Məhkəmə qərarları › İş №2(103)-6267/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6267/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6267/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-4809/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmü ilə X1 Azərbaycan Respublikasının CM-in 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə, X7 Azərbaycan Respublikasının CM-in 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə,X10 Azərbaycan Respublikasının CM-in 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə, X4 Azərbaycan Respublikasının CM-in 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1-1(103)-38/2024 nömrəli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-1(102)-43/2025 nömrəli qərarı ilə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Hökmə əsasən, .... İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 08 may N-ci il tarixdən 1 iyun N-ci il tarixədək, cəmi 24 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız tərxis olunması ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.

4. Hökmdə həmçinin qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2016-cı il tarixli, 252 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının tuşlayıcı-minaatanı vəzifəsinə təyin edilməklə şəxsi heyətinin siyahsına və bütün növ təminatlara daxil edilmişdir. Həmin hərbi hissə komandirinin N may N-ci il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı hərbi hissənin tutduğu vəzifədən və şəxsi heyətin siyahsından çıxarılmaqla qeydiyyatda durması üçün SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilmişdir. O, xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respbulikası vətəndaşı olmaqla Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatdadır.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1793/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 12.000 manatın ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı məxsus AO seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.N-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.500 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı il tarixdə Sabirabad rayon hərbi komissarlığına müraciət etdikdən sonra N hərbi hissədə N gün kurs keçmiş və həmin ilin sentyabr ayından etibarən müddətdən artıq xildmət edən hərbi qulluqçu kimi Goranboy rayonu İncəçay kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin İİ taborunun Vİ bölüyünün İİ tağımında 199 nömrəli postda 60 mm-lik mina atan komandiri vəzifəsində xidmətə başlamışdır. Gündəlik iş fəaliyyəti ona təhkim olunmuş, postda olan minamyotun yanında xidmət apararaq veriləcək hər hansı bir əmri icra etmək, həmçinin həmin minamyotun saz vəziyyətdə saxlanılmasından ibarət olmuşdur. Əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 08 may N-ci il tarixdə axşam saatlarında dəstənin üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzinə gətirilərək otaqlardan birinə yerləşdirilmiş həmin hərbi hissənin hərbi hissənin 2-ci tabor 6cı bölük 1-ci tağımda tuşlayıcı minaatan vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində,əsgər hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzindəki inzibati binalarda İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlıetirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqətialçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlışəkildə, qeyd edilən yerdə,əlləriniarxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixizor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuzəməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyiəməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək isə N nömrəli hərbi hissəninYevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəlişəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtıməhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 08 may N-ci il tarixdən 1 iyun N-ci il tarixədək,cəmi 24 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız tərxis olunması ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləriçağırıb törədilməsiehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktikivəzifələrini icra edən vəzifəlişəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur İ ıçaidḋ ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixində 3 illik müqavilə bağlayaraq xidmətə başlamışdır. N- ci ildə Tərtər hadisələriçərçivəsində saxlanılan zaman N may N-ci il tarixində hərbidən tərxis edilmişdir. Faktiki olaraq 01 iyun N-ci il tarixindən N sentyabr 2019- cu il tarixinə kimimüqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarılıb və faktiki olaraq 27 ay müddətində əmək haqqından məhrum edilib. N-ci il üçün iddiaçının orta əmək haqqısı 850 manat təşkiledib. Həmçinin 27 ay üçün nəzərdə tutulan maddi yardım, və 13-cü ödənişi də almayıb. 27 ay (xx.xx.N-xx.xx.2019) *850=22.950 manat, 2.550 manat digər əlavələr (maddi, maaşa əlavə, 13-cü ödənişlər və sair). İddiaçı ona vurulmuş maddi zərərin əvəzi olaraq 25.500 manat məbləğində qiymətləndirir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 4809/2025 nömrəli tarixli qətnaməsi ilə (hakim G.S.Fərəcova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 20.493 manat məbləğində pulun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1-1(093)-7/2024 saylı hökmünün 151-cı səhifəsində qeyd olunanlardan görünür ki, İddiaçı qanunsuz və əsassız olaraq işdən azad edilmişdir (hökm səh. 5).

11. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə artıq müəyyən olunmuşdur ki, “N nömrəli hərbi hissə komandirinin N sentyabr 2016-cı il tarixli, 252 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının tuşlayıcı-minaatanı vəzifəsinə təyin edilməklə şəxsi heyətinin siyahsına və bütün növ təminatlara daxil edilmişdir. Həmin hərbi hissə komandirinin N may N-ci il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı hərbi hissənin tutduğu vəzifədən və şəxsi heyətin siyahsından çıxarılmaqla qeydiyyatda durması üçün SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilmişdir” (hökm səh.1177).

12. İş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi N-ci il üzrə iddiaçının orta aylıq əmək haqqı 759 manat təşkil etmişdir (aylıq karta köçürülən vəsaitlərin cəminin həmin ayların sayına nisbətinə uyğun olaraq, orta aylıq gəlir müəyyən etməklə). İddiaçı isə artıq xx.xx.N-ci il tarixdə işdən çıxmaqla (müqaviləyə əsasən xx.xx.2019-cu il tarixədək) faktiki olaraq 27 ay əmək haqqı ((759x27)=20493 manat məbləğindən məhrum olmuşdur. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyindən maddi ziyan hissəsində iddia qismən təmin edilməklə iddiaçıya vurulan 20.493 manat məbləğində maddi ziyanın əvəzi ödənilməlidir.

13. Eyni zamanda məhkəmə cavabdehin etirazına münasibətdə bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, dövlətin adından dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması hüquq normalarının pozulmasına səbəb olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1, 1101.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. İddiaçı maddi zərərin ödənilməsi barədə tələbini onunla əsaslandırır ki, xx.xx.2016-cı il tarixdə 3 illik müqavilə bağlayaraq xidmətə başlayıb, sonradan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissədə tutduğu vəzifədən və şəxsi heyətin siyahsından çıxarılmışdır. Beləliklə, 01 iyun Nci il tarixindən N sentyabr 2019-cu il tarixinə kimi müqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarıldığından əmək haqqından məhrum edilib. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə səlahiyyətli şəxs tərəfindən müvafiq əmr verilib. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirməyib. Əgər iddiaçı hesab edirsə ki, həmin əmrin verilməsi nəticəsində maddi zərər çəkib, belə halda əmri mübahisələndirməklə maddi zərərin əvəzinin ödənilməsi üçün əmrin verilməsinə görə məsuliyət daşıyan quruma qarşı iddia verə bilər. Hazırda isə sözügedən əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edirik ki, Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş maddi zərərin əvəzinin ödənilməsi barədə hazırkı tələb əsassızdır. Məlumat üçün qeyd edirik ki, bir sıra analoji məhkəmə qərarları, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi də Maliyyə Nazirliyinin bu mövqeyini dəstəkləməkdədir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarının nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol-qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

25. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin hökmlə iddiaçıya 24 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır.

26. Bunun nəticəsində vurulmuş mənəvi zərərlə bağlı iddiaçı məhkəmədə iddia qaldırmış və onun iddiası qismən təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya vurulmuş mənəvi zərərə görə 12.000 manatın ödənilməsi qət edilmişdir.

27. İddiaçı bildirir ki, ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu kimi xidmətdə olmuş, xx.xx.2016-cı il tarixində 3 illik müqavilə bağlayaraq xidmətə başlasa da, N-ci ildə Tərtər hadisələri çərçivəsində saxlanılan zaman xx.xx.N-ci il tarixində hərbidən tərxis edilmiş, faktiki olaraq xx.xx.N-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi müqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarılmış, vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq törədilən hüquqazidd hərəkətlər nəticəsində birbaşa maddi zərər vurulmuşdur.

28. Yuxarıda istinad olunan hökmdən müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş və şəxsi heyətin siyahsından çıxarılmışdır.

29. Göründüyü kimi, iddiaçının vəzifədən azad edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli şəxsi tərəfindən verilmiş müvafiq əmr əsasında həyata keçirilmiş, iddiaçı isə həmin əmrin qanuniliyini mübahisələndirməmişdir.

30. Əgər iddiaçı hesab edirsə ki, həmin əmrin verilməsi nəticəsində maddi zərər çəkib, belə halda əmri mübahisələndirməklə maddi zərərin əvəzini ödənilməsi üçün əmrin verilməsinə görə məsuliyət daşıyan dövlət qurumuna, yəni Müdafiə Nazirliyinə qarşı iddia verə bilər.

31. Odur ki, onun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hazırki iddia tələbi təmin edilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 4809/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar