, heç bir yerdə işləmir. Əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş alimenti də qazi qardaşının əlilliyə görə təyin edilmiş pensiya ilə ödəyir. O, iddiaçı ilə ayrıldıqdan sonra özü də yenidən başqa şəxslə evlənmiş, yeni evliliyindən 5 yaşlı uşağı vardır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)- 5079/2017 saylı qətnaməsi ilə 18 may 2012-ci il təvəllüdlü X7 və 22 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün müəyyənləşdirilmiş alimentin miqdarının dəyişdirilərək artırılması və hər uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, bu qətnamə ilə müəyyənləşdirilmiş alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh mediasiya xərcləri kimi 40 (qırx) manat pulun alınaraq İddiaçı, dövlət rüsumu kimi 30 manatın isə alınaraq dövlət nəfinə ödənilməsi qət olunmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən m, cavabdeh ikinci dəfə ailə qurmuş və himayəsində 2019-cu il təvəllüdlü övladı vardır. Təbii ki, məhkəmə iddiaçı ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi cavabdehin ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşağının mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Lakin cavabdehin iddianın təminini istisna edən hal kimi 3-cü uşağının da olmasını, maddi vəziyyətinin aşağı olmasını – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyildir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən təmin edilməlidir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 100.2 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını, cavabdehin bildirdiklərinin əsassız olmasını, hər il uşaqlar üçün yaşayış minimumunun dəyişməsinə baxmayaraq, uzun illər aşağı məbləğdə aliment hesablandığını, lakin hazırda uşaqların böyüdükcə xərclərinin çoxlamasını, uşaqları tək böyütməsinin maddi cəhətdən mümkünsüz olmasını, cavabdehin sənətkar olduğunu, qazancının yaxşı olduğunu, cavabdehin qardaşının müharibə iştirakçısı olsa da, sağlamlığının qaydasında olduğunu “Tik-tok” sosial şəbəkəsində hesabının olduğu, gəlirlərinin yaxşı olduğunu və s. göstərmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehin uzun müddətdir usta kimi işlədiyini, müştərilərinin olduğunu, cavabdehin alimenti guya qardaşının pensiyası hesabına ödədiyini bildirsə də, bunun həqiqətə uyğun olmadığını, cavabdehin maddi imkanının yaxşı olduğunu, fiziki cəhətdən sağlamlığının qaydasında olduğunu, uzun müddət hər uşaq üçün 137 manat aliment hesablandığını, lakin uşaqların böyüdükcə maddi tələbatının çoxaldığını, iddiaçının uşaqları tək böyütməsinin maddi cəhətdən mümkün olmadığını, yığılıb qalan borcun iddiaçı tərəfindən bağışlandığını, hazırda isə cavabdehin də mənafeləri nəzərə alınmaqla hər uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün ümumilikdə 440 manat müəyyən olunmasını məqbul hesab etdiklərini və s. göstərmişdir.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

17. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir.

18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

20. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. AM-nin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursaç, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

24. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

32. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

37. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən – tərəflər arasında 07 avqust 2014-cü il tarixdə rəsmi nikah bağlanmış, həmin nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli, 2(001)-7194/2015 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)- 5079/2017 saylı qətnaməsi ilə, hər uşaq üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq 137 manat, cəmi 274 manat sabit pul məbləğində müəyyən olunmuşdur.

38. Birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən cavabdehin digər nikahdan olan uşağının olması halını və s. nəzərə almış, bu səbəbdən də hazırki iş üzrə alimentin miqdarını 175 manat müəyyən etmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.

40. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. (bax: 23-cü bənd).

41. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (bax: 24-cü bənd).

42. 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir (bax: 25-ci bənd).

43. Belə olan halda isə birinci instansiya məhkəmsinin müəyyən etdiyi 175 manat aliment azyaşlı uşaqların saxlanılması üçün kifayət qədər az olmaqla, qanunvericiliyin tələblərinə, eləcə də uşaqların üstün maraqlarına uyğun deyildir.

44. Bununla yanaşı, cavabdehin yenidən nikaha daxil olması, həmin nikahdan övladının olmasını halı özü-özlüyündə hazırki iş üzrə alimentin miqdarının kifayət qədər az məbləğdə müəyyən olunmasına qanuni əsas təşkil edə bilməz (həmçinin nəzərə alınmalıdır ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçının da yeni nikahdan iki azyaşlı övladı vardır).

45. Cavabdehin etirazında şikayətində göstərdiyi digər dəlillər (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir.

46. Eyni zamanda işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 nömrəli qətnaməsindən göründüyü kimi, digər iki uşağın saxlanılması üçün 137 manat aliment hələ 2017-ci ildə müəyyən olunmuş, həmin vaxtdan yeddi ildən çox müddət keçmiş, yaşayış minimumu, uşaqların saxlanılması üçün digər xərclər kifayət qədər artmışdır. Belə olan vəziyyətdə birinci instansiya məhkəməsinin hazırki iş üzrə də aşağı həddə aliment müəyyən etməsi düzgün olmamışdır.

47. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin qeyd edilən normalarının tələblərini, eləcə də uşaqların üstün maraqlarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının hər ay hər uşaq üçün sabit pul miqdarında 220 manat müəyyən edilməsi qanuni və ədalətlidir (eləcə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) aliment məbləğinin 220 manat müəyyən edilməsinə etirazlarının olmadığını bildirmişdir).

48. Eyni zamanda işdə olan sübutlar cavabdehin uşaqlarını saxlanılması üçün müvafiq aliment məbləğini ödəmək iqtidarında olmasını istisna etmir. Həmçinin, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün sabit pul miqdarında 220 manat müəyyən edilməlidir.

50. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (alimentin miqdarının artırılmış hissəsi hər uşaq üçün 83 manat, cəmi 166 manat təşkil etmişdir ki, bir il ərzində həmin ödəmələrin məcmusu 5000 manatdan az məbləğ təşkil edir). Bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz.

51. Belə ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPMin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4892/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 18 may 2012-ci il təvəllüdlü X3 və 22 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan (məbləği dəyişdirilmiş) alimentin miqdarı hər ay hər uşaq üçün sabit pul miqdarında 220 (iki yüz iyrimi) manat müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar