Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6264/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının nümayəndəsi Hüseynov Arif Valeh oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 №-li kredit müqaviləsinə əsasən görünür ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1023 manat məbləğində kredit vermişdir.
2. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına 24 noyabr 2014-cü il tarixdə 1023 manat məbləğində pul köçürülmüşdür.
3. 17.11.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə Banka 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat manat məbləğində borcu vardır.
4. 15.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 3 gün müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat məbləğində borcun və 37,20 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1023 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat məbləğində borcu qalmışdır. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e2(010)-5865/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(010)-5865/2019 saylı qərardadında müvafiq fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur.
7. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia müddəti ötdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368, 372.1, 372.2, 373.2, 375.2, 376, 379, 377.2, 399.3, 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. QSC“Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu i l tarixdə Suraxanı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5865/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələrimiz həmin dövr ərzində təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5865/2019 saylı qərardadında fərmanın tətbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tətbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən tərəfimizdən məhkəməyə ancaq xx.xx.2023-cü il tarixdə yenidən müraciət edilmişdir. Son olaraq bildiririk ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, xx.xx.2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 saylı kredit müqaviləsində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Yuxarıda sadalananlara əsasən, Suraxanı Rayon Məhkəməsi, mübahisənin həllində mühüm əhəmiyyəti olan faktları tam aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-in nümayəndəsi Hüseynov Arif Valeh oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür;
19. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
20. Maddə 448.1 əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
21. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
22. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Maddə 368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
25. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
26. Maddə 372.1 bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
27. Maddə 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
28. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
29. Maddə 377.2 icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;
30. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
31. Maddə 380.1 müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 №-li kredit müqaviləsindən görünür ki, borcluya verilən kreditin müddəti 24 ay müddətinə müəyyən olunmuş və kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin edilmişdir.
45. Tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti xx.xx.2016- cı il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur.
46. İddiaçı ilə cavabdeh arasında müqavilə 20 noyabr 2014-cü il tarixdə bağlandığından və müqavilənin icra müddəti 20 noyabr 2016-cı il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixdən sonrakı gün, yəni xx.xx.2016-cı il tarixdən başlamışdır.
47. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(010)- 5865/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(010)-5865/2019 saylı qərardadında müvafiq fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur.
48. Məhkəmə kollegiyası iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində istinad etdiyi faktla bağlı qeyd edir ki, məhkəmənin qərardadında qeyd olunan halın bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunsa da, bu hal, iddiaçının istənilən zaman iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas yaratmır. Belə ki, iddia ərizəsində iddiaçının özünün qeyd etdiyi məlumatlardan görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göründüyü kimi kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulduğunu artıq xx.xx.2020-ci il tarixdən bildiyi halda, yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 3 il 1 ay sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür.
49. Kollegiya vurğulayır ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.
50. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.