Məhkəmə qərarları › İş №2(103)-6260/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6260/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6260/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3088/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.04.2018-ci il təvəllüdlü X4 2019 və 2020-ci illər üzrə 24 ay müddətində saxlanması üçün dövlət tərəfindən 170 manat müəyyən edildiyindən yaranmış 240 manat, 2021 -ci il üçün 3 ay müddətində 175 manat müəyyən edildiyindən 45 manat, cəmi 245 manat borcun, 2021ci ildən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın saxlanılması üçün hər ay 300 manat əlavə xərclərin cavabdehdən onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01.03.2019cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, 07.04.2018-ci il təvəllüdlü X4 onun yanında qalması və onun saxlanılması üçün 22.10.2018-ci il tarixdən başlayaraq cavabdehdən 160 manat pul məbləğin tutulması qət oşlunmuşdur. 2019 və 2020-ci illər üzrə uşağın saxlanması üçün dövlət tərəfindən 170 manat, 2021-ci il üçün 175 manat müəyyən etdiyindən cavabdehin borcu alimentin ödənilmədiyi məbləğinin 300 manat təşkil edir. Ondan əlavə uşağın saxlanılması üçün ödənilən 160 manat uşağın təlabatını təmin ertmir və əlavə olaraq ən azi 300 manat tələb olunur. Cavabdeh əlavə xərclərin ödənilməsindən boyun qaçırdır. Cavabdeh özünə avtomaşın alıb. Lakin diqər şəxsin adına rəsmiləşdirib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3088/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 07.04.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Sərdar Mehrəliyev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3088/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə İddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş, 07.04.2018-ci il təvəllüdlü X4 anasının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.10.2018-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı cavabdehin ikinci həyat yoldaşı olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 21.11.2014-cü il tarixli, 2(041 )-652/2014 saylı qətnaməsinə əsasən birinci həyat yoldaşım X10 ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş övladları - 25.07.2004-ci il təvəllüdlü X2 və 11.09.2012-ci il təvəllüdlü X3 analarının yanında qalmaları və onların yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində, alimentin cavabdehdən alınaraq X13ma verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli, 2(007)- 4042/2016 saylı qətnaməsinə əsasən X7 cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, 27.05.2016-cı il tarixdən başlayaraq, övladları - 25.07.2004-ci il təvəllüdlü X2 və 11.09.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər bir üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin cavabdehdən X7 xeyrinə tutulması qət edilmişdir. İddiaçı X10 yenidən cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.07.2018-ci il tarixli, 2(003)-2888/2018 saylı qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. 04.04.2014-cü il tarixdən bu günə kimi “xxxx” QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Heydər Əliyev adına Beynəlxalq aeroportunda Yanğın təhlükəsizliyi və qəza xilasetmə Xidmətində yanğından mühafizə tədbirləri və qəza-xilasetmə işləri üzrə təlimatçı vəzifəsində çalışır və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 470 manat təşkil edir. Aldığı maaşdan başqa heç bir gəliri yoxdur. İddiaçı isə aliment almaqla yanaşı, tibb sahəsində işləyir, yaxşı qazancı vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli, 2(007)-4042/2016 saylı qətnaməsi üzrə birinci nikahdan anadan olmuş övladları: 25.07.2004-ci il təvəllüdlü X2 və 11.09.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimenti X8 ödəyir. Əgər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi 08.04.2021-ci il tarixli, 2(011)-3088/2021 saylı qətnaməsinə əsasən ikinci nikahdan anadan olmuş övladı: 07.04.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimenti İddiaçı ödəsə, ümumilikdə cavabdehdən tutulan alimentin miqdarı 409 manat təşkil edəcək, yəni aylıq maaşından cavabdehə çox cüzi məbləğ - 61 manat qalacaq ki, bu vəsaitə yaşamaq qeyri-mümkündür. Cavabdeh yaşlı, qoca, xəstə valideynlərinə də baxır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli Qərarının əsaslandırıcı hissəsində də göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlakının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. Qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Abdullayev cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.07.2018-ci il tarixli, 2(003)-2888/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsinə əsasən X7 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 21.11.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək Cavabdeh X7 xeyrinə 25.07.2007-ci il təvəllüdlü X2 və 11.09.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd olunan qətnamə ilə X7 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, 07.04.2018-ci il təvəllüdlü X4 anasının yanında qalması və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” QSC-nin 15.03.2021-ci il tarixli 56 saylı arayışından görünür ki, Cavabdeh 04.04.2014-cü il tarixdən hal-hazıradək “xxxx” QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Heydər Əliyev Beynəlxalq aeroportunda Yanğın təhlükəsizliyi və qəza xilasetmə Xidmətində yanğından mühafizə tədbirləri və qəza- xilasetmə işləri üzrə təlimatçı vəzifəsində işləyir və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 470 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb, tərəflərin izahatlarını dinləyib və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, uşağın mənafeyi, həmçinin cavabdehin əvvəlki nikahdan iki azyaşlı uşaqlarına görə alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarının olması, cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim olunmaması nəzərə alınaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 07.04.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan qanuni və əsaslıdır. Qeyd edilən məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. İddia tələbinin qalan hissədə əsassız olduğuna görə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Çünki iddiaçı uşağın saxlanması üçün əlavə xərclərə görə 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması zərurətini əsaslandırmamışdır və belə bir faktın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində hər ay 175 manat aliment ödəməyə imkanının olmamasını bildirmiş və bu halı əvvəlki nikahından olan uşaqları üçün də aliment ödəməsi ilə izah etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, uşağın mənafeyi nəzərə alındıqda, cavabdehin gətirdiyi əsas onu övladı üçün minimum məbləğdə aliment ödəmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3088/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar