Məhkəmə qərarları › İş №2(103)-627/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-627/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-627/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-627/2025 (Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X23 və X15 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2034/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 280463 manat zərərin və 513.42 manat dövlət rüsumunun, cəmi 280976,42 manat vəsaitin cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində mənzil almaq üçün maraqlanan ərəfədə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən ərazidə Cavabdeh2 MTK-nın inşa etdiyi binada mənzil almaq qərarına gəlmişdir. MTK ilə aralarında bağlanan 14 fevral 2019-cu il tarixli ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqdan ibarət C04 saylı mənzili 108.273 manata almış və pulu bütöv şəkildə şirkətə ödəmişdir. Sonra həmin binadan 2-ci mənzil almaq qərarına gələrək 05 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr olan 4 otaqdan ibarət B03 saylı mənzili 172.190 manata almışdır. Hazırki vaxtadək aldığı mənzillər ona təhvil verilməmiş, oxşar hallarla bağlı cinayət işi açılmış və o, da zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət təqibi qaydasında müəyyən edilmişdir ki, Cavabdeh2 MTK-nın icraçı direktor vəzifəsində işləmiş Cavabdeh4 və Cavabdeh2 MTK-ya faktiki rəhbərliyi həyata keçirmiş Cavabdeh3 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Cavabdeh4, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X30 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 MTK-nın 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə və vəzifə təlimatına əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyəuçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və təsisçisi olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük, yəni özləri üçün qazanc, MTKnin isə yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və satışı sahəsində nüfuz, maliyyə vəsaitlərinin hesabına əlavə işlərin görülməsində ifadə olunan fayda, əldə etmək məqsədilə tanışı və kooperativə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh3 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sifarişçi qismində "xxxx" MMC ilə ünvan 2 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işlərinin icrasına faktiki olaraq 2018-ci ilin yanvar ayından başlayaraq tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, əlbir olduğu Cavabdeh3 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri-mənzillərin, qeyriyaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarının bir qismini şəxsən, digərlərinin isə istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 142 müqavilə üzrə müxtəlif ölçüdə yaşayış və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə, o cümlədən, həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzili 108.273 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncuya satmaqla, İddiaçı məxsus 108.273 manat məbləğində əmlakını, ümumilikdə qeyd edilən qaydada 142 müqavilə üzrə 114 nəfərə mənzil və qeyri-yaşayış sahəsinin satışı üzrə əldə etdiyi cəmi 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğində pul vəsaitini Cavabdeh3 ilə arasında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh3 T əmraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 114 nəfərə məxsus ümumilikdə 18.070.525,85 manat məbləğdə pul vəsaitini ələ keçirib vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh3 T əmraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə qeyd edilən 114 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Həmçinin Cavabdeh3, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X30 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 MTK-nin faktiki rəhbəri vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə və vəzifə təlimatına əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyəuçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və faktiki rəhbəri olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük, yəni özləri üçün qazanc, MTK-nin isə yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və satışı sahəsində nüfuz, maliyyə vəsaitlərinin hesabına əlavə işlərin görülməsində ifadə olunan fayda, əldə etmək məqsədilə tanışı və kooperativin 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləyən Cavabdeh4 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sifarişçi qismində "xxxx" MMC ilə ünvan 2 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işlərinin icrasına faktiki olaraq 2018-ci ilin yanvar ayından başlayaraq tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, əlbir olduğu Cavabdeh4 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədlərimənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarının bir qismini Cavabdeh4 tərəfindən, digərlərinin isə istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, müəssisənin möhürünü birbaşa olaraq Cavabdeh4 vasitəsi ilə sənədə vurub möhürləməklə təsdiq edərək qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 142 müqavilə üzrə müxtəlif ölçüdə yaşayış və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə, o cümlədən, həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzili 108.273 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncuya satmaqla, İddiaçı məxsus 108.273 manat məbləğində əmlakını, ümumilikdə qeyd edilən qaydada 142 müqavilə üzrə 114 nəfərə mənzil və qeyri-yaşayış sahəsinin satışı üzrə əldə etdiyi cəmi 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğində pul vəsaitini Cavabdeh4 ilə arasında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 114 nəfərə məxsus ümumilikdə 18.070.525,85 manat məbləğdə pul vəsaitini ələ keçirib vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə qeyd edilən 114 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa Cavabdeh2 MTK-nın təsisçisi və sədri vəzifəsində işləmişCavabdeh1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Cavabdeh1, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X30 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 MTK-nın 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi və digər səlahiyyətlərə malik kooperativin fəaliyyətinə cari rəhbərliyin həyata keçirilməsi və operativ idarə edilməsi ilə əlaqədar təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və təsisçisi olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük əldə etmək, yəni Cavabdeh2 MTK-nın 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən işlədiyi müddət ərzində istintaqa məlum olmayan şəxslər ilə alqı-satqısı həyata keçirilmiş yaşayış və qeyri-yaşayış sahələrinin başqa şəxslərin adlarına rəsmiləşdirilməsi və alınmış malmateriala görə yaranmış borc öhdəliklərinin tanınması barədə müraciətlərinin rəsmiləşdirilməsi məqsədi ilə sifarişçi qismində "xxxx" MMC ilə qeyd olunan yaşayış binalarının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində rəsmi sənədləri-mənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarını imzalayıb, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub təsdiq etməklə qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyri-yaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləşdirmə aparmaqla, o cümlədən, həmin binanın B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzili 172.190 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncunun adına rəsmiləşdirməklə, ümumilikdə qeyd edilən 16 nəfərə münasibətdə cəmi 3.321.520,8 manat (üç milyon üç yüz iyirmi bir min beş yüz iyirmi manat səksən qəpik) dəyərdə mənzil və qeyri-yaşayış sahəsinin qeydiyyatına və malmaterial alışına dair 18 müqavilə üzrə rəsmiləşdirməni qanunsuz əsaslarla həyata keçirməklə, həmin 16 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 4 - 35 səh.). Cinayət işinin materiallarında olan Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışından görünür ki, C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzilə görə sonuncu tərəfindən 108.273 manat pul vəsaiti kooperativə ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 126 səh.). Cinayət işinin materiallarında olan Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışından görünür ki, B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzilin 172.190 manata sonuncu tərəfindən alınması rəsmiləşdirilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 133 səh.). İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxslər Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 həmin Məcəllənin 308.1 -ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayət- hüquqi tədbirlərin tətbiq edilməsinə nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını və onların təqsirlərini tam sübuta yetirilmiş hesab edilir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 146 səh.). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Cinayət işi üzrə tərəfimdən mülki iddia verilməmişdir. Hökmlə mülki idda verməmiş zərərçəkmiş şəxslərə mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 147, 163 səh.). Göründüyü kimi Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 cinayət əməllərini törətməklə ona cəmi 280463 manat zərər vurmuşlar.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2034/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməsi, 280.463 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 513,42 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 385.1, 386.1, 442, 1113.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.4, 88, 106.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Bəhrəm oğlu, Cavabdeh2 MTK-nın sədri olmuş, lakin MTK-nın idarəçiliyində iştirak etməmiş, mənzil satmamış və iddiaçıdan heç bir vəsaiti qəbul etməmişdir. Cavabdeh1 həmin dövrdə Formula-1 yarışlarının keçirildiyi Bakı Şəhər Halqasında X14 MTK-nın idarəçiliyini icraçı direktor Cavabdeh4 həvalə etmişdir. Lakin həmin dövrdə icraçı direktor digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MTK-da mənzil satışları barədə məlumatı olmamışdır. Cavabdeh1 MTK-da baş verən qanunsuzluqlar barəsində məlumat aldıqdan sonra MTK-nın ofisinə gəlmiş və qanunsuz satılan mənzillərlə bağlı müvafiq araşdırma aparmışdır. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, İddiaçı qeyd olunan mənzilləri MTK-dan yox, MTK-nı tikinti materialları ilə təmin edən X32 adlı şəxsdən almış və iddia etdiyi 280976,42 manatı MTK-ya yox, bir başa Sadiq Abbasova ödəmişdir. Bundan sonra formal olaraq MTK-dan müqavilə və maliyyə arayışı almışdır. Əgər iddiaçı pulu MTK-ya ödəsəydi, pulun ondan qəbulu barədə kassa mədaxil orderinin qəbzi ona təqdim olunardı. Həmçinin müəssisədə satış meneceri vəzifəsində işləmiş X16 tərəfindən verilən arayışa əsasən İddiaçı MTK-da mənzillər Sadiq Abbasov tərəfindən satılmışdır. Sadiq Abbasov iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi zamanı şahid qismində dindirilmişdir. Sadiq Abbasov məhkəmədə şahid qismində dindirilən zaman, iddiaçının da mənzili daxil olmaqla MTK-da mənzillərin onun tərəfindən iddiaçı və digər şəxslərə satıldığını etiraf etmişdir. Bu halda iddiaçı dəymiş ziyanı Sadiq Abbasov və Cavabdeh4 tələb etməli idi. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarında Cavabdeh1 tərəfindən İddiaçı zərər vurulması öz əksini tapmamışdır və Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmündə, Bakı Apellyasiya Məhkəməsinin qərarında zərəçəkmiş şəxsin ziyanının Cavabdeh1 tərəfindən ödnilməsi barədə öhdəlik qoyulmamışdır. Eyni zamanda 1-ci Bakı Ağır Cinayətlər Məhkəmisinin hökmü qanuni qüvvəsini almadığı halda həmin məhkəmə hökmünə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki qətnamə qəbul edildiyi dövrdə hökm üzrə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş, 1-ci instansiya məhkəməsi mülki iş üzrə icraatı dayandırmaq əvəzinə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavadehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyindən, qətnamə yalnız iddianın ona münasibətdə olan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə Cavabdeh1 münasibətdə qismən ləğv edilməlidir.

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsini düzgün araşdırmamış, nəticədə maddi və prosessual normaların pozuntusuna yol vermişdir.

29. Apelyator öz mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli hər iki müqavilənin bağlanmasının ona aiddiyatı olmamış, onun tərəfindən iddiaçıya hər hansı maddi zərər verilməmişdir.

30. Kollegiya hesab edir ki, apelyatorun mövqeyi qismən, yəni İddiaçı ilə bağlanmış 14 fevral 2019-cu il tarixli, C-228/16 saylı müqaviləyə münasibətdə əsaslıdır.

31. Belə ki, Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, C228/16 saylı müqavilədən görünür ki, Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqdan ibarət C04 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (108.273 manat) Kooperativə ödənilməsini öhdəsinə götürür.

32. Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, B-004/03B saylı müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr olan, 156.50 kv/metr izolə olunmuş, 4 otaqdan ibarət B03 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (172.190 manat) Kooperativə ödənilməsini öhdəsinə götürür.

33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(101)- 87/2023 saylı hökmündən görünür ki, Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzilə görə sonuncu tərəfindən 108.273 (bir yüz səkkiz min iki yüz yetmiş üç) manat pul vəsaiti kooperativə ödənilməsi, həmçinin hökmə əsasən Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzilin 172.190 (yüz yetmiş iki min yüz doxsan) manata sonuncu tərəfindən alınmasının rəsmiləşdirilməsi qeyd edilmişdir.

34. Bundan əlavə hökmə əsasən təqsirləndirilən şəxslər Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 MTK barəsində CMnin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını və onların təqsirlərini tam sübuta yetirilmiş hesab edilərək, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh4 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 13 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 18 mart 2021-ci il tarixdən hesablanması və barəsində xüsusi müsadirə tətbiq edilməsi, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh3 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 13 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 27 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və barəsində xüsusi müsadirənin tətbiq edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı 18 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində "həbs” qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 məhkəmə zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxansına göndərilməsi və barəsində xüsusi müsadirə tətbiq edilməsi, Cavabdeh2 MTK hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edilməsi və əlavə cinayət-hüquqi tədbir qismində iki yüz min manat miqdarında cərimə təyin edilməsi, cinayət işi üzrə ekspertiza təhqiqatının dəyəri 140 manat manat təşkil edir. Həmin məbləğ Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 hər birindən 46 manat 66 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, zərərçəkmiş şəxslər X3 50.301 manat əldən çıxmış fayda, X8 38.412 manat əldən çıxmış fayda, 100.000 manat mənəvi zərər, X4 56.822 manat əldən çıxmış fayda, X9 35.211 manat əldən çıxmış fayda, 100.000 manat mənəvi zərər, X1 2.000 manat mənəvi zərər, X10 100.000 manat əldən çıxmış fayda, X7 59.241 manat əldən çıxmış fayda, 20.000 manat mənəvi ziyan, zərərçəkmiş şəxs X5 hüquqi varisi X11 2.000 manat mənəvi ziyan, X12 39.630 manat əldən çıxmış fayda, X6 müdafiəçiyə hüquqi yardım üçün ödədiyi 500 manat, X17 10.000 manat mənəvi ziyan, X18 15.000 manat mənəvi ziyan, X2 mənəvi zərər olan 15.000 manat, X19 mənəvi zərər olan 15.000 manat, X20 mənəvi zərər olan 2.000 manat, X13 Azərbaycana gəib-getdiyi təyyarə pulu 2571 ABŞ dolları və 727 evro, X21 2019-cu ildə bugünədək yaşamaq üçün kirayə ödədiyi 40.000 manat, mənəvi zərərərə görə 30.000 manat tələbi barədə mülki iddaları araşdırma tələb etdiyindən həmin zərərçəkmiş şəxslərə mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilməklə mülki iddalarının həmin hissələri baxılmamış saxlanılması hökm edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən hökm cəzanın təyin edilməsi, o cümlədən mülki iddia ilə bağlı hissələrdə dəyişdirilmiş, nəticə etibarilə təqsirləndirilən şəxslərin mübahisəyə aidliyi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır.

36. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən məhkəmə aktlarının məzmunundan da göründüyü kimi İddiaçı ilə xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli və xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli iki müqavilə bağlansa və nəticədə ona və hökmlə zərərçəkmiş şəxs qismində tanınan digər şəxslərə qarşı cinayət əməli törədilsə də, həmin müqavilələrin heç də hər ikisi hazırki iş üzrə Cavabdeh1lə bağlanmamışdır.

37. Belə ki, hazırda qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə İddiaçı ilə Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 arasında bağlanmış, sonuncu öz cinayət əməlində Cavabdeh3 adlı şəxslə əlbir olmuş və buna görə cinayət məsuliyyətinə cəlb edilmişdir.

38. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquqi məsuliyyət daşıyan şəxs məhz delikti törədən şəxs olduğundan, xx.xx.2019-cu iı tarixli müqavilə üzrə iddiaçıya dəymiş 108.273 manat zərərin cavabdehlərdən Cavabdeh1 tutulması əsassız olmuşdur.

39. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

40. Kollegiya digər, yəni xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə üzrə iddiaçıya dəymiş zərərin Cavabdeh1 tutulmasının əsassız olmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, yuxarıda adı çəkilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin şəxslərdən biri də aralarında xx.xx.2019cu il tarixli, B-004/03B nömrəli müqavilə bağlanmış hazırki iş üzrə İddiaçıdur və sonuncu tərəfindən Cavabdeh1 sözügedən müqavilənin dəyəri kimi 172.190 manat ödənilmişdir.

41. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

42. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

43. Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Cavabdeh1 yuxarıda adı çəkilən məhkəmə qərarlarından da göründüyü kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digər təqsirləndirilənlərlə (indiki halda digər cavabdehlər) birgə bir sıra şəxslərin, o cümlədən iddiaçının hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq dəymiş zərərin məbləği kimi 172190 manatı digər cavabdehlərlə müştərək qaydada iddiaçıya ödəməlidir və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

45. Məhkəmə kollegiyası apelyatorun birinci instansiya məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni qüvvəyə minmədən ona istinad edilməsi barədə mövqeyinə münasibətdə qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı həmin hökmün qanuni qüvvəsi məsələsinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hökmün sadəcə cəzanın təyini, mülki iddia və s. hissələrdə dəyişdirilməsini, yəni təqsirləndirilən şəxslərin həmin hadisəyə aidliyi hissədə qüvvədə qaldığı müəyyən edilmişdir.

46. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2034/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə müştərək qaydada tutulacaq 280.463 manat məbləğin Cavabdeh1 münasibətdə 108.273 manat pulun və 198.21 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Yekun olaraq Cavabdeh1 digər cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 ilə müştərək qaydada İddiaçı xeyrinə tutulacaq məbləğin miqdarı 172.190 manat həcmində müəyyən edilməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2034/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə müştərək qaydada tutulacaq 513.42 manat dövlət rüsumunun 198.21 manat hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, yekun olaraq Cavabdeh1 digər cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 ilə müştərək qaydada İddiaçı xeyrinə tutulacaq iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği 315.21 manat müəyyən edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onu ödəyən şəxsin özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2034/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə müştərək qaydada tutulacaq 280.463 manat məbləğin və 513.42 manat dövlət rüsumunun Cavabdeh1 münasibətdə 108.273 (yüz səkkiz min iki yüz yetmiş üç) manat pulun və 198.21 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar