Məhkəmə qərarları › İş №2(103)-6261/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6261/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6261/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı - ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan iş üzrə iddiaçı Bankın ləğvedicisi olan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında xx xxx 2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 4.002,53 ABŞ dolları məbləğində pulun Cavabdeh1 və sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. İddiaçı Bankın ləğvedicisi olan Fonda həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi, iddia ərizəsinin qaytarılması barədə qərardadda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 152.1.6-cı maddəsinə istinadən qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlərin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı cavabdehin məlumatlandırılmasını, məlumatlandırıldığı halda, cavabdeh ilə Bank arasında yeni şərtlərlə müqavilənin bağlanmasını təsdiq edən sübutlar təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən yanaşması səhvdir. Belə ki, xx.xx.2019-cu il tarixli Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixədək olan müddət müəyyən edilmişdir. Cavabdehlərə qarşı irəli sürülmüş hazırki iddia isə xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən”, habelə Bank və iş üzrə digər Cavabdeh2 arasında bağlanmış eyni tarixli “Zaminlik müqaviləsindən” irəli gələn münasibətlərin Fərmanın təsiri altına düşüb-düşməməsi iddia ərizəsinin qaytarılması üçün əsaslı deyil. Çünki pretenziya qaydasına riayət edilməsi imkanı artıq mövcud deyil. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad səhvdir, bu səbəbdən də qərardad ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi olan X1 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “iddia ərizəsinin geri qaytarılması barədə” xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar