Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6267/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3152/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiyaya dair xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(001)- 3152/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-622/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası MPM-nin 133,362-364-cü maddələrinin tələblərinə əməl edilməsi üçün, apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3152/2024 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(001)-3152/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmış və cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş tələblərə riayət edilərək prosessual müddətin bərpası haqqında ərizə ilə birlikdə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və apellyasiya şikayəti poçt vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3152/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3152/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş 15 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3152/2024 saylı qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(001)- 3152/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3152/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilərək, onun xx.xx.2024-cü il tarixdə aldığı qərardaddan 10 gün müddət ərzində, yəni xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinin əsaslı, qanuni olduğunu, apellyasiya şikayətinin yeni formasına MPM-nə əlavə 2-yə uyğun tərtib edildiyini, asan imza ilə imzaladığını, elektron kabinetə yüklənildiyini nəzərə alaraq, apellyasiya şikayətinin mümkün sayılmasını, icraata qəbul edilməsini, tam, hərtərəfli və obyektiv araşdırılaraq, şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3152/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərəzli, əsassız, qanunsuz qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, habelə qətnamədən verdiyi apellyasiya şikayətinin icraata qəbul olunmasına dair ədalətli, əsaslı və qanuni yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(001)- 3152/2024 saylı qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin verilmiş apellyasiya şikayətinin formasına diqqət yetirdikdə görünür ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-nin 6-cı bəndinə əsasən, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;https://eqanun.az/framework/46945 - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3152/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3152/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6267/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6267/2024
24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver